Bakıda otel foyesindəki soyuq görüş: Qafqazı yeni müharibə gözləyir?
Bizi izləyin

Nida.az

Bakıda otel foyesindəki soyuq görüş: Qafqazı yeni müharibə gözləyir?

Azərbaycanın enerji layihələrinə əsas rəqib hesab olunan “Türk axını” layihəsinin dalana dirənməsindən sonra Türkiyə-Rusiya münasibətlərində kəsişmə prosesi başlayıb. Ankaranın Krım tatarları məsələsində sərt mövqeyi də Kremldə narahatlıqla izlənilir. Halbuki, Qərb Ukrayna böhranından sonra Rusiyaya qarşı hücuma keçəndə Türkiyə neytrallığını qoruyub saxlaya bilmişdi. Bu həm də Ankaraya öz manevr imkanlarını genişləndirmək üçün lazım idi. Lakin iyulun 20-də Suruç terror aktından sonra Türkiyənin İŞİD və PKK-ya qarşı hərbi əməliyyatlara start verməsi, Suriyada siyasi tarazlığın dəyişməsi daşları yerindən oynatdı.

Ankara Əsədin getməsini israrla tələb etməyə başladı ki, bu, ABŞ-a da sərf edir. Əvvəldən Əsədi müdafiə edən Rusiyanın Türkiyə ilə toqquşması artıq pik həddinə çatdı. I Avropa Oyunlarının açılış mərasimi zamanı Bakıda üz-üzə gələn liderlərin otel foyesində soyuq görüşü əsəblərin hələ Xəzərin sahillərində tarıma çəkildiyini göstərirdi. Diplomatiya isə həmişə səbir istəyir və görünür, nə Moskvada, nə də Ankarada səbir qalıb. Beləliklə, aktiv müharibəyə qoşulan Türkiyə ilə Rusiya Suriya torpaqlarında yenidən baş-başa gəlir. Bu, regiondakı situasiyanın dəyişməsinə səbəb olmaqla yanaşı, avtomatik olaraq, “qaz müharibələrində” də gedişləri dəyişdirdi. Belə demək mümkünsə, “Türk axını” layihəsinin nəfəs borusu olan Türkiyənin oyundan çıxması Rusiyaya ağır başa gələcək. Bu, Azərbaycan qazını əsas alternativ görən ABŞ-ın birbaşa əlini gücləndirir, həmçinin, dolayısı ilə Bakının da maraqlarına uyğundur. Moskvanın “Şimal axını” layihəsini canlandırmaq cəhdləri də oyunun gedişindəki dəyişikliklərdən xəbər verir.

Rusiyalı politoloq Andrey Areşev hesab edir ki, Yaxın Şərqdə döyüşlərə Ankaranın cəlb olunmasının məntiqi davamı olaraq Türkiyə-ABŞ yaxınlaşması baş verməli idi: “Artıq ən yüksək səviyyəli türk siyasətçiləri Krım məsələsini dilə gətirir və Rusiya ilə münasibətlərdə bu amilin təsir etdiyini vurğulayırlar”.

Ekspertlərə görə, Rusiya-Türkiyə münasibətlərinin gərginliyi Qarabağ münaqişəsinə də təsirsiz ötüşmür. Belə ki, Türkiyə üçün problem olan PKK-ya ermənilərin dəstəyi Ankaranı qəzəbləndirir.

A. Areşev qeyd edir ki, bu proseslərin ardından Rusiya Ermənistanla hərbi əməkdaşlığını daha da genişləndirə bilər.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistanın xarici təhlükəsizliyi Rusiyadan asılıdır. İndiki proseslər Türkiyə və Azərbaycanı daha da yaxınlaşdırır. Bütün hallarda Qafqazda yeni münaqişə ocağı yarana bilər. Bu da ilk növbədə Dağlıq Qarabağdan başlaya bilər”, – deyə ekspert bildirib.

Çünki Türkiyə neoosmanizm fəlsəfəsini irəli sürür və vaxtilə Osmanlı imperiyasının tərkib hissəsi olan əraziləri, təkcə Suriya və Yaxın Şərqi deyil, Qafqaz və Krımı da Rusiyadan almaq istəyir”, - deyə Şərqşünaslıq institutunun ərəb və İslam tədqiqatları mərkəzinin əməkdaşı, politoloq Boris Dolqov bildirir.

Onun fikrincə, maraqların toqquşduğu dövrdə rus-türk müttəfiqliyindən danışmaq mənasızdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm