• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Nailə Mirməmmədli: “Röya gəlib dedi ki, “mama” gəl səni ərə verim”

Nailə Mirməmmədli: “Röya gəlib dedi ki, “mama” gəl səni ərə verim”

Bəstəkar Nailə Mirməmmədlinin Publika.Az-a müsahibəsi:

-Nailə xanım, necəsiniz? İstirahəti necə keçirirsiniz?
-Yaxşıyam. Mənimçün nə tətil var, nə də bazar günü. Ana elə belə də olmalıdır. Bizim üçün istirahət yoxdur.

-Tələbələriniz gəlib-gedirmi?
-Əlbəttə. Onlar da övladlarım sayılır. Çoxuşaqlı anayam. Ümumiyyətlə, şou-biznesdə çox adamı övladım sayıram, çoxu da mənə ana kimi baxır.

-Tələbələrimizi bu evdə qarşılayırsınız?
-Hamısını evimizin qonaq otağında. Hərdən təzə oxuyan gəlir, oxumağa utanır. Deyirəm, ay bala, bu divarlar nə səslər eşidib, utanma, oxu.

- Bu evdə neçə ildir yaşayırsınız?
-1986-cı ildə gəlin köçmüşəm.


“Qaynanam mən gəlin gələndən söyləyir ki, deyirlər buralar sökülür”


-Mənə elə gəldi ki, yaradıcı adam, tələbələri olan bəstəkar üçün bir az darısqaldır…
-Ürəyim genişdir. Biz Hikmətlə evlənəndə bir qaynanam vardı, bir mən, bir də Hikmət… Üçümüz üçün bu üçotaqlı ev bəs idi. Qaynanam mən gəlin gələndən söyləyir ki, deyirlər buralar sökülür. Ona görə gözləyirik ki, sökülsün, təzə ev alaq (gülür). Ancaq 2008-ci ildə prezidentimiz mənə üçotaqlı mənzil bağışladı.Hələ ki oranı düzəldə bilmirəm. İnşallah, qızım bu il ali məktəbə daxil olsun. Gücümü ona qoymuşam. Oğlum bu il İqtisadiyyat Universitetinin maliyyə fakültəsini bitirib. Onun əsgərlik məsələsi var. Bütün işlərimiz yerbəyer olsun, gücümü evə yönəldəcəm.Həm də oğlumu evləndirmək istəyirəm.

- Yəqin ki, seçimi öz öhdəsinə buraxacaqsınız...
-Cavidan hətta dostlarını belə seçəndə mənimlə məsləhətləşir. İndiki zamanda nəinki dost, hətta tanış belə olanda məsələhət olmalıdır. Hikmətin ölümünə qədər elə bilirdim ki, bütün insanlar yaxşıdır, bizim evdə çörək yeyən hamı məni çox istəyir. Hikmətdən sonra iki ovuc aralananda olduğu kimi boşluğa düşdüm. Özümü hər yerdə tək hiss etdim. 5 ildir ki, Hikmət həyatda yoxdur. Bu 5 ildə mənim çevrəmdə demək olar ki, tək-tük tanışım qalıb, dostum yox. Mən də övladlarıma nümunə çəkib başa salıram ki, dost bu deməkdir. Çətin gündə sənin yanında məsləhət verməyə adam yoxdursa, sənə heç dost lazım deyil.

-Övladlarınız üzərində nəzarətiniz güclüdür? Hiss edirəm ki, çox tələbkarsınız…
- Mən istəyirəm ki, övladlarım yaxşı gün görsünlər. Onlar oxumuş olsunlar, mütləq savad alsınlar. Xüsusilə qızım. Heç kim zəmanət vermir ki, onun necə qisməti olacaq. Siz deyin, mənim sənətim olmasaydı, 3 övladı necə saxlayardım?

“Efirdə deyərdilər ki, Nailə Mirməmmədli ikinci dəfə ərə getdi...”

-Nailə xanım, son vaxtlar az-az görünürsünüz. Axırıncı dəfə Sizi “Ay ürək” mahnısının təqdimatında gördüm…
- Mən düz-əməlli bir veriliş tapa bilmirəm ki... Hansı verilişdə intriqasız, yaradıcılığımızdan danışa bilərik?Jurnalistlər reytinq xatirinə sövq edirlər ki, kimsə kiminsə bostanına daş atsın. Bəzi yaxşı verilişlər var. Ora çıxmışam, ikinci dəfə hara çıxım? Lap elə Röya ilə Niyaməddin Salaminin “Ay ürək” mahnısının təqdimatı olsun... Fikir verirdim görüm, jurnalistlər təqdimatı necə işıqlandıracaqlar. Elə veriliş oldu ki, mahnıdan bir balaca danışdı, sonra da qonaqlardan, dənizdən söhbət açdı. Əlaqələndirməni deyirəm… Rejissor, operator, müxbir işi yox səviyyəsindədir. Elə veriliş də oldu ki, orda mənim izim-tozum yox idi. Mahnı haqqında danışılmırdı, ancaq deyilirdi ki, Röyanın başına ekran düşdü...

-Hikmət müəllimdən sonra həyatınızdakı boşluğu yalnız övladlarınızla doldurursunuz?
-Əlbəttə. Bir söz deyim, bunu heç yerdə deməmişəm. Hikmət təzə rəhmətə getmişdi, ili yeni çıxmışdı. Röya bir gün bizə gəlib, qayıtdı ki, “mama” gəl səni ərə verim. Mat-məəttəl baxdım ona. Dedi ki, nədir, sən kimisə sevməsən, yaza bilərsən? Sən yazmasan mən nə oxuyacam? Baxın, bütün evdə onun şəkilləri, royalın pultunda onun şəkli... Göstərdim Röyaya ki, bax, sən elə bilirsən o, yoxdur? Sizin üçün ola bilər yoxdur, mənim üçün həmişə var. Mən ikinci dəfə kimə bağlana bilərəm ki? Belə şeyi götürə bilmərəm.

-Siz istəsəniz belə, övladlarınız razı olar?
-Övladlarım məni başa düşərlər. Biz hər şeyi bölüşürük. Kimsə Hikmətin yerini doldura bilməzdi axı.Heç kimi acılamaq istəmirəm. Xasiyyətində, oturuş-duruşunda heç kim Hikmətə oxşaya bilməz.Tutaq ki, Allah göstərməsin, həyatımda yenilik olardı. Məsələn, efirdə deyərdilər ki, Nailə Mirməmmədli ikinci dəfə ərə getdi.Təsəvvür edirəm ki, insanların gözündən necə düşərdim.

-Yəni, daha çox cəmiyyətin qınağından narahatsınız…
-Əlbəttə, narahatam. İstəyirəm bacardığım qədər nümunə olum. Bu mənə stimul verir. Hərəkətlərimlə fəxr edirəm ki, mən kiməsə nümunə ola bilirəm. Desinlər ki, bax görürsən, özü tək üç övladını necə böyüdə bildi. Deməli, mümkündür. Allaha bağlılığın varsa, sən tək bacara bilərsən.


“Oğlumun ölümü dostlarına görə oldu”


- Nailə xanım, bu neçənci siqaretdi ki yandırdınız…Nisə Qasımova siqareti özünə yeganə dost bilir, bəs siz?
-Bunu mənə Hikmət öyrədib. Elə adam var bilmir ki, mən siqaret çəkirəm. Adamlar arasında çəkən deyiləm. Eləsi də var elə bilir ki, Hikmətdən sonra çəkməyə başlamışam. 42 yaşımda oğlum itirdim. Ondan sonra siqaret çəkməyə başladım. 42 yaşımda ad günü elədim, sonra oğlum rəhmətə getdi. Bir tərəfimi iflic vura bilərdi. Dərmanlar təsir etmirdi. Daha güclüsünü yazırdılar, yenə xeyri olmurdu. Hikmət özü mənə öyrətdi ki, bu səni sakitləşdirə bilər. Mən mentol siqaretdən başladım. Masanın üstündə kül qabı olanda evdə qırğın olurdu. Hikmətə həmişə deyirdim ki, at da bu zəhrimarı. Deyirdi, sən ağ günə çıxmısan. Atan “Avrora” çəkirdi, mən filtirli çəkirəm. Gör nə qədər fərq var. Atam da çox siqaret çəkən idi. Allah heç bir anaya övlad itkisi qismət eləməsin. Çox böyük dərddir… Ancaq dərk edəndən sonra ki, İmam Hüseyndən artıq deyil…Oğlum da seyid Hüseyn olub. Allahın əmri ilə barışmalısan. Nə qismətdirsə, odur.

- “Dərd verdin”mahnısı həyatınızdakı fırtınadan qabaq yazılmışdı…
-Əslində, “Dərd verdin” 5 il əvvəl yazılmışdı.Ancaq birinci dəfə oğlumun 3 mərasimi günü səsləndi. Mətanət İsgəndərli 5 il idi ki, o mahnını oxuya bilmirdi. Studiyaya girən kimi ağlamaq tuturdu, çıxırdı ki, oxuya bilmirəm. Heç kimə də verməyə qoymurdu. Doğrudan da Mətanət xanımın səsində mahnı mərsiyə kimi alındı. Hətta o vaxt Zülfiyyə Xanbabeayeva da deyirdi ki, bu mahnını özümə yaxın bilirəm. Röya da deyib ki, o mahnını oxumaq istəyir. Mən Mətanət xanımın ifasında onu bəyənirəm, bir də inşallah, Kibariyyənin ifasında eşidəcəksiniz.

-Sizin üçün ağır olsa da, o dəhşətli günə qayıdaq…Biz sadəcə oğlunuzun dənizə gedib bir də geri gəlmədiyini bilirik.
-Baxın, bayaq dostlardan söz açdıq. O dostlara görə oldu. Hər gün uşağa deyirdilər ki, ana uşağısan, bəsdi evdə oturdun, gedək dənizə. Ad gününə bir həftə qalmışdı.Uşaqlar onu dənizə apardılar. Bu da sübut etmək istəyirdi ki, ana, uşaq deyiləm, mən də sərbəst olmaq istəyirəm. Getdi dənizə, bir də qayıtmadı...10 ildi yoxdu. Sağ qalsaydı, 26 yaşı olacaqdı bu ay…


“Üzümə də deyən olub ki, buna bax ölmədi eee...”


-Son mahnınız “Ay ürək”dir. Ürəyiniz çox qocalıb?
-O sözlər buna görə məni təsir edir. Mən ürəyimi qocalmağa qoymasam da, məcburdur. Əvvəla ona görə ki, bu qədər dərd çəkmişəm. İkincisi, ətrafı indi tanıyıram. İndi-indi bilirəm ki, nə cür insanlar ola bilərmiş...Sanırdım ki, həyat da, insanlar da gözəldir. Hikmət ölümünü sanki hiss edirdi, həmişə deyirdi ki, sən məndən sonra necə yaşayacaqsan? Sən insanlara çox inanırsan. İndi ona görə çətinlik çəkirəm... İnsanların laqeydliyi, nadanlığı necə ağır və günah imiş. Bütünlükdə xalqıma şamil etmirəm. Çünki həsəd apardığım, yaxşı insanlar da var.

- Siz oğlunuzu, həyat yoldaşınızı, ananızı itirdiniz...Bütün bunlardan sonra Nailə Mirməmmədli yaşamaq üçün stimulu nədən aldı?
-Atamı, oğlumu, həyat yoldaşımı, anamı, qardaşımı, qardaş əvəzi yeznəmi itirdim. Valideynlərim mənə elə əqidə və düşüncə aşılaya biliblər ki, Azərbaycanda danışmağı bacarıram, insanlarda gözəlliyi axtarıb tapa bilirəm. Məni yaşadan torpağa bağlılıqdır. Hələ Hikmətimin arzularını həyata keçirməyə gücüm, qüvvəm qalıb. Elə bilirsiniz məni qınayan olmayıb? Üzümə də deyən olub ki, buna bax ölmədi eee. Bu nə cür istəkdir? Deməli, sevmirmiş. Sevinirəm ki, bizə Leyli, Məcnun kimi, bu dövrün İlhamı, Fərizəsi kimi baxırdılar. Ancaq çox istərdim ki, anlasınlar... Özümə bir şey etsəydim, övladlarımı kim böyüdəcəkdi? Bu dəqiqə qardaş qardaşa kömək etmir. Bəziləri mənə başsağlığı verəndə deyirdilər ki, yazma ha, ayıbdır, daha yazma. Bu sözlər həqiqətən çox gülməlidir.

-Həmin adamlar sizin həmkarlarınızdır?
-Eləsi var ki, bəstəkar həmkarımın arvadıdır. Deyirdi ki, yazma sənə gülməsinlər. Ağlım olmasaydı, bəlkə utanıb yazmazdım. Fikirləşdim ki, demək yazmaq lazımdır. Onlar özləri də bilmirlər ki, bununla mənə stimul verdilər.


“Gəlinimin ürəyinin mənə yaxın olmasını istəyirəm”


-Bayaq dediniz ki, Hikmət müəllimin arzularını həyata keçirmək istəyirsiniz. 5 ildir Hikmət Mirməmmədli yoxdur. İndiyədək hansı arzuları reallaşıb?
-Bir epizod danışım. Hikmətin qırxı çıxmamışdı. Oğlum ali məktəbə hazırlaşırdı. Elə oldu ki, neçənci cümə axşamından sonra özümü topladım. Qadın qəbir üstə getməz deyirlər, amma qadın ola-ola getdim qəbir şəklini düzəltdirdim. Rəna Mirzəyeva “Qismətimiz”in sözünü yazdı, mənsə musiqisini. Pianosuz mahnı yazdım. Çünki eşidə bilərdilər. Heç kim də başa düşməzdi. Cavid, Əvəz, Ülviyyə Könül sağ olsunlar, təmənnasız onu hazırladılar, özüm pianoda çaldım, klip çəkdirdik, 40 mərasimi günü efirə verdik. Mən özümü topladım, çünki bu Hikmətin adı idi. 40 gün çadır yığılmadı. Rayonlardan, kəndlərdən tanımadığım insanlar gəlirdilər. Bu, mənim üçün fəxr idi. Fikirləşirdim ki, Hikmət 46 il əbəs yerə yaşamayıb. Bəxtim gətirib, xoşbəxt olmuşam, mənim seçimim düz olub. Özümü toplayanda fikirləşdim ki, Cavidan instituta girməlidir, oxumalıdır, Hikmətin arzusudur axı. Yasın içində onu maşınla müəllim yanına aparıb-gətirirdim. Onun arzusu oğlunun ali məktəbə daxil olması idi. Oxudu, bitirdi. İndi də qızım. Balaca oğlumun 6 yaşı var. Yaxşı ki, anadan oldu. Hikmət rəhmətə gedəndə onun yaş yarımı var idi. Yadında qalmasa da nə qardaşı, nə bacısı yadından çıxmağa qoymurlar. Kasetlərə, şəkillərə baxır. Hər dəfə soruşur ki, ata bu yeməyi yeyərdi? Baxıram ki, uşağın beynində həkk olunub. Özünü ona oxşatmaq istəyir. Özü də zahirən ona oxşayır.

-Bəstəkarlıq istedadı hansısa övladınıza keçib?
-Böyük oğlum skripkanı qurtardı, amma fikirləşdi ki, ailəni dolandırmaq üçün başqa sənətə getməlidi. Qızım fortopianonu qurtardı. Memar-dizayner olmaq istəyir. Balaca oğluma ümidim var. Hərdən özü yazır, çalır, oxuyur. İstəyərdim ki, üçündən biri bu sənətin dalıyca getsin. Çox istəyərdim, heç olmasa, nəvələrimdən biri bəstəkar olsun.

-İnşallah, oğlunuzun övladı bəstəkar olar.
-Əsgərliyə getsin gəlsin, bilirəm ona kimi alacam...

-Sirrdir?
-Tanımırsınız siz.

-Sizin gəlininiz necə olmalıdır?
-Ürəyinin mənə yaxın olmasını istəyirəm. Mənə yaxın olsa, oğluma da yaxın olacaq. Həm qızım, həm oğlum Hikmətlə mənə oxşayıb. Həyata baxışı, dünyagörüşü, tərbiyəsi olsun, savadı olmasa da, savadlandırmaq asandır. Ancaq çox istərdim savadı da olsun. Oğlum nəinki mənimlə, həm də onunla məsləhətləşsin. Mən bu gün varam, sabah yox.


“Gör mənə hicab necə yaraşır...”


-Nailə xanım, bəs Sizin Hikmət müəllimlə tanışlığınız necə olub? Hamı sizi qohum bilir...
-Allah elə düzüb-qoşub ki... Ali məktəbdə oxuduğum vaxt “Xəyal” instrumental ansamblına dəvət almaya da bilərdim. Dəvət alsam da, atam qoymaya bilərdi. Oranın direktoru atamın tanışı olmasaydı, qoymayacaqdı. Dəvət alıb getdim o ansambla. Hikmət əsgərliyi bitirib oraya uşaqlarla elə-belə görüşə gəlməsəydi... Tamamilə təsadüf idi. Əsgərlikdən qabaq oranın pionoçusu olmuşdu. Oraya gələndə ansamblın üzvləri, qızlı-oğlanlı hamısı üstünə qaçıb, öpüb-qucaqlayırdılar. Özüm də qısqanırdım, deyirdim bu kimdi belə, bunu nə çox istəyirlər... Ansamblda piano bir dənə olur. Fikirləşirdim ki, bu gəlibsə, ya məni çıxaracaqlar, ya da özüm gedim. Hikkəmə salıb dedim ki, daha atam qoymur, gəlməyəcəm. Dedilər, Filarmoniyada konsert olmalıdır, sən repertuarı bilirsən, Hikmət təzə gəlib. Hikmət də deyirdi ki, əsgərlikdə piano çalmayıb, barmaqları taxta kimidir. Dedi siz konserti yola verin, sonra danışarıq. Belə razılaşdıq ki, konsertin repertuarını ona mən öyrədim. Yarısını mən ifa etdim, yarısını o. Dost olduq. Hikmət deyirdi ki, işə düzəlməlidir, ansamblda qala bilməz. İşə düzəlib evlənəcək. Məndən özüm kimi bir qız tapmağımı istədi. Mən də o qədər key idim ki, neçə vaxt Hikmətə özüm kimi qız axtarmışam... Tələbə yoldaşlarımdan tutmuş, qohumlarıma qədər. Deyirdim axı tapdıqlarım mənim kimi deyil. Sən deyirsən ki, həm musiqini dərindən bilsin, həm sənin kimi qarabuğdayı olsun. İkisi bir yerdə olmur axı. Sonra başa düşdüm. Romantik sözlər- zad demədi. Sadəcə dedi ki, sabah sənin ad günündü, istəyirəm bizimkilər sizə gəlsin. O ad günümə həmişə nəsə fikirləşirdi. Sonuncu dəfə ad günümdə torpağa tapşırıldı. Bu da onun bir hədiyyəsi... Bilmirəm buna nə yazı deyim... Ad günü keçirmirəm daha... Həmin gün imam ehsanı veririk. 22, ya da 23 mayda evdə qazan asılır, xörək bişirilir, molla çağırılır. Qəbir üstə gedib-gəlirik.

P.S. Elə bu məqamda Nailə xanım yenə bir siqaret yandırdı, daha müsahibəni bitirmək vaxtıdı deyib, sağollaşdıq. O sayta qoymaq üçün şəkil lazım olub-olmadığını soruşdu və mənə divardakı hicablı şəklini göstərib dedi:“Bunları verim sənə. Gör mənə hicab necə yaraşır. Bu şəkli pirə gedəndə çəkdirmişəm. Çox istəyirəm hicab bağlayım. Amma bağlayıb açmaq da istəmirəm. Yaradıcılıq gecəmdə fortopianoda ifa edirəm, hicablı... Necə təsəvvür edirsiniz? Ancaq bilirəm ki, nə vaxtsa tamamilə səhnədən üzlüşüb, yalnız yaradıcılıqla məşğul olanda mütləq hicab bağlayacam. Hicab hər bir qadına yaraşır.

Nərgiz
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR