Narazıların yeni partiya planı: “Arif Hacılı kreslosundan əl çəkən deyil”
Bizi izləyin

Nida.az

Narazıların yeni partiya planı: “Arif Hacılı kreslosundan əl çəkən deyil”

Müsavat Partiyasının yeni rəhbərliyinin legitimliyini tanımayan narazılar yeni partiya yarada bilər.


Bunu Publika.az-a açıqlamasında başqanlığa keçmiş namizəd Səxavət Əlisoy deyib.


Onun sözlərinə görə, hazırda bununla bağlı müzakirələr aparılır: “Daxili müzakirələrimizi bitirdikdən sonra gələn həftə hansı qərara gələcəyimizi mətbuata açıqlayacağıq. Bu ideya ətrafında Müsavatın əsas ziyalıları birləşib. Qubad İbadoğlu, Vurğun Əyyub, Adil Qeybulla, İbrahim İbrahimli, Hikmət Hacızadə və bir çoxları bu prosesdə olacaq. Ölkənin tanınmış ziyalıları da var. Amma hələlik açıqlamaq istəmirik”.


S. Əlisoy proseslərin bu həddə çatmasında günahkarın Müsavatdakı yeni rəhbərliyin olduğunu deyib.


“Biz fraksiya yaratmaq ideyasını gündəmə gətirdik. Amma yeni rəhbərliyin repressiv addımları və müsavatçılığa yaraşmayan mövqeləri onlarla eyni çat altında qalmağın mümkünsüz olduğunu göstərdi. Bir neçə təkliflər var. Bura növbədənkənar qurultayın keçirilməsi, ictimai birlik və yeni partiyanın yaradılması daxildir. Biz mübarizəmizi davam etdirəcəyik. Növbədənkənar qurultayın keçirilməsi yeni rəhbərliyin qəbul etməyəcəyi məsələdir. Onlar Müsavatın dağılmasına razı olarlar, amma kreslodan əl çəkməzlər. İctimai birlik təklifi də var, amma yeni partiyanın yaradılması ideyası daha güclüdür. Hazırda bu üç təklif üzərində daxili müzakirələr aparılır”.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar. Müsavat Partiyası Divanı isə bir müddət öncə S.Əlisoyu partiya sıralarından xaric edib. Buna etiraz olaraq MNTK-nın keçmiş üzvü Əlövsət Talışxanlı istefa verib. Ardınca Hikmət Hacızadə partiyadan gedib. Narazıları ən çox qıcıqlandıran məqam keçmiş başqan İsa Qəmbərin yeni rəhbərliyi dəstəkləməsi, onları isə hakimiyyətlə əməkdaşlıqda ittiham etməsidir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm