Vüqar Qaradağlı ATV ilə bağlı planlarından danışdı - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Vüqar Qaradağlı ATV ilə bağlı planlarından danışdı - MÜSAHİBƏ

"Azad Azərbaycan" telekanalının (ATV) yeni prezidenti Vüqar Qaradağlı Publika.az-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Yeni rəhbərliyə başladığınız kanalın proqram siyasətində dəyişiklik olacaqmı?

- Olacaq.

- Bu özünü hansı formada hiss etdirəcək?

- Mən televiziyada yeni adam deyiləm. Fikrimcə, bu haqda danışmaq bir az tezdir.

- Siz "Lider" TV-nin rəhbərliyindən getdikdən sonra …

- "Lider" övladım kimidir. "Lider"i çox istəyirəm. Bu barədə nə sual, nə də cavab olmasını istəməzdim.

- ATV-də ciddi kadr dəyişikliyi gözlənilirmi?

- Yox, ciddi kadr dəyişikliyi gözlənilmir.

- Bəs ümumiyyətlə kadr dəyişikliyi olacaqmı?

- Hər hansı bir yerdə gün ərzində istər-istəməz bu və ya digər dəyişikliklər olur. İstər işə bu gün gələn, istərsə də iki il bundan qabaq gələn adam işdə müəyyən dəyişikliklər edir. Əgər canlı bir təşkilatdırsa, işlək bir orqanizmdirsə orada bir hərəkət mütləq olur. Yəni bu, normal hadisədir. Amma bunun siyasiləşdirilməsini, hansısa rəng verilməsini, don geyindirilməsini qətiyyən istəməzdim.

- "ATV İnternational"la bağlı xüsusi planlarınız varmı? Çünki bu kanalın fəaliyyəti nəzərə çarpmır…

- "ATV İnternational" yarandığı gündən Azərbaycan auditoriyasının nəzərlərini cəlb etməyi qarşısına məqsəd qoymayıb. Biz bu kanalın auditoriyası deyilik. Ona görə də bu kanalın fəaliyyətinin əslində necə olması barədə onun auditoriyası olan insanlardan soruşmaq lazımdır. Bizim - yəni Azərbaycan auditoriyasının - "ATV İnternational"ın fəaliyyətinin müsbət və ya mənfi olması barədə fikir söyləməyimiz doğru hesab oluna bilməz.

- "ATV"-ni holdinqə çevirməyi düşünürsünüzmü? Təcrübənizdə bu olub. "Lider Media Holdinq"I nəzərdə tuturuq...

- Bura elə holdinqdir də… Burada nə yoxdur ki? Televiziya var, radiolar var, jurnal var. Bura holdinq deyil, bəs nədir?

- Bura qəzet də daxil ola bilər?

- Vallah, qəzet çoxdur da Azərbaycanda...

- "Lider"ə rəhbərlik etdiyiniz dövrdə bu kanalın efirində tez-tez müxtəlif məsələlərdən bəhs edən xarici və yerli sənədli filmlər nümayiş olunurdu. Köhnə ənənənizi yeni iş yerində davam etdirmək fikrindəsinizmi?

- Azərbaycan auditoriyasının, ümumiyyətlə Azərbaycanın düşünən təbəqəsinin kitaba marağı artıb. Bir ara kitab boşluğu oldu. İndi yeni-yeni kitab mağazaları açılır. Bu mağazalarda kitabların qiyməti kifayət qədər bahadır. Amma camaat kitab alır, oxumağa başlayır, sarı jurnalistikadan ciddi ədəbiyyata meyl göstərir. Bu meyl sözsüz ki, televiziyaların da məsuliyyətini artırır. Azərbaycandakı hər hansı televiziya, o cümlədən ATV də özünün fəaliyyətini artıq yeniləşən bu auditoriya ilə uzlaşdırmalıdır. Yəni biz bu vaxtadək bir səpkidə, müəyyən bir təbəqə üçün işləyirdiksə, həmin təbəqənin zövqünü oxşamağa çalışırdıqsa, hal-hazırda bu zövq dəyişməkdədir. Bu da iqtisadi bazaya bağlıdır. Azərbaycan gücləndikcə, onun intellektual bazası da formalaşır və yüksəlir.

- ATV-də serialların çəkilməsi planlaşdırılıbmı? Konkret Sizin bu barədə ideyalarınız varmı?

- Vallah, bu barədə danışmaq həddən artıq tezdir. Mən cəmi iki gündür gəlmişəm. Siz mənim qarşımda elə məsələlər qaldırırsınız ki, həmin məsələlər barədə sualları nəinki cavablandırmağa, heç düşünməyə belə vaxtım olmayıb.

- ATV-nin yeni təsisçisinin kimliyi ilə bağlı məsələ nə yerdədir?

- Mənə elə gəlir ki, bu suala ehtiyac yoxdur.

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm