Sərdar Cəlaloğlu ilə Fazil Mustafa arasında dava yenidən qızışdı
Bizi izləyin

Nida Xəbər

Sərdar Cəlaloğlu ilə Fazil Mustafa arasında dava yenidən qızışdı

Deputat öz feysbuk səhifəsində ADP sədrinə həsr etdiyi statusla “odun üzərinə benzin töküb”.

ADP sədri Sərdar Cəlaloğlu ilə BQP sədri, deputat Fazil Mustafa arasında qarşıdurma davam edir. Deputat öz feysbuk səhifəsində ADP sədrinə həsr etdiyi statusla “odun üzərinə benzin töküb”.

BQP sədri S.Cəlaloğlunun ünvanına ağır ittihamlar səsləndirərək, onu nadürüst adlandırıb. Sitat: “İnanın ki, işim-gücüm başımdan aşır. Di gəl ki, ölkədə harada bir nadürüst varsa, dönüb mənə dürüstlük dərsi keçməyə başlayır.

Əlimi dolayan kimi, gördünüzmü 6 gün öncə söylədiyi fikirləri necə inkar etdi? Bunu bəzən cəmiyyətimiz üçün edirəm ki, az-çox tanıyasınız sizi aldadanları. Yoxsa Sərdar Cəlaloğlu adında həqiqətən hansısa problemim yoxdur. Hətta mənim deputat mandatıma şübhəli yanaşmasına da dönüb demərəm ki, məhz o mandatı əldə etmək üçün hansı oyunlara baş vurub. Mənimlə debatdan dəm vurur, bir neçə dəfə siyasi debatlarda, deyəsən, unudub ki, aşının suyunu necə vermişəm. Nəzərdə tutduğu tarixi mövzularda da əks tərəfi təmsil edən bütün mütəxəssislərlə da hansı səviyyədə öz mövqeyimi müzakirələrdə isbatladığımı youtubedən rahatca izləyə bilərsiniz. Mən yaradıcı adamlara həqiqətən sayğı duyuram, dəstək verirəm, o cümlədən də Sərdar Cəlaloğlunun da çalışmalarına həmişə müsbət yanaşmışam, araşdırmaçılığını yüksək qiymətləndirirəm. Başını aşağı salıb tədqiqatlarını aparsın, əsərlərini oxuyub insanlar faydalansınlar, sadəcə, istəyim budur ki, bu milləti aldatma vərdişini tərk etsin”.

Barəsindəki ittihamlarla bağlı S.Cəlaloğlunun fikirlərini aldıq. ADP sədri sərt danışdı: “Mən mandat almaq üçün üç dəfə açıq mübarizəyə girmişəm, udmuşam. Qələbəm tanınmayıb, Avropa Məhkəməsinə bunun üçün müraciət etmişəm, birini udmuşam, digər işlərimə baxılır. Əgər Fazil Mustafanın deputatlıq qazanmaq üçün kiminləsə danışıqlara getməyim barədə əlində fakt varsa, açsın desin. Onun mənə dediyi böhtandan başqa bir şey deyil. Elçibəy hakimiyyətində o, kiçik bir vəzifədə idi. Amma ondan çox-çox qabaq bizə yüksək vəzifələr, nazir postları təklif etmişdilər. Biz bundan imtina etdik. 1990-cı ildə Afiyəddin Cəlilov dedi ki, bizimlə görüşün, gedin parlamentdə oturun. Mən bundan imtina etmişəm. Mandatla bağlı qapı döydüyümü sübut etməsə, nadürüst, şəxsiyyətsiz onun özüdür. Burada təəccüblü heç nə yoxdur. Qabağa gedənləri daim dəli adlandırırlar. Nə qədər məqsədimə çatacam ya yox, buna gələcək nəsillər qiymət verəcək. Fazil Mustafanın dinlə bağlı 7-8 kitab yazıb. Əgər onun kitab yazmağı nadürüst, dəli olmağının əlaməti deyilsə, o zaman mən kitab yazanda nəyə görə onun üçün bu qədər nifrətə səbəb olur? Ağıllı adamlar bildikləri şeylərdən danışarlar. Kitabımı yazım, çap etdirim, ondan sonra Fazil bəy əlində bir qələm oxuya-oxuya səhvlər tutsun. Əgər səhvləri sübut edərsə, o zaman oxucular desin ki, Sərdar Cəlaloğlu nadandır. Sən mənim nə yazdığımı bilmədən nə haqla belə danışırsan? Bəlkə zarafat edirəm, Qurana heç izah yazmıram? Belə qeyri-ciddi yanaşma olar? İnsanlar tanış olmadıqları bir şey barəsində necə münasibət bildirə bilərlər? Üç il öncə ilk dəfə Qurana elmi və fəlsəfi izah yazmağımla bağlı fikirlər deyəndə, əvvəlcə Vaqif Hacıbəyli, Əli Əlirzayev qalxdılar ki, getsin öz işi ilə məşğul olsun. Amma İslam Universitetinin prorektoruna bu sualı verəndə demişdi ki, görək nə yazacaq, din üçün əhəmiyyəti olacaqmı, ondan sonra danışa bilərik. Onun mövqeyini tam ədalətli saydım. Yoxsa Fazil Mustafa kimi, ay filankəs dəlidir, başı xarab olub kimi fikirlər səsləndirmək etik deyil. Azərbaycan cəmiyyətində xəstə təfəkkür formalaşıb. İnsanlar görmədikləri şeyə münasibət bildirirlər. Fazil Mustafanın bu mövqeyi onun kafir olduğunu göstərir. Çünki Quranı şərh etmək bir müsəlman kimi borcumuzdur. Yoxsa kim bunu edirsə, ona dəli demək olmaz, Fazil Mustafa. Bir insan bilmədiyi şey haqqında danışanda, yoxsa bildiyi şey haqqında yazanda dəli olur? Deyir ki, fəlsəfə doktoruyam. Mənə Azərbaycanda imkan vermirlər ki, bu adı alım. Dedim, Nobeli qazanmaq istəyirəm, hamı düşdü üstümə ki, ay Nobelin yanından, yaxud altından keçə bilməzsən. Amma gizli səsverməyə qədər irəlilədim. Az qalırdı bu mükafatı alım. Sən də get yaz, Fazil Mustafa”.

Image result for Fazil Musstafa

S.Cəlaloğlu deputatla qarşıdurmasının Şah İsmayıl Xətai barədə onun dediklərindən sonra başladığını söylədi: “Xətai barədə onun dedikləri hər kəsə bəllidir. Mən ona dost, bir böyük kimi cavab verdim. İndi bu mənə səfəvilərlə bağlı dediklərinə elmi şəkildə cavab verə bilmir, indi Qurana elmi fəlsəfə yazmağımla bağlı ağzına gələni danışır. APA TV-yə dəvət etmişdilər, dedilər Fazil Mustafa da gələcək. Mən də verilişə getdim və ona sözlərimi demək istədim ki, elmi fikirlərini, dəli olmağımla bağlı sözlərini sübut et. Gedəndə görürəm ki, deyib qar yağdığına görə gələ bilmirəm. Sən haqlı insansa, buyurub gələrdin. İndi yenə səni debata çağırıram, Quranla, təhsil aldığın hüquqla bağlı çıxaq televiziyaların birinə. Millətin gözü qarşısında istənilən mövzuda diskussiya aparaq, sübut et ki, ağıllısan. Dediklərin nə yaşına, nə başına, nə də əvvəl dediyim kimi, cibində gəzdirdiyin saxta mandata yaraşır. Sənin mövcudluğun məni düşündürmür. Sən kimsən mənə Qurana izah yazmağımla bağlı nəsə deyirsən. Allah sənə tapşırıb ki, Qurana izah yazmağa insanları qoyma? Mən heç ona cavab vermək istəmirəm. Sadəcə, mətbuatda ağzına gələni danışır, jurnalistlər də mövqe istəyirlər. Mən də mətbuatdan heç zaman qaçmamışam. Yoxsa heç vaxtım da yoxdur ki, ona cavab verim. Onunla həyat yolumuz heç vaxt bir olmayıb. Biz tamamilə siyasi cəhətdən ayrı-ayrı yerlərdə olmuşuq. Səfəvilər haqqında o yazını yazmasaydı, heç bunlar da olmayacaqdı. Bir partiya sədri, siyasətçi, vətənpərvər bir insan kimi cavab verməyi borc bildim. Fazil elə bilir ki, bundan başqa kimsə onu təhqir edə bilməz. Onun haqqında elə sözlər deyərəm ki, özü də onun dediyi kimi yox, fakt deyərəm. Dediyi sözlərdən min dəfə çox təhqir olunar. Özü haqqında fakt deyərəm. Amma kişiliyim buna imkan vermir. Ailəm var, cəmiyyətdə azdan-çoxdan siyasətçi kimi tanınıram, niyə məni təhqir edirsən? Düşünürsən ki, məni nə qədər təhqir etsən, yuxarıda duracaqsan. Bir şeyi bilmək lazımdır ki, bir insanı alçaltmaqla ucalmaq mümkün deyil. Niyə məni hədəfə götürüb anlamıram. Əgər qüdrəti, savadı çatırsa, dini yazılarıma elmlə cavab versin, mən də görüm ki, ağıllıyam, yoxsa dəliyəm”. (musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm