• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“İran Qarabağ ermənilərinə hərbi və maddi dəstək verir“-MÜSAHİBƏ

“İran Qarabağ ermənilərinə hərbi və maddi dəstək verir“-MÜSAHİBƏ

Publika.Az saytının suallarını Köln Universitetinin doktorantı, beynəlxalq məsələlər üzrə analitik İbrahim Əhmədov cavablandırır.


- İbrahim bəy, Dağlıq Qarabağ məsələsinin həllində "xalq diplomatiyası"nın roluna necə baxırsız? Bu proses münaqişənin həllinə hansısa formada müsbət təsirini göstərə bilərmi?

- İnternet kimi qlobal məlumat vasitələrinin yayıldığı dövrdə "xalq diplomatiyası" deyilən fenomen bir seçim məsələsi yox, labüd gerçəklikdir. Bu fenomenin həm müsbət, həm də mənfi nəticələri qaçılmazdır. Lakin ənənəvi dövlət diplomatiyasının vasitəsilə müəyyən qədər mənfi nəticələrin qarşısını almaq mümkündür.

"Xalq diplomatiyası" o deməkdir ki, kimin dost, kimin düşmən olduğunu xalq özü müəyyənləşdirir və dost-düşmən tərifini müxtəlif vasitələrlə öz hökumətinə və dünyaya bəyan edir. Siyasi xadimlərdən fərqli olaraq xalq öz seçimində rasional maraqlardan daha çox ictimai kimlik və mənəvi dəyərlərə əsaslanır. Bu səbəbdən adətən duyğu və emosiyalara tabe olur.

Xalq siyasətinin müsbət tərəfi odur ki, daha açıq və səmimidir, yəni xalqın tarixi iradəsini birbaşa əks etdirir. Mənfi cəhəti odur ki, insanlar bəzən emosiyalara qapanıb, məlumatsızlıq ucbatından qəflətən özlərinə zərər gətirə bilərlər.

Hər bir xarici siyasətin uğurlu olması birbaşa dost və düşmən seçimindən asılıdır. Bu iş əsla bəsit deyil. Məsələn, güclü olanları özünə dost, zəifləri isə özünə düşmən seçib rahat yaşayasan. Çox vaxt güclü olan bir dövləti özümüzə dost seçəndə görürük ki, onun bizə qarşı davranışı səmimi deyil. Bu o deməkdir ki, özümüzə düzgün dost seçməmişik.

Beləliklə, Azərbaycan xalqının diplomatiyası və Qarabağ münaqişəsinin çözülməsi onun özünü dərk etməsindən, yəni ictimai kimliyindən birbaşa asılıdır. Bu proses Azərbaycanda davam edir.

- Rusiyada yenidən Vladimir Putinin hakimiyyət gəlişi münaqişənin həlli üçün nələr vəd edir?

- Tarixi baxımdan bəzi qısa məqamlar istisna olmaqla, Rusiyanın siyasəti Azərbaycana qarşı dəyişilməz olub. Hazırda Cənubi Qafqazda mövcud olan siyasi durum məhz Rusiya tərəfindən yaradılıb. Azərbaycanı Qacar dövlətinin tərkibindən ayıran kimi, Rusiyanın həyata keçirdiyi ilk tədbir azərbaycanlıların yaşadığı əyalətlərdə süni olaraq, yəni mühacirət yolu ilə erməni əhalisinin sayını artırmaq olub. Özümüzdən soruşaq: "Səbəb nədir ki, Rusiyanın siyasəti bizə qarşı əvvəldən bu cür olub?"

Çox güman ki, səbəb Rusiyanın azərbaycanlılara və digər müsəlman xalqlarına qarşı etimadsızlığıdır. Ermənilər tarix boyu müsəlman dünyasının "beşinci düşərgəsi" olublar. Deməli, bu siyasətin kökündə duran ictimai kimlik və mənəvi dəyərlər arasında olan daimi fərq və ixtilaflardır. Hər hansı dövlət məmurunun dəyişməsi Rusiyanın xarici siyasətinə kəskin surətdə təsir etməz. Putinin hakimiyyətə yenidən qayıtması da Rusiyanın Qarabağ məsələsinə yanaşmasının dəyişməyəcəyi deməkdir.

- Bəzi Qərb ekspertləri Amerika-İsrail cütlüyünün İrana hücum edəcəyi təqdirdə, bu amildən istifadə edən Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayacağını proqnozlaşdırırlar. Bu proqnoz nə qədər gerçəkliyi əks etdirir?

- İsrailin İrana hücumunun Qarabağ münaqişəsinin hərbi yolla həllinə heç bir ciddi təsiri olmayacaq. Münaqişənin müharibə mərhələsinə keçməsinin əleyhinə olan İrandan çox, ATƏT-in Minsk Qrupunun üzvləri və neft idxal edən ölkələrdir. İranda müharibə baş versə, yaxud rejim dəyişsə Ermənistan və Qarabağ ermənilərinə hərbi və maddi dəstək verən qüvvələrin nüfuzu zərrə qədər azalmayacaq.

Əlbəttə, biz arzu edirik ki, İran Ermənistanla sərhədini bağlayıb, bir müsəlman ölkəsi olaraq işğalçı dövlətlə bütün əlaqələrini kəssin. Bu, baş versə, müharibəyə ehtiyac qalmaz. Lakin İranda siyasi rejimin Qərb dövlətlərinin xeyrinə dəyişməsi bu məsələyə təsir etməyəcək. Ona görə ki, Qərb dövlətlərinin Ermənistana qarşı münasibəti çox yaxşıdır.

- Bəs, münaqişənin sülh yolu ilə həll edilməməsi bölgədə müharibə təhlükəsinə şərait yaradırmı?

- Münaqişənin sülh yolu ilə həll edilməməsinin əsas mənfi təsiri müharibə təhlükəsi deyil. Əsas təhlükə odur ki, münaqişə gec həll olunsa, iki xalq arasında normal qonşuluq münasibətləri bərpa edilməyəcək. Hazırkı statusun uzadılması Azərbaycan və Ermənistan xalqlarının arasında ədavətin şiddətlənməsindən başqa heç bir şey gətirməyəcək.

Bu münaqişə hətta qan bahasına belə qısa zamanda həll olunsaydı, ədavət xalqın yaddaşından daha tez silinərdi və çox keçmədən iki dövlət arasında normal qonşuluq münasibətləri bərpa olunardı.

Publika.Az
Elnur Eltürk

Xəbər lenti

DAHA ÇOX XƏBƏR