• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

O dikdabanı çıxaranın...

O dikdabanı çıxaranın...

Zahiri görünüşündən, maddi durumundan, həyat tərzindən asılı olmayaraq, heç bir qadının qarderobunu dikdaban ayaqqabısız təsəvvür eləmək mümkün deyil. Gündəlik həyatda idman üslubuna üstünlük verən xanımların belə dolabında “gözmuncuğu” adına, toya-nişana geyinmək üçün nəzərdə tutulmuş bir cüt dikdabanı var. Bəs bu naraat amma gözəl “dabanların” həyatımıza necə daxil olduğunu, hansı məqsədlə yaradıldığını və hazırkı funksiyasına necə çatdığını bilirikmi?


Ata minmək üçün dikdaban...

“Kabluk” – dabanı yer səviyyəsindən qaldırmaq funksiyası daşıyan şaquli dayaqdı. Çoxlarımız bu sözün dilimizə rus dilindən keçdiyini düşünsək də, əslində “kabluk” – mənşəcə ərəb sözüdü: “kab” – daban deməkdir. Hesab edilir ki, kabluk ilk dəfə atla gəzinti üçün nəzərdə tutulmuş çəkmələrdə ayağın üzəngidən çıxmasını əngəlləmək məqsədilə istifadə olunub. Hərçənd kabluk haqqında ilk qeyd eramızdan 4000 il əvvələ təsadüf edir!!!

Əkinçi ayağından gözəl qadın dolabına

Sizcə, bu estetik daban harda yarana bilərdi: təbii ki, Misirdə. Qədim Misirdə ayaqqabını papirusdan hazırlayırdılar. Onları geyinmək lüksünə ancaq Firon və onun yaxınları sahib idilər. Hündür dabanlı ayaqqabıları isə əkinçilər geyinirdilər. Bu tip dabanlar sayəsində onlar boş torpaqda rahat gəzə bilirdilər. Yəni qadınlar geyimlərinin və ən vacib detallarından biri olan, zahiri görünüşlərinə şarm qatan hündürdabanlı ayaqqabıların - kablukun yaranmasına görə məhz əkinçilərə təşəkkür eləməlidilər!

Aktyorların və fahişələrin ayaqqabısı – platforma!

Hazırda dəbdə olan platforma dabanların “doğum tarixi” isə eramızdan 200 il əvvələ aiddi. Platformaların əsas istifadəçiləri Roma aktyorları idi - bu cür dabanlar onların səhnədə daha hündür görünməsinə kömək eləyirdi. Artıq bu dövrdə romalılar ayaqqabılarını çələnglərlə bəzəməyə, müasir dillə desək, onlara dizayn verməyə başladılar.
Hündür dabanlı ayaqqabıların inkişafında yüngül əxlaqlı qadınların da böyük xidməti var: Çəkməçilər onların ayaqqabılarına mısmarları elə vururdular ki, keçdikləri yerlərdə “arxamca gəl” yazılmış izlər qalırdı.
Lakin bu yeniliklərin, demək olar ki, heç biri kütləvi xarakter daşımır, yalnız cəmiyyətin müəyyən qrupları – aktyorlar, küçə qadınları, süvarilər – arasında və konkret məqsədlərlə istifadə olunurdu.

Səlib yürüşləri və rahat səndəllər dövrü bitdi – yaşasın dikdabanlar!

Orta əsrlərdə - səlib yürüşlərinin bitdiyi, Avropada mədəniyyətin yarandığı, dəbdəbəli sarayların tikildiyi dövrlərdə geyim də öz funksiyasını dəyisib həyat tərzinin göstəricisinə çevrildi və ayaqqabı da bu dövrdən öz nəsibini aldı. Rahat, yüngül səndəllər bahalı materiallardan hazırlanmış, qiymətli daşlarla bəzədilmiş ayaqqabılara çevrilməyə başladı.
1154-1189 - Kral II Henri uzunburun ayaqqabı modasını yaratdı. Bəzən ayaqqabının burnunun uzunluğu 60-70 sm-ə çatırdı.
1189-1199 - Ayaqların üzəngidən çıxmaması üçün kabluklu ayaqqabılar meydana çıxdı.
1215- Parisdə uzunburun ayaqqabılar geyinməyi qadağan edən qanun qəbul edildi. Yalnız Kraliyyət ailəsinin üzvləri belə ayaqqabılar geyə bilərdilər. Bu isə onlara qarşı ciddi paxıllıq yaradırdı.
1500- hündürdaban ayaqqabılar populyarlıq qazanaraq kütləvi şəkildə istifadə olunmağa başladı. Intibah dövründə qadınlar sonradan kabluka çevrilən taxta platformaların üstünə çıxdılar. Daha çox Ispan və italyan qadınları arasında məşhur olan platforma və kablukların hündürlüyü 20 dyümə (60,96sm!!) çatırdı. Belə ayaqqabılar “chopines” adlanırdı. Onları geyinmək, üstündə yeriyə bilməkdən ötrü xanımların- nə az, nə çox- düz iki köməkçiyə ehtiyac vardı.
Tarixdə “Qanlı Meri” təxəllüsü ilə qalmış Mariya Tüdor mümkün olduğu qədər hündür kabluk geyinirdi.
IX əsrin əvvəllərində artıq hər iki cinsin nümayəndələri kabluk geyinirdi.

“Luinin hündür kablukları”

1660 –cı Fransada kral taxtına oturan və XIV Luiyə çevrilən çəkməçi Nikolas Lestaj ata –baba peşəsini də unutmur, krallıqdan qalan boş vaxtlarında hündürlüyü 12 sm olan ayaqqabılar düzəldir və onları döyüş səhnələri ilə bəzəyirdi. “Luinin hündür kablukları” adlanan bu ayaqqabılar qadınlar arasında çox məşhur idi.
Həmçinin bu dövrdə xanımların ətəyi yerlə sürünən donları bir qədər qısalır ki, bu da qızlara öz ayaqqabılarını göstərməyə imkan verir. Rokoko dövründə tufliləri krujeva və lentlərlə, qiymətli daşlar və bahalı məxmərlə bəzəməyə başlayırlar. Ayaqqabılar tam bir sənət əsərinə çevrilir.
1793 – Fransa kralı Luinin sevimlisi Madam Pampadurun çox kiçik ayaqları vardı və onun sayəsində “Pampadur” adlanan dar kabluklu ayaqqabılar dəbə minir. Belə ayaqqabıları geyinə bilmək üçün qadinlar pəncələrini iplə sarıyıb ayaq ölçülərini kiçildirdilər. Ancaq Fransa inqilabı ərəfəsində kablukların şöhrəti qəfildən azalır
Bu yerdə bir haşiyə çıxaq: Bizim dövrümüzdə də qızlar ayaqlarını sevimli tuflilərinin ölçüsünə uyğunlaşdırmaq üçün hər əməliyyata hazırdırlar. ABŞ cərrahları hətta öz fanatik xəstələrinin ayaqlarının balaca barmaqlarını da kəsirdilər.
1794- Amerikada ilk pərakəndə ayaqqabı mağazası açılır. Eyni dövrdə ayaqqabıya kabluk yapışdıra bilən maşınlar kəşf olunur.
1800- Yenə inqilab ərəfəsi olduğuna görə düz dabanlı səndəl və çəkmələr yenidən populyarlaşır. Bu dövrdə ayaqqabılar nazik dərialtlı baletkalara bənzəyir. Bunda Napoleonun rolu az deyildi. Onun boyu hündür deyildi və yeni dəb ona özünü təsdiqdə kömək edirdi.
1904 - Britaniya ixtirası olan Pump (qayıqşəkilli ayaqqabılar) Amerikaya qədər gedib çıxır və bütün ayaqqabı mağazalarını doldurur.

Və nəhayət – iynə kabliklar...

1950- italyan modelyer Salvatore Ferrqamo məşhur iynə kablukları ixtira edir. O, kabluklarda dayaq kimi uzun polad stilet-sterjenlərdən istifadə eləməyi məsləhət görür. İtaliyada hündür nazik dabanlar populyarlaşır. Nazik burunlu ayaqqabılar yenidən dəbə minir.
Indi heç bir qız özünü istər kiçik, istərsə də 15 sm-lik iynə kabluklu ayaqqabısız təsəvvür edə bilmir. Əlbəttə, daha rahat olduğü üçün çoxları bəzən baletka, yaxud düz altlı ayaqqabılara üstünlük verirlər. Ancaq kabluklu ayaqqabıda hər qadın özünü daha əmin və seksual hiss edir.

Sahilə Aslanlı
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR