“Çernobıldan da təhlükəlidir...“
Bizi izləyin

Müsahibə

“Çernobıldan da təhlükəlidir...“

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi, politoloq Cavid Vəliyev Publika.Az-a müsahibə verib.


- Cavid bəy, Azərbaycan Prezidenti İlham Əliyev nüvə təhlükəsizliyi sammitində Ermənistandakı "Metzamor" AES-in bütöv region və qonşu ölkələr üçün potensial fəlakət mənbəyinin olması ilə bağlı bəyanat verdi. Vəziyyət bu qədərmi təhlükəlidir?

- Prezidentin açıqlaması həqiqətlərə əsaslanır. 1988-ci ildə Spitak zəlzələsindən sonra bağlanan, dəfələrcə qəzalar keçirən bu stansiya eyni zamanda ən köhnə texnologiyadan istifadə edir.

Təbii qaz və neft kimi enerji ehtiyatlarından yoxsul olan Ermənistan elektrik enerjisinin 45 faizini “Metzamor” atom elektrik stansiyasından (AES) qarşılayır. 1988-ci Spitak zəlzələsindən sonra "Metzamor" iki bloku bağlandı. Bu, Ermənistan iqtisadiyyatı üçün ciddi problemlər yaratdı. Nəticədə 1995-ci ildə Ermənistan bloklardan birini Qərb dövlətlərinin siyasi dəstəyi ilə istifadəyə açdı. 2003-ü ildə “Metzamor”un işlədilməsi uran borcları qarşılığında Rusiyanın "UES" ( Russian Unified Electric System) şirkətinə verildi.

Rusların tikdiyi "Metzamor"u işlədən texnologiya bu gün dünyada əksər atom elektrik stansiyalarında istifadə olunmayan köhnə texnologiyadır. Hətta bu xüsusiyyətinə görə Çernobıl AES-dən daha təhlükəlidir.

Bundan başqa, "Metzamor" xarici təsirlərə qarşı həssas stansiyadır, çünki onun qoruma təbəqəsi yoxdur. Bu isə radyoaktiv maddələrin atmosferə sızmasına yol aça bilir. "Metzamor" 8 bal gücündə zəlzələyə dayanıqlı şəkildə tikilib. Lakin həmin regionda 9 ballıq zəlzələ ola bilir.

"Metzamor"da tez-tez qəzalar da olur. 1982-ci ildən günümüzə qədər böyük və ya kiçik 200-ə yaxın qəza baş verib.

- Sizcə, nə üçün bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar hərəkətə keçmir?

- 1999-cu ilin sentyabr ayında Brüsseldə Ermənistanla Avropa İttifaqı arasında "Metzamor" AES-in 2004-cü ildə bağlanılması üçün müqavilə imzalandı. Ermənistan 2001-ci ildə Avropa Şurasına üzv olanda da 2004-cü ildə Metzamoru bağlayacağı sözünün verdi.

Aİ AES-in bağlanılması nəticəsində Ermənistan zərərlərini qarşılamaq və alternativ enerji qaynaqları əldə edə bilmək üçün 100 milyon avro təklif etmişdi. Ermənistan isə AES-in bağlanılmasına qarşılıq olaraq 1 milyard avro istədi. Aİ bu pulu verə bilmədi, Ermənistan da AES- bağlamadı.

Aİ bu məsələni tez-tez gündəliyə gətirir, "Metzamor"un ətraf mühit üçün təhlükəli olduğunu bildirir. Fransa, İngiltərə və ABŞ Ermənistanın atom elektrik stansiyasının bağlanması qarşılığında pul təklif etmişdilər. Ermənistanın "Metzamor"un bağlanılması üçün üstünə götürdüyü öhdəliklərini yerinə yetirməməsinə baxmayaraq, ciddi bir təzyiqdən bəhs etmək mümkün deyil.

- Ermənistanın hazırkı iqtisadi imkanları bu stansiyanın yeniləşdirilməsinə imkan verirmi?

- 1988-ci ildə "Metzamor" bağlananda Ermənistan 7 il ciddi enerji problemi yaşadı. Ermənistanın özünün açıqlamalarına görə, AES-in müasirləşdirilməsi üçün 5 milyard dollara ehtiyacı var. Avropa dövlətləri isə onun istədiyi pulu vermir.

- Gələcəkdə stansiyanın bağlanılması üçün Avropanın və Amerikanın Ermənistana təzyiqlər güclənə bilərmi? Nəzərə almaq lazımdır ki, bu dövlətlərin bölgədə siyasi-iqtisadi maraqları var...

- "Metzamor"dan ən çox mənfi təsirə məruz qalan dövlətlər Türkiyə və Azərbaycandır. AES-də bir problem olsa təsiri Gürcüstan və İrana da yayıla bilər. Bu səbəbdən Azərbaycan və Türkiyə, daha sonra Gürcüstan və İran bu problemi beynəlxalq aləmdə gündəliyə gətirməlidir.

Prezident İlham Əliyev məsələni gündəliyə gətirdi. Elə fikirləşirəm ki, qonşu dövlətlərin təzyiqi vəziyyəti dəyişdirə bilər. Bu mənada 2016-cı il “Metzamor”un bağlanmağı üçün son tarix olaraq göstərilir.

Elnur Eltürk
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm