Normal uşağın boyu ildə nə qədər artmalıdır?
Bizi izləyin

Sağlamlıq

Normal uşağın boyu ildə nə qədər artmalıdır?

Fiziki inkişaf bioloji yaşdan asılıdır.

Bir sıra xəstəliklər kimi keçid dövründə uşaqlarda meydana gələn boy patologiyalarında da son zamanlar çoxalma müşahidə olunur. Belə ki, cırtdanboyluqla əlaqədar müraciətlərin sayı digər illərə nisbətən artıb. Bu patologiyaya keçid dövründə daha çox rast gəlinir. Valideynlər uşağın yeniyetmə dövründə boy atacağını gözləyir. Bu baş vermədikdə isə həyəcanlanmağa səbəb yaranır və çox hallarda müdaxilə etmək üçün artıq gec olur. Belə ki, bu uşaqları müayinə etdikdə onların böyümə zonalarının artıq tam bağlı və yaxud məhdud olduğu müşahidə edilir. Belə olduqda heç bir dərman preparatı kömək etmir.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) uşaq xəstəlikləri kafedrasının müəllimi İlisur Novruzov bildirib.

Həkim deyib: "Akselerasiyaya nəzərən son 200 ili müqayisə etdikdə insanların orta boy həddinin təxmini 20 santimetr artdığını görmək mümkündür. Əgər o zamanlar orta boy həddi 150-160 santimetr arası idisə, hazırda bu rəqəm 170-180 sm təşkil edir.

Boyun tez artması cinsi inkişafın tez başlaması deməkdir ki, bu da hazırda uşaqların böyük bir əksəriyyətində müşahidə edilir. Keçid dövrünə erkən girən uşaqların böyümə zonaları da tez bağlanır. Misal üçün əgər əvvəllər qızlarda keçid dövrü 13-15 yaş arası başlayırdısa, hazırda bu hal orta hesabla 9-11 yaşda qeydə alınır. Bu da o deməkdir ki, belə uşaqların boy artımına daha çox diqqət yetirmək və hər hansı bir şübhə yarandıqda yubanmadan həkimə müraciət etmək lazımdır.

Bunun üçün ilk olaraq uşağın müayinədən keçərək bioloji yaşı müəyyən edilir. Belə ki, fiziki inkişaf bioloji yaşdan asılıdır. Böyümə zonalarından asılı olaraq uşaqlarda cırtdanboyluqla yanaşı, boyun həddindən artıq ucalığı da görülə bilir.

Misal üçün əgər uşağın bioloji yaşı fiziki yaşından çoxdursa və boy bioloji yaşa uyğundursa (həmyaşıdlarına nisbətən daha ucaboy) bu patologiya deyil. Bu uşağın digərlərinə nisbətən daha tez inkişaf etdiyini göstərir. Yaxud, bioloji yaş fiziki yaşdan azdırsa və boyu fiziki yaşla uyğundursa bu uşağın digərlərinə nisbətən daha gec yetişdiyini göstərir ki, bu zaman da həyəcanlanmağa bir səbəb yoxdur. Bu uşağın daha gec inkişaf etdiyini göstərir. Lakin bioloji yaş fiziki yaşla üst-üstə düşdüyü halda boy hər iki yaşa nisbətən azdırsa bu artıq uşağın boyunun gələcəkdə qısa olacağını göstərir.

Bioloji yaşın müəyyən edilməsinə gəldikdə isə, bu çox sadə üsulla yoxlanılır və valideynlərin müayinədən qorxmalarına bir səbəb yoxdur. Bu ilk olaraq biləklərin rentgenoqramasıdır ki, orada hər bir dəyişikliyi tam və açıq gömək mümkündür.

Ümumiyyətlə, onu demək istərdim ki, uşağın normadan daha zəif inkişaf etdiyi müşahidə edildikdə onun həkim-endokrinoloqun müayinəsindən keçməsi vacibdir. Bundan əlavə, keçid dövründə olan uşaqlarda boy və çəkiyə nəzarət edilməlidir. Normal uşaq ildə beş-altı santimetr artmalıdır. Ümumiyyətlə, uşaqlar ömürlərinin orta hesabla ilk ilində 24 santimetr, bir-iki yaş arası 12-13 santimetr, üçüncü il 8-9 santimetr və dörd-beş yaşdan yeniyetmə dövrədək ildə beş-altı santimetr artmalıdır. Keçid dövründə artıq kəskin boy artımı başlayır ki, bu zaman normal inkişaf edən uşağın boyu ildə orta hesabla 12-15 santimetr artır. Lakin onu da qeyd etməliyəm ki, burada genetik faktorlar da nəzərə alınmalıdır". (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm