“Müharibə Ermənistana fəlakət gətirər” - Müsahibə
Bizi izləyin

Müsahibə

“Müharibə Ermənistana fəlakət gətirər” - Müsahibə

Azərbaycan Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qalanda Türkiyədən könüllü olaraq Azərbaycana gələrək düşmənə qarşı vuruşub.

1958-ci ildə Ərzurumda anadan olmuş Yusuf Ziya Arpacık İstanbul Universitetinin məzunudur. Türkiyənin məşhur lideri mərhum Alp Arslan Türkeşin şəxsi mühafizəçisi olub. Dörd dildə - rus,ingilis,fars,ərəbcə sərbəst danışır.

Publika.Az Yusif Ziya Arpacıkla müsahibəni təqdim edir.

- Bu gün Azərbaycanın hərbi potensialını necə dəyərləndirirsiniz?

- Bu gün Azərbaycan ordusu həm texniki, həm hərbi təhsil, həm də bütün üstünlükləri ilə düşmən ordusundan qat-qat öndədir. Bu baxımdan, Azərbaycan müharibəyə tam hazır vəziyyətdədir. Ordu bütün texnoloji və ruh yüksəkliyinə sahib olmaqla yanaşı, hər gün bu gücün üstünə yeni güc gətirir.

Ayrıca olaraq, Azərbaycan iqtidarı və müxalifəti ümummilli məsələlərdə vahid mövqedədirlər. Bu çox önəmli məsələdir. Biz Qarabağ müharibəsində də bu ruh yüksəkliyini görürdük və qəhrəman azərbaycan oğul və qızları Qarabağın azadlığı uğrunda döyüşürdülər.

İndi isə vəziyyət dəyişib. Bugünkü Azərbaycan o vaxtkı Azərbaycan deyil, ordunu inkişaf etdirən və onu hər gün gücləndirən bir dövlət halına gəlib. İqtisadi imkanları da genişlənməkdir. Müharibədə iqtisadi faktor önəmli rol oynayır.

- Fikirlərlərinizdən belə aydın olur ki, Qarabağda müharibə yenidən başlasa bu, Ermənistan üçün çətin və ağır olacaq?

- Müharibə Ermənistana çətin olacaq, ona fəlakətlər gətirəcək. Nəzərə almaq lazımdır ki, bu gün Ermənistanda yaşanan daxili çəkişmələr və ruh düşkünlüyü var. Xalq çətin vəziyyətdə, ordu isə həvəssizdir. Qarabağ müharibəsində ermənilərin cəhənnəmə çevirdikləri bölgənin alovu bu dəfə özlərini yandıracaq. Bu, qaçılmaz bir vəziyyətdir.

Üstəlik, türk dünyası bu prosesləri yaxında izləməkdədir. Həmçinin Azərbaycan haqq davasında çox yaxşı beynəlxalq dəstəyə malikdir və bunu Ermənistanda da bilirlər. İndi belə deyək, Ermənistan hansı nailiyyətləri ilə Azərbaycana qalib gələ bilər? Sualın cavabı aydındır. Hətta Amerika, Avropa və rus analitikləri də Azərbaycanın Ermənistandan qat-qat güclü olduğunu bəyan edirlər.

- Bu günlərdə amerikalı analitik Devid Pilips Türkiyə-Ermənistanla bağlı qələmə aldığı monoqrafiyasında sərhədlərin açılmasını yenidən gündəmdə olduğunu elan edib. Sizcə, sərhədlər açılması mümkündürmü?

- Mümkün deyil. Bu gün Türkiyə-Ermənistan sərhəd qapılarını açacaq bir qüvvə mövcud deyil. Təbii, bu istiqamətdə hansısa təşəbbüslər və ya cəhdlər ola bilər. Bu cəhd və təşəbbüs kimi də qalacaq. Onun praktik prosesə çevrilməsi mümkün deyil. Üç il bundan öncə Sürixdə imzalanan sənədlərə türk milləti çox sərt bir cavab verdi. Bu amilləri ortaya gətirsək, sərhədlərin açılmasını kimsə ağlından keçirməsin və yenidən bu proses baş versə, türk xalqı daha sərtv cavab verəcək.

- Qarabağ müharibəsi yenidən başlayarsa, Yusif Ziyanı yenidən Qarabağ cəbhəsində görəcəyikmi?

- Qarabağ bizim yaralı yerimizdir və Azərbaycanı yalnız qoymaq türk insanına yaraşmaz. Bəli, Yusif Ziya yenə də Qarabağ müharibəsində ön cəbhə olacaq, Qarabağın azadlığı üçün savaşacaq. Türkiyə qardaş Azərbaycanımızı heç bir zaman tək qoymayıb, indi də tək qoyması mümkün deyil.

Türkiyədə yaxşı söz var: ”Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”. Bu gündə bu söz türk xalqının ən çox sevdiyi fikirlərdən biridir və iki qardaş ölkənin münasibələrinin inkişafında əsaslı rol oynayır.

Elnur Eltürk

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm