Rusiyanın Qarabağ üçün hansı planı var? – Bazzel sirri
Bizi izləyin

Nida.az

Rusiyanın Qarabağ üçün hansı planı var? – Bazzel sirri

Moskva Azərbaycanı itirməmək üçün Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə çalışacaq.


Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloqlar Rusiya xarici işlər naziri Sergey Lavrovun Bazeldə çıxışını şərh edərkən deyiblər.


Qeyd edək ki, Bazeldə Rusiya xarici siyasət idarəsinin rəhbəri Rusiyanın Dağlıq Qarabağ münaqişəsi tərəflərinə problemin həllində köməyi davam etdirəcəyini açıqlayıb: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çoxdankı, mürəkkəb prosesdir. Bu prosesdə yanaşmalar dəyişib və biz artıq bir neçə ildir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə qeydə alınmış prinsiplərin - ərazi bütövlüyünə hörmət, güc tətbiq etməmək və xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət - praktiki yerinə yetirilməsi üzrə danışıqlara başlamaq mümkün olsun deyə bu yanaşmaları ortaq məxrəcə gətirmək üçün çalışırıq. Bu, çox çətin prosesdir, lakin davam etdiriləcək. Əminəm ki, biz və ABŞ, Fransadan olan tərəfdaşlarımız ümumi məqbul razılığa gəlmək üçün yenə də Azərbaycan və Ermənistana kömək edəcəyik”.


Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində həmsədrlərin birgə bəyanatını xatırladaraq bildirib ki, bəyanatda onlar münaqişənin həlli yolunu tapmaq üçün tərəflərə kömək göstərmək qətiyyətlərini təsdiq etdilər.


“Rusiyanın bir planı var - onların razılığa gəlməsi üçün tərəfləri hər cür stimullaşdırmaq. Çünki münaqişələri yalnız onlara cəlb olunan və iştirak edənlər nizamlaya bilərlər. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, Dnestryanı münaqişəyə və Ukrayna böhranına da aiddir. Tərəflər nə barədəsə razılığa gələndə kənar tərəflər onları danışıqlar masası arxasında ehtiyatla saxlamalıdırlar. Bunun yerinə isə 2003-cü ildə Dnestryanı münaqişənin nizamlanması zamanı olduğu kimi təxribata əl atmağa çalışmamalıdırlar. Dnestryanı rəhbərləri və Moldova Prezidentinin parafladığı sənəd - nizamlama sənədi imzalanmadı. Çünki imzalanma günü ərəfəsində Aİ-nin xarici siyasi strukturlarının rəhbərliyi Moldova Prezidentindən sənədi imzalamamağı tələb etdi. Həmin vaxtdan bu məsələyə görə əziyyət çəkirik. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında isə eniş və yüksəlişlər olub, hətta nizamlanmanın özünün konsepsiyası dəyişib. Lakin bu, həmişə tərəflərin razılaşdırılması əsasında olub. Minsk qrupunun həmsədrləri isə hər cür kömək göstərməyə çalışırlar. Dağlıq Qarabağ münaqişəsi üzrə üç həmsədr beynəlxalq vasitəçilik nümunəsidir, 5+2 formatında isə bir çox “sualtı daşlar”, hansısa vasitəçilər, müşahidəçilər var ki, onlar öz ideyalarını irəli sürürlər. Dağlıq Qarabağ münaqişəsi üzrə isə çox yaxşı yoldaşlıq koordinasiyası var və bu, prosesi danışıqlar məcrasında saxlamağa imkan verir. Ümid edirəm ki, nəticələrin olacağı vaxt uzaqda deyil”, - deyə Rusiyanın baş diplomatı bildirib.


Lavrov Ermənistanda girov saxlanılan soydaşlarımızla bağlı da danışıb. O, İrəvanı girovları azad etməyə çağırıb.


Moskva Dövlət Universitetinin informasiya-analitik mərkəzinin baş direktoru, siyasi ekspert Andrey Petrov Rusiyanın Qarabağ üçün hansı planının olmasından bəhs edib. Onu sözlərinə görə, Lavrovun çıxışında bir neçə mühüm məqam var: “Birincisi, Rusiya üç əsas prinsip əsasında - ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiq etməmə - münaqişənin həllində maraqlıdır. Bunun üçün Moskva indiyə qədər toplanmış bütün diplomatik təcrübədən istifadə etməyə hazırdır. Digər tərəfdən, Rusiya təxribatlardan çəkinməyə çağırır. Hansı ki, Parisdə prezidentlərin görüşündən sonra Ermənistan helikopteri Azərbaycan səmasından təxribat uçuşları etdi, nəticə isə acınacaqlı oldu. Moskva bu məsələyə, demək olar, münasibət bildirməmişdi. Lavrovun bu çağırışı isə həm də münasibət idi. Yəni təxribatlardan əl çəkin, bu münaqişənin həllinə yardım etməyəcək. Üçüncüsü, girovlarla bağlı məqam idi. Rusiya girovların mübadiləsi haqqında tərəflərə 2010-cu ildə götürülmüş öhdəlikləri xatırladır. Digər tərəfdən, Moskva uzun illərdir həll olunmamış qalan Dağlıq Qarabağ münaqişəsinin həllində aktivləşəcəyini ortaya qoydu”.


Lavrovun hansı plandan danışdığına gəlincə, ekspert bunun detallı şəkildə bəlli olmadığını bildirib: “Bu daha çox sirli məsələlərdir və adətən, nəticəsi olmayana qədər açıqlanmır. Lakin Rusiyanın tərəflərə təsir imkanları genişdir. Görünür, Moskva regionda belə bir münaqişənin mövcudluğundan artıq bezib. Bu həm də geosiyasi proseslərlə bağlıdır. Çünki bu gün Azərbaycanla Rusiya arasında münasibətlər xeyli yaxşılaşıb. Moskva Bakının başqa istiqamətlərə üz tutmaması üçün münaqişənin həllində əlindən gələni edəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm