• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tələbələrin “Məhv olmuş gündəliklər“i

Tələbələrin “Məhv olmuş gündəliklər“i

Bu günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyorluğu fakültəsinin III kurs tələbələrinin ifasında milli dramaturgiyamızın görkəmli nümayəndəsi İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsəri əsasında hazırlanan tamaşanın nümayişi olub.

Tamaşaya quruluşu kursun rəhbəri, aktyor sənəti fakültəsinin dekanı, əməkdar artist Ötkəm İsgəndərov və Akademik Milli Dram Teatrının aparıcı aktrisası, xalq artisti Zemfira Nərimanova verib. Səhnə əsərində əsas rolları tələbələr Samirə Hüseynova, Əlləs Əhmədov, Elşən Talıbov, Vasif Həsənəliyev, Çağrı Duran, Şəbnəm Cəbrayılova, Şahanə Yusifova, Seyran Sultanzadə, Həmidə Axundova və Cahid İsrafilov ifa ediblər.

Əsərin məzmunu ilə bağlı xüsusi məlumat verməyə ehtiyac yoxdur. Tamaşa uzun illər Azərbaycanın teatr səhnəsindən düşməyib və fərqli quruluşlarda tamaşaçılara təqdim olunub. İlyas Əfəndiyevin yaradıcılığı ilə az-çox tanış olanlar da pyesin məzmunundan və ideyasından xəbərdardırlar. Buna görə də bu dəfə daha çox tələbələrin səhnədəki oyunundan bəhs edəcəyik. Sovet dövrünün görkəmli dramaturqlarından İlyas Əfəndiyevin əsərini yeni təqdimatda nümayiş etdirmək daha maraqlı idi. Çünki istənilən halda həm cəmiyyət, həm də cəmiyyətin məsələlərə yanaşma tərzi dəyişib artıq. İndi Fəridənin kasıb tələbə Qəniməti qoyub varlı və perspektivli Ədaləti seçməsilə heç kəsi pəjmürdə etmək mümkün deyil. Və məsələ heç də təkcə varlı-kasıb olmaqda deyil. Cəmiyyətin, gəncliyin sevgiyə və hisslərə münasibətində dəyişiklik yaranıb.

Qənimətlə Savalanın nə üçün sevgisinə xəyanət edib Ədalətə ərə getməsi ilə bağlı Fəridədən hesab sorması nəinki qəribə, bir qədər də gülməli görünür. Həm də ona görə ki, sevgi və fərdi hisslər ictimai qınaq obyektinə çevriləcək məsələ deyil. Bu, Fəridənin şəxsi işidir. Üstəlik yeni tamaşa zamanı bu obrazı ifa edən Samirə Hüseynova inandıra bilir ki, Fəridə Ədaləti var-dövlətinə görə sevməyib. Sadəcə onu özünə daha uyğun hesab edib və onunla xoşbəxt olacağına inanıb. Bu səbəbdən də Samirənin ifasında Fəridə nəinki tamaşaçıda qınaq doğurur, əksinə onun seçimi anlayışla qarşılanır. Bu məsələnin başqa tərəfidir ki, sonrakı hadisələr onun yanıldığını göstərir. Fəridənin tərəddüdlərini Samirə səmimi şəkildə çatdıra bilir və Ədalətlə bağlı məyusluğa uğrayandan sonra onun Qəniməti axtarması qətiyyən təəccüblü gəlmir. Ədalət obrazı Elşən Talıbova özünü bir neçə ampluada göstərməyə imkan verir. Fəridə ilə münasibətlərinin başlanğıcı, Qənimətlə qarşılaşma, Anjellə görüş, Fəridə ilə mübahisələr – Elşən Talıbovda bu səhnələrin hamısı inandırıcı alınıb. Bununla belə bir məqamı mütləq qeyd etmək lazımdır ki, yeni quruluşda tamaşanın ən maraqlı qəhrəmanı Anjel obrazıdır. Bu obrazın ifaçıları Həmidə Əhmədova və Şahanə Yusifova özlərini bir neçə prizmadan göstərə bilirlər. Onların qəhrəmanı tamaşaçını özündən çıxarır. Şıltaqlığı, bəzən vulqar görünməsi, bəzən aşıb- daşan enerjisi, bəzən qəzəbi ilə tamaşaçılara birbaşa təsir edir və diqqəti özünə çəkə bilir.

Savalanı ifa edən aktyorlar da maraqlıydı. Türkiyəli Çağrı Duran və Vasif Həsənəliyevin rahat oynamaları, replikaları inandırıcı ifa etmələri elə təəssürat bağışladı ki, sanki öz sözlərini danışırlar. Qənimət rolunda Əlləs Əhmədov və Seyran Sultanzadə özlərini tamam fərqli ampluada göstərirlər. Mimika, jestlərlə və sözlərlə deyil, daha çox susmaqla diqqəti özlərinə çəkirlər. Ana obrazını yaradan Şəbnəm Cəbrayılovanın ifasına isə yaş kriteriyası heç bir maneə yaratmır və o, rolunu məharətlə ifa edir.

Əslinə baxanda "Məhv olmuş gündəliklər" tələbələrin kurs işindən daha çox premyeranı xatırladırdı. Çünki orada peşəkar tamaşanın komponentləri vardı. Məsələn, gəncləri peşəkar teatra hazırlamaq məqsədilə onlara indidən dublyorla işləmək öyrədilmişdi. Gənclər böyük məharətlə səhnədə bir-birini əvəz edirdi. Quruluşa gəlincə, nə qədər subyektiv səslənsə də, tələbələrlə bundan daha yaxşı oynamaq mümkün deyildi. Xüsusən də böyük əsəri balaca səhnəyə sığışdırmaq sözün əsl mənasında alınmışdı. Hətta bu tamaşanı çəkinmədən hansısa peşəkar səhnədə oynamaq da olar. Bir sözlə, tamaşa Zemfira Nərimanovanın daha bir – gənclərlə iş prinsipi qurmaq və tamaşa hazırlamaq xüsusiyyətini üzə çıxardı. Bu səbəbdən "Məhv olmuş gündəliklər"i aktrisanın daha bir uğuru kimi qəbul etmək lazımdı.

Xəyalə

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR