• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Azərbaycan bu incə tələyə hələ ki düşmək fikrində deyil” – Müsahibə

“Azərbaycan bu incə tələyə hələ ki düşmək fikrində deyil” – Müsahibə

Publika.az-a müsahibəsində Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hərbi qarşıdurmanı, Rusiyanın regionla bağlı maraqları və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ətrafındakı vəziyyəti dəyərləndirib.

-Azərbaycan ordusunun dünən verdiyi itki atəşkəş rejimi dövründə ən böyük itki hesab olunur. Cəbhə xəttində vəziyyətin gərginləşməsi nə ilə bağlıdır?

- Atəşkəs rejimi artıq öz hüquqi əsasını itirib. Bundan sonra isə hər an müharibənin başlanması realdır. Son hadisələr də erməni ordusunun qüdrətini göstərən amil deyil. Bu regional güclərin konkret maraqlarına hesablanan siyasi hadisədir, nəinki hərbi təxribat. Hesab edirəm ki, son hadisələr də Rusiyanın birbaşa təzyiqi və diktəsi ilə baş verir. Rusiya hazırda çox çətin vəziyyətdədir və demək olar ki, küncə sıxışdırılıb. ABŞ və Avropa Birliyinin qəbul etdiyi sanksiyaların dövriyyəyə girməsi çox yaxın zamanda özünü Rusiya iqtisadiyyatında göstərəcək. Belə olan halda isə Rusiyanın aqressiv davranışını proqnozlaşdırmaq olmur. Rusiya nə ABŞ-a, nə də Avropaya qarşı ciddi sanksiyalar qəbul etmək iqtidarında olmadığı üçün regionda məhz həmin güclərin geosiyasi maraqlarını vura biləcək addımlar ata bilər. Bu addımlar postsovet məkanının istənilən ölkəsində, eyni zamanda Cənubi Qafqaz ölkələrində ola bilər. Qarabağ cəbhəsində baş verən hadisələri də bu konteksdə dəyərləndirmək lazımdır. Qarşıdurma cəbhəsi təkcə Ukrayna ilə məhdudlaşmayacaq, eyni zamanda Cənubi Qafqaza, o cümlədən Qarabağ cəhbəsinə sirayət edəcək. Azərbaycan dövləti, bütövlükdə cəmiyyət bu cür hərbi təxribatlara hazır olmalıdır.

-Rusiyanın aqressiv hərəkətlərinin proqnozlaşdırılmasının mümkün olmadığını qeyd etdiniz. Ümumiyyətlə, sizin hansı versiyanız var, Rusiya Dağlıq Qarabağla bağlı təxribat xarakterli addımlarını hansı həddə kimi inkişaf etdirə bilər?

-Rusiyanın indiki məqamda Qarabağda böyük bir savaşı başlatmasını düşünmürəm. Çünki, regionda böyük bir savaşın başlaması Rusiyanın maraqlarına uyğun olmazdı. Əks halda, Rusiya seçim qarşısında qalacaq. Rusiya təbii ki, strateji müttəfiqi olan Ermənistanı müdafiə etməlidir. Müharibənin yalnız Dağlıq Qarabağla məhdudlaşacağını da düşünmürəm. Müharibə eyni zamanda Azərbaycan-Ermənistan sərhədində baş verəcək və bu Rusiyanın prosesə müdaxilə etməsi üçün hüquqi əsas verəcək. Bu da eyni zamanda digər regional gücləri hərəkətə gətirəcək. Ən azından Türkiyə və Türkiyənin üzv olduğu NATO-nun prosesə qatılmasına rəvac verə bilər. ABŞ Ukrayna hadisələrindən sonra Avropa Birliyi ilə assosiativ saziş imzalayan ölkələrin özünün müttəfiqi elan edilməsi barədə konkret qərar qəbul edib və qərar iki oxunuşdan keçib. Üçüncü oxunuşda isə Azərbaycanın adının da müttəfiqlər siyahısına salınması barədə təkliflər var. Yeni bir müharibənin başlanması Azərbaycanın Ukrayna kimi Rusiya üçün birdəfəlik itirilməsinə səbəb ola bilər. Bu Rusiyanın Avrasiya İttifaqı modelinin üstündən birdəfəlik xətt çəkilməsi deməkdir. Nəticədə Gürcüstan və Azərbaycandan çıxan Rusiya Ermənistanda uzun müddət qala bilməyəcək. Artıq Ermənistanın başı üzərində də qara buludlar var. Ola bilsin ki, bu ölkədə də vəziyyət yenidən qarışdırılsın. Rusiya da bunu anlamamış deyil və bilir ki, Azərbaycan tamamilə itiriləndən sonra Ermənistanı da əldə saxlamaq mümkün olmayacaq. Bu isə gələcəkdə Rusiyanın nəinki Cənubi Qafqazdan, bütövlükdə Qafqazdan çıxarılmasına rəvac verəcək. Sadəcə olaraq, qısamüddətli hərbi təxribatlarla Rusiya Azərbaycana təzyiq etmək istəyir. Məqsəd isə Azərbaycanın Rusiya istiqamətində konkret qərarlar qəbul etməsinə nail olmaqdır. Yəni, Azərbaycan Avrasiya İttiifaqına üzvlüklə bağlı qərar versin, Dağlıq Qarabağ və ətrafındakı rayonlarda rus qoşunlarının yerləşdirilməsinə razı olsun, eyni zamanda bəzi suveren hüquqlardan imtina etsin. Çünki, Avrasiya İttifaqına daxil olmaq bəzi suveren hüquqlardan imtina anlamına gəlir. Təmas xəttində baş verənlərin kökündə də duran amil məhz budur.

-Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili ilə bağlı təklifi hələ də gündəmdədir. Siz bu təkliflə təmas xəttində baş verən son hadisələr arasında hansısa bağlılığı görürsünüzmü?

-Rusiya moderator olmadığı hansısa danışıqların baş tutmasına imkan vermək istəmir. Fransa prezidentinin təklif etdiyi bu görüş bəzi obyektiv və subyektiv səbəblərdən hələ baş tutmur. Ancaq Nyu-Yorkda BMT çərçivəsində prezidentlərin görüşü razılaşdırılmasa da, görüşün keçirilməsi ən azından nəzəri olaraq nəzərdə tutulub. Ola bilsin ki, hərbi təxribatların məqsədlərindən biri də prezidentlərin görüşünü pozmaqdır. İndiki şəraitdə Ermənistan güzəştlərə heç bir halda hazır deyil. Sarkisyan bilməmiş deyil ki, güzəştlər olacağı halda hakimiyyətdən dərhal uzaqlaşdırılacaq. Burada həm daxili, həm də Rusiya faktoru var. Ermənistanda bütün hakimiyyət çevrilişlərini məhz Rusiya xüsusi xidmət orqanları həyata keçirib və Sarkisyan da bunu bilir. Ermənistan Avrasiya İttifaqına üzv olmağa razılıq versə də hələ ki qurumun qapıları arxasında saxlanılır. Azərbaycansız Ermənistan Rusiya üçün heç bir maraq kəsb etmir. Azərbaycanın xətrinə dəyməmək üçün Ermənistan Avrasiya İttifaqının qapıları arxasında saxlanılır və bu da Sarkisyanı çətin duruma salıb. Sarkisyan artıq Rusiya və Qərb arasında manevr imkanlarını da itirib. Cəbhədəki son hadisə həm də Ermənistan hakimiyyətinin əlinə oynayır. Çünki, prezidentlərin görüşünün keçirilməsi Sarkisyan hakimiyyətinin marağında deyil. Sarkisyan hakimiyyəti qarşısında konkret tələblər qoyulub. Bu tələblər status-kvonun dəyişməsini özündə ehtiva edir. Bu isə ən azından Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun azad edilməsi deməkdir. Ona görə də düşünmək olar ki, cəbhədəki hərbi təxribatlarla prezidentlərin görüşünün qarşısı alınır.

-Siz qeyd etdiniz ki, Rusiya artıq küncə sıxışdırılmış vəziyyətdədir. Necə düşünürsünüz, Moskva indiyə kimi Azərbaycandan istədiyini ala bilməyibsə, bundan sonra nələrə ümid edə bilər?

-Moskva yalnız güc dili ilə danışmağı sevir və hələlik güc faktoruna söykənərək postsovet ölkələrinə təzyiq edir. Amma yalnız güc faktoru ilə Azərbaycanı bir çox məsələlərə inandırmağın mümkün olacağı real deyil. Azərbaycan cəlbedici təkliflər edilməli və güzəştlər verilməlidir. Amma bu cür təkliflə varmı, Dağlıq Qarabağ cəbhəsində Azərbaycana hansı cəlbedici təkliflər edilir? Doğrudur, siyasi kuliarlarda müəyyən siyasi bazarlıqların edildiyi barədə fikirlər var. Amma ortada konkret nəticə yoxdur. Bir neçə rayonun boşaldılması qarşılığında Moskvanın istədikləri Azərbaycanın milli maraqlarına uyğundurmu? Deyək ki, bir neçə rayonun boşaldılması qarşılığında Azərbaycan Avrasiya İttifaqına razı olur. Düşünmək olarmı ki, Qərb dünyası bu konteksdə münaqişənin həllinə razılıq verəcək? Qətiyyən mümkün deyil. Azərbaycan Rusiyanın orbitinə daxil olacağı halda, Qərb bu cür razılaşma əsasında münaqişənin həllinə razılıq verməyəcək. Artıq bu istiqamətdə İrəvan bəzi xəbərdarlıqlar da alıb. Dağlıq Qarabağ problemi Rusiyanın bir barmaq işarəsindən asılı vəziyyətdə deyil. Ermənistanın əsas maliyyə qaynaqları bu gün məhz Qərbdədir. Bu maliyyə Ermənistan əvəzsiz verilmir. Ona görə də Rusiyanın heç bir aldadıcı təkliflərinə aldanmaq olmaz. Bu düşünülmüş incə bir tələdir və Azərbaycan hələ ki tələyə düşmək fikrində deyil. Ona görə də təzyiq mexanizmləri və güc faktoru yenidən dövriyyəyə girib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR