Yazarlar
Əlvida 50, salam 51!
Rəşad Məcidin 50 yaşı tamam olur.
Rəşad Məcidin kitablarının biri «Əlvida və salam» adlanır.
Rəşad Məcid bu gün 50 yaşına əlvida deyir, 51 yaşını, ömrünün bütün
gələcək onilliklərini salamlayır.
Rəşad Məcidin on il bundan qabaq, təbii ki, 40 yaşı vardı. Ona
Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi olmağı təklif etdim.
Katiblərimiz də onun namizədliyini dəstəklədilər və 2004-cü ildə XI
Qurultayımızda Rəşad Məcid yekdilliklə təşkilatımızın katibi
seçildi.
O gündən keçən on ildə seçimimizdə yanılmadığımız təsdiq olundu və
bu il 12-ci Qurultayımızda Rəşad yenidən bu vəzifəyə seçildi.
Rəşad Məcidi yazılarından tanıyırdım. «525-ci qəzet» kimi ucuz
dedi-qodulardan, qərəzçilikdən uzaq, mötədil, obyektiv və səviyyəli
mətbuat orqanını yaratmış və çətin şəraitdə yaşatmışdı.
Rəşad Yazıçılar Birliyində ilk günlərdən istedadlı gənclərlə dil
tapa bildi. Gənclərə xoş münasibət «qadan alım, qurban olum» demək,
«getmə gözümdən, gedərəm özümdən» prinsipiylə davranmaq deyil.
Gənclərə qayğı real hərəkətlərlə həyata keçir. Rəşad Məcidin
yaratdığı və rəhbərlik etdiyi Gənc Ədiblər Məktəbi ədəbiyytımıza
neçə-neçə istedadlı cavanı gətirdi.
Yazıçılar Birliyinə qarşı sürülən iradlardan bəlkə də ən insafsızı
guya burda gənclərə yetərincə diqqət edilməməsidi. Əgər Birlikdə
xüsusi Gənclər Şurası fəaliyyət göstərirsə, gənclər ard-arda məsul
vəzifələrə irəli çəkilirsə, səfərlərə göndərilirsə, kitablarının
təqdimatları keçirilirsə, «Ulduz» jurnalı bütünlüklə cavanların
ixtiyarına verilibsə və nəhayət neçə ildən bəri iyirmi gənc yazar
Prezident təqaüdü alırsa (bunlar isə küll halında 140 nəfər
deməkdir), bunları yalnız görmək istəməyənlər görmürlər. Bütün bu
məsələlərin düzgün və ədalətlə həll olunmasında Rəşadın rolu
danılmazdır.
Məlum olduğu kimi hörmətli Prezidentimizin sərəncamıyla hər il
yaşlı və gənc yazıçılara təqaüd verilir.
Gənc təqaüdçülərin siyahısını əsasən Rəşad Məcid müəyyənləşdirir.
Neçə il ərzində bu sarıdan heç bir narazılıq olmayıb. Bu həm
gənclərin daha təmkinli olmağı deməkdir, həm də Rəşadın düzgün
seçimiylə bağlıdır. Doğrudur tək-tük hallarda gənclərin arasından
da Rəşadın bütün yaxşılıqlarını unudanlar tapılır. Nankorluğun yaşı
yoxdur axı…
Rəşad Məcid istedadlı yazıçıdır, özü də bu istedad ədəbiyyatın
müxtəlif janrlarında meydana çıxır. Elə neçə dilə çevrilmiş «10
sentyabr» hekayəsi yetər ki, müəllifi çağdaş nəsrimizdə layiqli yer
tutsun. Vaxtiylə bu hekayə haqqında mən də, başqa yazıçılarımız da
müsbət fikirər söyləmişdik.
Rəşad orijinal şair olmaqla yanaşı həm də gözəl şeirlərin
heyranıdır. Saatlarla Ramiz Rövşənin şeirlərini əzbərdən oxuya
bilər. Eləcə də Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Fikrət
Qocanın, Vaqif Səmədoğlunun vurğunudur. Bu günlərdə AzTV-nin
«Poeziya» verilişində mərhum Şahmar Ələkbərzadənin xeyli şeirini
əzbərdən oxudu. Bu da zənnimcə çox səciyyəvidir. Özü istedadlı olan
adam başqalarının yaratdıqları gözəlliklərə biganə qala bilmir. Öz
bədii imkanlarından arxayın olanlar başqalarının uğurlarına
sevinməyi bacarırlar. Özündən müştəbehlik, «burda mənəm, Bağdadda
kor xəlifə» iddiası kəmlik kompleksindən törəyir.
Təəssüf ki, Rəşadın Yazıçılar Birliyində, «525-ci qəzet»də işləri,
jurnalistlər təşkilatında, ümumiyyətlə ictimai həyatda fəallığı
onun yaradıcılığa kifayət qədər vaxt ayırmasına əngəl olur.
Yazar kimi də, şəxsiyyət kimi də Rəşadın məziyyətləri az deyil.
Onların arasında mənə görə ən önəmlilərindən biri, bəlkə də
birincisi gözütoxluqdur. Birgə işlədiyimiz bu illər ərzində Rəşad
bir dəfə də mənə hansısa vəzifə, mükafat, fəxri ad istəyiylə
müraciət etməyib. Vəzifəpərəst də deyil. Böyük Səməd Vurğunun
sözlərini özünə aid təkrar edə bilərdi: «Mən tələsmirəm». Hər şeyə
- tələsməyənlər çatır. Xalq demiş, tələsən tələyə düşər.
Rəşad dostluqda etibarlı, rəğbətlərində sabit, münasibətlərində
dəyişilməzdir. Həm də ən incə mətləbləri duya bilən həssas
insandır.
İnanıram ki, Rəşad Məcid hələ çox-çox illərə «əlvida», çox-çox
onilliklərə «salam» deyəcək və həmişə bu gün olduğu kimi gənc
qalacaq. Çünki gənclik də, qocalıq kimi yaşdan asılı deyil. Belə
bir ifadə var: «Ağıl yaşda yox, başda olar». Bu ifadəyə başqa bir
deyim də əlavə etmək olar: «Cavanlıq yaşda deyil, qəlbdədir».
Ad günün mübarək, Rəşad!
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər