Strateji yol xəritələri nə vəd edir? - “Monopoliya və korrupsiya tamamilə aradan qalxacaq”
Bizi izləyin

Təhlil

Strateji yol xəritələri nə vəd edir? - “Monopoliya və korrupsiya tamamilə aradan qalxacaq”

Prezident İlham Əliyev milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərman imzalayıb. 11 istiqaməti özündə birləşdirən bu proqramda iqtisadiyyatın güclənməsi, sosial rifahın yaxşılaşdırılması, kənd təsərrüfatının istehsalı, kiçik və orta sahibkarlığın səviyyəsinin yüksəldilməsi, ağır sənayenin inkişafı kimi məsələlər öz əksini tapıb.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev Publika.az-a müsahibəsində yeni yol xəritələrini və bunun sosial-iqtisadi inkişafa təsirini şərh edib.

- Yol xəritələrinin hazırlanması əsas hədəfi nədir?

- Azərbaycan milli iqtisadiyyatının və əsas strateji sahələrinin yol xəritəsi post-neft dövrü iqtisadiyyatı üçün yeni yanaşmadır. Bu cür proqramlar iqtisadi inkişaf və dayanaqlılıq üçün mühümdür. Bu proqramda 11 istiqamət öz əksini tapıb və hər biri xüsusi əhəmiyyətə malikdir. Bura qeyri-neft sektorunun inkişafından möhkəmləndirilməsindən başlamış, sosial sahələrin inkişafı, sosial təminatın yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, xidmətlərin optimallaşdırılması, əhalinin belə xidmətlərə əlçatanlılığını təmin edilməsi kimi bir sıra vacib məsələlər daxildir. Məlumdur ki, Azərbaycan elektron hökumətə keçir. Bir sıra sahələrdə artıq elektron xidmətlərdən istifadə olunur. Yol xəritəsinin hazırlanmasının əsas məqsədlərindən biri də elektron hökumət çərçivəsində sosial xidmətlərin göstərilməsidir. Atılan addımların hamısı milli iqtisadiyyatımızın güclənməsinə, sosial rifahın yüksəlməsinə yönəlib.

- Yeni yol xəritələrinin ilkin nəticələri nə zaman hiss olunacaq?

- Burada qısa, orta və uzaq dövr var. Qısa dövr 2016-2020-ci illəri, orta dövr 2020-2025-ci illəri, uzaq dövr isə 2025-ci ildən sonrakı mərhələni nəzərdə tutur. Əsas məsələ qeyri-neft sektorunun inkişafıdır. Buraya nəqliyyat, İKT, kənd təsərrüfatı, ağır sənaye və metallurgiya, turizm kimi istiqamətlər daxildir. İlkin nəticələr 2020-ci ildə özünü göstərəcək. O zaman insanlar keçmişə baxanda sosial rifahın gücləndiyini görə biləcəklər. Həmçinin, büdcə gəlirlərinin artımı nəzərəçarpacaq qədər artacaq. Monopoliya və korrupsiya tamamilə aradan qalxacaq. Azərbaycanın dünya indekslərində yeri yaxşılaşacaq. Həyat səviyyəsi daha da yüksələcək.

- Azərbaycanda sosial və iqtisadi inkişaf üçün indiyə qədər bir sıra proqramlar mövcud olub, həmçinin, hazırda da müxtəlif proqramların icrası davam edir. Bunu nəzərə aldıqda belə bir sual yaranır: yeni strategiyanın hazırlanmasını nə zəruriləşdirdi?

- Hər şeydən öncə dağınıqlıq aradan qalxacaq, bütün sahələrə vahid baxış olacaq. Əldə olunan nəticələrin təhlili, potensial olan sahələrin müəyyən edilməsi asanlaşacaq. Qoyulan kapital, göstərilən xidmət və nəticə aydın olacaq. Fikrimcə, bütün istiqamətlər üzrə addımların mərkəzləşdirilmiş formaya salınması daha tez nəticə əldə etməyə şərait yaradacaq.

- Əhali bu strategiyanın nəticələrini öz sosial həyatlarında nə zaman hiss edə bilər?

- Hər şeydən əvvəl bu, strategiya mənfi tendensiyaları aradan qaldıracaq. Bununla yanaşı, neft iqtisadiyyatını başqa istiqamətə yönəldəcək. Bu gün dünyada karbohidrogen resursların qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Bütün çətinlikləri hər kəs başa düşür. Lakin neft iqtisadiyyatını qısa zamanda qeyri-neft iqtisadiyyatına çevirmək çətindir. Bunun üçün ya Ələddinin sehrli çırağı, ya da Həzrəti Musanın əsası lazımdır. Bunların heç birinə heç kim inanmır. Hökumət proqramları real təhlil üzərində qurub. Bu da göstərir ki, ilkin nəticələr 4 il sonra əldə olunacaq. O zaman sosial həyatımız da, milli iqtisadiyyatımız da yetərincə güclənəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm