• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

REAL sədri: “NATO sammitinə müraciət etdik ki...” - MÜSAHİBƏ

REAL sədri: “NATO sammitinə müraciət etdik ki...” - MÜSAHİBƏ

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja mətbuat konfransında deyib ki, Ermənistana qarşı hər hansı hərbi müdaxilə olarsa, KTMT ona kömək edəcək. Bu bəyanatı necə dəyərləndirirsiniz?

- Biz REAL Hərəkatı olaraq bir neçə gün öncə NATO-nun Çikaqoda keçirilən sammitinə müraciət ünvanladıq. Həmin müraciətdə qeyd etdiyimiz məsələlərdən biri məhz KTMT-nin Azərbaycana qarşı təhdidlərlə bağlı idi. Biz sammitdən Ermənistan və Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının adı altında Azərbaycana yönəlmiş hədələrə münasibət bildirməyi xahiş etdik.

ATƏT Minsk Qrupunun həmsədri olan Rusiyanın öz diplomatlarını hər hansı bir formada Azərbaycana qarşı ağlasığmaz təhdidlər səsləndirməyə yönəltməsi heç bir çərçivəyə sığmır, qəbuledilməzdir.

Biz beynəlxalq təşkilatlardan, xüsusilə NATO-dan Rusiya və Ermənistanın belə birgə hərəkətlərini pisləyən münasibət istəyirik.

- Bəyanatlar öz yerində, sözügedən təşkilatın belə bir addım atması realdırmı?

- Müraciətimizdə iki bənd var. Birini dedim. İkincisində NATO-nun Çikaqo sammitindən xahiş edirik ki, Azərbaycanda demokratik durumla bağlı rahatsızlığını ifadə etsin. İndi necə olacağını deyə bilmərəm. Bordyujaya qayıdıb deyim ki, bu cür bəyanatlar ilk dəfə deyil. O, ildə bir neçə dəfə bu cür təhdidlərə əl atır. NATO-dan istəyimiz budur ki, ən azından belə çıxışlara münasibət bildirsin.

- Ümumilikdə Azərbaycan-NATO münasibətlərini necə qiymətləndirisiniz?

- REAL Hərəkatı olaraq Azərbaycanı NATO üzvlüyünə doğru aparmaq istərdik. Bu, Azərbaycanın milli maraqlarına uyğundur. Uyğun şərtlər içində, Azərbaycan öz təhlükəsizliyinin qorunmasında bu təşkilata güvənə bilər.

- Sizcə, Azərbaycan-İran münasibətlərindəki indiki gərginlik hansı həddə kimi inkişaf edə bilər?

- Azərbaycan-İran münasibətləri hazırda təəssüf ki, qonşuluq münasibətlərinə yaraşmır. Halbuki qonşular arasında münasibətlər daha səmimi qurulmalıdır.

Gərginliyin artmasının bir çox obyektiv və subyektiv səbəbləri var. Hər halda bu pisləşmədə Azərbaycanın payı azdır. İrandan gələn bəzi fətvalar, müdaxilələr, İranın Ermənistanla sıx əməkdaşlığı, bu ölkəyə iqtisadi yardımlar göstərməsi iki ölkənin münasibətlərini korlayır. Vəziyyətdən çıxış yollarını fəal şəkildə axtaran yoxdur, lakin təcili şəkildə belə bir çıxış yolu tapılmalıdır.

- Sizcə, David Qareci məbədi ilə bağlı məsələnin indiki məqamda ortaya çıxması nəylə bağlı ola bilər?

- Bu, Kremldən ilhamlanan bəzi şəxslərin və qüvvələrin hərəkətə keçməsi ilə əlaqədardır. Bildiyiniz kimi, NATO və Rusiya arasında fikir ayrılığı son vaxtlar xeyli güclənib. Azərbaycan-Gürcüstan birliyi Kremldə oturanların imperialist maraqlarına ziddir. Sadəcə, aramızı vurmağa çalışırlar.

- Bir neçə gün əvvəl mətbuatda belə bir açıqlamanız getmişdi ki, “Evrovision” mahnı müsabiqəsi ərəfəsində İrəvandan Xankəndinə təyyarə uça bilər...

- Təxribatlar mümkündür, beləsi, ya başqası – hər şeyə hazır olmalıyıq. Nikolay Bordyuja o cür danışırsa, deməli, ermənilər də uyğun nəticələr çıxarıb, məsələn, Xankəndiyə ilk uçuşu həyata keçirə bilərlər. Buna heç bir halda imkan vermək olmaz. Hansı yolla olur-olsun təyyarənin enməsinə imkan verilməməlidir.

Yaxşı olar ki, təyyarə vurulmasın, insan itkisinə yol verilməsin, sadəcə, geriyə İrəvana göndərilsin. Azərbaycan belə təxribata qarşı cavab addımlarını çoxdan hazırlamalı idi.

- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı situasiyanı necə dəyərləndirisiniz?

-Danışıqlar məhv olub. Danışıqların ciddiliyinə artıq heç kim inanmır. Hər kəs öz işinin başındadır. Növbəti mərhələyə hazırlıq gedir. O nə olacaq - savaşmı, sülhmü, kimsə indidən deyə bilməz.

- İctimai Palatanın son aksiyalarını necə qiymətləndirirsiniz?

- Bu mövzu bizim üçün artıq bitdi. Münasibətlərimiz dəfələrlə bildirmişik, hər kəsə bəllidir və əlavə sözümüz yoxdur.

- REAL Hərəkatı kimlərlə əməkdaşlıq edir, kimlərlə əməkdaşlıq etməyi planlaşdırır?

- Ayrıca da, tədbirlərdə də hamıyla görüşürük. Xüsusi əməkdaşlıq planımız yoxdur.

- “Evrovision” musiqi yarışması ərəfəsində aksiya keçirmək, sizcə, düzgündürmü?

- Bu mövzu artıq bitdi. Öndəki prosesləri dəyərləndirir və onlara hazırlaşırıq. Təşkilatımızı gücləndiririk, Məclisimizi genişləndiririk. Təzəliklə gənclər katibimiz təyin olunacaq. Qarşıdakı seçkilərə hazırlaşırıq.

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR