• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Camal Mehmetxanoğlu:“Pulları qaytardıq, amma məsələ pulda deyildi...“ - MÜSAHİBƏ

Camal Mehmetxanoğlu:“Pulları qaytardıq, amma məsələ pulda deyildi...“ - MÜSAHİBƏ

Mayın 12-13-də Ankarada Güney Azərbaycan Türklərinin I Beynəlxalq Forumunun keçirilməsindən xeyli vaxt ötsə də, forum ətrafında söz-söhbət səngimək bilmir.

Tədbirin bəzi iştirakçıları təşkilatçıları çoxsaylı məsələlərdə ittiham etmişdilər.

Forumun əsas təşkilatçısı, İzmir Azərbaycan Kültür Dərnəyinin rəhbəri Camal Mehmetxanoğlu hazırda Bakıdadır. Publika.Az Camal Mehmetxanoğlu ilə müsahibəni təqdim edir.

- Camal bəy, iştirakçılar foruma qatılmaq üçün onlardan yığılan pulla xərclənən pullar arasında uyğunsuzluq olduğunu bildirmişdilər. Onlar təşkilatçıları yığılan vəsaitləri mənimsəməkdə ittiham edirdilər...

- Əvvəla, xahiş edirəm bizim adımızdan heç kimi reklam etməyəsiniz. Vəd etdiyimiz kimi, çəkilən bütün xərclər və məsrəflər hesablandıqdan sonra yerdə qalan pullar dünən və bu gün iştirakçılara qaytarılıb. Sadəcə bəziləri bu məsələni şişirtməklə özlərini reklam etmək istəyirdilər ki, bu da alınmadı.

Biz bu cür xırda məsələlərin forumun işindən önə keçməsinə imkan vermərik və bu barədə heç bir mövqe bildirmək də istəmirik. İnsanların toplanan pullarla bağlı xırda narazılıqları var idi və bu pullar artıq qeyd etdiyim kimi dünən və bu gün forumda iştirak edən hər kəsə çatdırılıb.

- İttihamlardan biri də bu idi ki, forumda Güneydən olan azərbaycanlılara faktiki olaraq söz verilməyib, tez-tələsik yaradılan Uluslararası Güney Azərbaycan Konseyinin İdarə Heyətinə onlardan yalnız 1 nəfər salınıb. Yalnız güneylilərin kəskin etirazlarından sonra bu say 4-ə qaldırılıb...

- Bu barədə yayılan məlumat yalan və təxribatdır. Güney Azərbaycandakı bütün təşkilatlar istisnasız olaraq Konseydə və saylarına müvafiq olaraq onun İdarə Heyətində təmsil olunub.

- Tədbirin təşkilatçılığının zəif olması, Güney Azərbaycanla bağlı heç bir fəaliyyəti olmayan qurum və şəxslərin foruma çağırılması ittihamına münasibətiniz necədir?

- Bu və bundan sonrakı bu tipli suallarınıza cavab olaraq demək istəyirəm ki, bunlar hamısı forumun işinə kölgə salmağa yönələn hərəkətlərdir. Forum çox yüksək səviyyədə keçirildi. Bəzi insanların xırda narazılıqlar vasitəsilə bu böyüklükdə işin üzərinə kölgə salmalarına,"stəkanda fırtına” yaratmalarına təəssüf edirəm.

- Foruma Türkiyə hökumətinin münasibəti necə oldu?

- Əslində Türkiyə hökuməti forumun keçirilməsinə icazə vermədi və Ankara valiliyinin rəsmi məktubu ilə forumun keçirilməsi yasaqlandı. Amma rəsmi qurumlar tədbirin keçirilməsini tam yasaqlaya bilməzdilər. Çünki tədbiri rəsmi Ankara təşkil etməmişdi.

Ona görə də tədbir yığıncağa ev sahibliyi etməli olan"Sürməli” oteldən 200 metr aralıda, başqa bir oteldə baş tutdu. Beləliklə, son 20 ildə ilk dəfə olaraq Türkiyədə 50-yə yaxın təşkilatdan 300 nümayəndənin iştirakı ilə Güney Azərbaycanla bağlı tədbir keçirildi və forumun sonunda Uluslararası Güney Azərbaycan Konseyi yaradıldı.

Təvazökarlıqdan uzaq olsa da mən şəxsi əlaqələrimdən, insanlarla münasibətlərimdən istifadə edib Güney Azərbaycanla bağlı təşkilatları, bölünmüş iki DAK-ı bir araya gətirdim, küsülüləri barışdırdım. Neçə illərdir əməkdaşlıq etməyən təşkilatlar bu gün Konseyimizdə bir yerdə təmsil olunurlar.

Onu da qeyd edim ki, İran dövləti bizim Uluslararası Güney Azərbaycan Konseyi yaratmağımızdan bərk narahat olub. Konseyin yaradılmasından 1 həftə-10 gün sonra Almaniyada İrana bağlı təşkilatlar təcili bir araya yığılaraq öz konseylərini yaradıblar.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu qarşısında mayın 27-də keçirilən piket də bizim İranın Ankaradakı səfirliyi önündə mayın 14-də keçirdiyimiz aksiyaya cavab kimi təşkil etmişdilər.

Mən buna tam əminəm və ona görə də hesab edirəm ki, biz məqsədimizə nail olmuşuq. Bundan sonra da barışdırıcı, koordinasiyaedici rol oynayan fəaliyyətimizi davam etdirəcəyik. Güney Azərbaycanın haqq səsini dünyaya çatdıracağıq.

- Mayın 29-dan Bakıda görüşlərə başlamısınız. İndiyədək kimlərlə görüşmüşünüz?

- Həmin gün media orqanlarının rəhbərləri ilə bir araya gəldik. Bu gün İctimai Palatanın,"Qarabağ” blokunun,"REAL” Hərəkatının rəhbərləri ilə görüşdük. Sabah Beynəlxalq Diaspor Mərkəzi ilə görüşlərimiz olacaq. İnsan haqları, ekologiya ilə bağlı fəaliyyət göstərən təşkilatlarla təmaslara baş vuracağıq.

Bu görüşlərdə İran rejimi tərəfindən məqsədyönlü şəkildə Urmiya gölünün qurudulması məsələsi xüsusi müzakirə olunacaq.

Bu görüşlərdə Güney Azərbaycanda insan haqlarının durumu məsələsi gündəmə gətiriləcək. Onu da nəzərinizə çatdırım ki, iyun ayının 1-də, saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransımız olacaq. Tədbirdə Konseyin İdarə Heyəti təqdim olunacaq. İyunun 2-də isə Atatürk Mərkəzində"Güney Azərbaycan: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirəcəyik.

- Dövlət qurumları ilə münasibətləri necə qurmağı planlaşdırırsınız?

- Biz siyasi partiyalarla, ictimai təşkilatlarla, həmçinin dövlət qurumları ilə eyni məsafədə, eyni yaxınlıqda dayanacağıq. Hesab edirik ki, Güney Azərbaycan məsələsində iqtidar-müxalifət ayrı-seçkiliyi ümumi işin zərərinədir. Əks mövqe Güney Azərbaycana xəyanət olardı. Bu məsələ ilə bağlı Azərbaycan müxalifəti və iqtidarı ilə eyni səviyyədə əməkdaşlıq edəcəyik. Buna heç kimin şübhəsi olmasın.

Səxavət Həmid

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR