• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

DİN İsmayıllıdakı “təcavüz olayı"na aydınlıq gətirdi – Rəsmi

DİN İsmayıllıdakı “təcavüz olayı"na aydınlıq gətirdi – Rəsmi

“Bir məktəb direktorunun, bir ziyalının bu cür yoxlanılmamış, qeyri-səhih xəbərə əsasən ağır cinayətdə suçlanması, bir azərbaycanlı xanımın xalqımız üçün həddən artıq həssas məsələdə ləyaqətinə toxunulacaq səviyyədə alçaldılması yolverilməzdir”.

Bu sözləri Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə İsmayıllı rayonunun Kürdmaşı kənd orta məktəbində fəaliyyət göstərən qaçqın məktəbinin direktoru, 56 yaşlı Zahid Namazovun öz şagirdi olmuş xanımla qeyri-rəsmi münasibətləri və bundan kənd camaatının hiddətlənməsi ilə bağlı yayılan xəbərə aydınlıq gətirərkən dedi.

Orxan Mansurzadə bəzi saytların bu faktı bir az da şişirdərək, İsmayıllı Rayon Polis Şöbəsinin rəhbərliyi adından məsələnin guya olmuş bir fakt kimi təqdim edilməsini də qınadı:

“Mən rəsmi olaraq deyirəm ki, iyulun 12-də Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə A. ad-soyadlı xanımın itkin düşməsi ilə bağlı müraciət edilib, daha sonra isə A.-nın anası polis şöbəsinə gələrək, ərizə təqdim edib. Qızın anasının müraciəti əsasında itkin düşmə faktı ilə bağlı araşdırmalara başlanılıb.

Dörd gün sonra xanım evinə qayıdıb və polisə də izahat verib. A.-nın polisə verdiyi izahatda göstərilir ki, onu Göyçay rayon Qarayazı kəndindən olan bir oğlana ərə vermək istəyiblər, qız bu izdivaca etiraz etdiyi üçün evdən gedib. Məzunu olduğu məktəbin direktoru Zahid Namazov isə onu evdən qaçmaq fikrindən daşındırmağa çalışsa da, A.-nın inadkarlığı və fikrindən dönməməsindən sonra ona yardım etmək qərarına gəlib və qızı qohumlarından birinin evinə yerləşdirib. Qızın istəyi qəbul olunduqdan, yəni toy razılaşması pozulduqdan sonra A. evlərinə qayıdıb. Z.Namazov bu işdə A.-ya bir müəllimi və ziyalı kimi qayğı göstərib. Görünür, insanların saf niyyətinin və qayğının çirkin şəkildə təqdim edilməsində maraqlı olan şəxslər var. Onlar məsələnin əxlaqdan və etikadan kənar təqdimatında maraqlı olublar. Əslində, ictimaiyyət bu cür şəxslərə qarşı öz qınağını ortaya qoymalıdır”.

Orxan Mansurzadə İsmayıllı Rayon Polis Şöbəsində yalnız şəxsin itkin düşmə faktının araşdırıldığını, qız tapılandan və izahatı alındıqdan sonra isə işin bağlandığını, medianın təhriflə yazdığından fərqli olaraq, başqa heç bir təhqiqat aparılmadığını söylədi:

“Məsələnin mahiyyəti budur. Hesab edirəm ki, medianın bu cür həssas məsələni dəqiqləşdirmədən yayması həm jurnalist etikasına, həm KİV normasına, həm də xalqımızın dəyərlərinə ziddir. Reytinq xatirinə yalnız bir mənbədən eşitdiyi hadisəni dəqiqləşdirmədən verməklə burda bir neçə ailənin ləyaqətinə toxunulub. O xanım bizim hər birimizin doğması ola bilərdi. Belə şəraitdə sözügedən şəxslərin və onların yaxınlarının hansı psixoloji sarsıntılar keçirdiyini təsəvvür etmək çətin deyil”.

DİN sözçüsü insan şəxsiyyəti və ləyaqəti, ailə-məişət məsələləri mövzusunda yazılarda medianı daha həssas, məsuliyyətli və korrekt olmağa da çağırdı.

Xatırladaq ki, İsmayıllı rayonunun Kürtmaşı kəndində məktəb direktoru, 56 yaşlı Zahid Namazavun şagirdi olmuş A. adlı xanımla qeyri-rəsmi münasibətdə olduğu, A.-nın Göyçay rayon Qarayazı kəndindən olan bir oğlanla nişanlandığı və qız toyundan sonra evdən qaçması barədə yerli sakinlərə istinadla xəbər yaymışıq. Xəbərdə bu hadisənin kənd camaatını hiddətləndirdiyi və rayon rəhbərliyindən Z.Namazovu kənddən qovmasını tələb etdiyi bildirilirdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR