• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Çingiz Abdullayev Yanukoviç haqda yeni kitab yazacaq

  • Yazarlar
  • 28 Fevral 2014 16:10
  • 986 Baxış
Çingiz Abdullayev Yanukoviç haqda yeni kitab yazacaq

Çingiz Abdullayevin “Media forum”a Ukraynadakı son proseslər və prezident postundan uzaqlaşdırılmış Viktor Yanukoviçlə bağlı verdiyi müsahibəni təqdim edirik:

- Yanukoviç haqqında əsərinizdə onun çox ağır həyat yaşadığını, bəzən təsadüf nəticəsində sağ qaldığını yazırsınız. İndi onun yaşadıqlarını faciəli həyatın məntiqi davamı saymaq olarmı?

- Əlbəttə, bu, faciənin davamıdır. Ukraynada baş verənlər böyük faciədir. Görün nə qədər adam həlak olub. Mən Yanukoviçi şəxsən tanıyıram, çox cəsarətli, davakar adamdır. İki dəfə həbsdə yatıb, dustaqlar ona ölüm hökmü çıxarıblar, amma həbsxanadan sağ çıxıb.

Pul adamları daha tez sındırır. Bilirik ki, Yanukoviç prezident postuna gələndən sonra adi diş həkimi olan oğlu iki ilə 4 milyard dollardan çox pul qazandı. O biri oğlu deputat oldu. Görünür, bu, kişiyə çox böyük təsir etdi. Təbii ki, birinci növbədə o özünü yox, pulları fikirləşirdi. Çox qan tökdü. Yəqin istəmədi daha çox qan tökülsün və qaçdı. Onu başa düşürəm.

Amma mən Ukrayna hadisələrinə çox pis baxıram. Ona görə ki, bir belə adam qırılıb. Mediada oxuyuram ki, “Ukraynada diktaturanın sonu gəldi”. Diktatura ola bilməzdi. Çünki Yanukoviç qanuni prezident seçilib. Amma buna baxmayaraq inqilab olub, camaat da başa düşür ki, hamısı oğrudur, korrupsioner, rüşvətxordur. İnsanlar da buna dözmədi, onları qəbul etmək istəmədi.

Sizə bir proqnoz verim. Prezident seçkisindən sonra, mayda böyük bir silkələnmə, geri dönüş olacaq. Görərsiniz kimi seçəcəklər, gələn yarım il, bir ildə Ukraynada nə baş verəcək. Yanukoviçin siyasi gələcəyinin olacağına inanmıram. Amma Ukrayna elə ölkədir ki, orada nə desəniz baş verər. Mən indidən deyirəm ki, ilin axırına qədər orada böyük bir silkələnmə olacaq.

“Maydan”da olan adamlar səs yığa bilməyəcək, onların əleyhinə olanlara isə çox insan səs verəcək. Ona görə ki, Ukraynada Stepan Banderanın şəklini qaldırırlar, orada qatı millətçilər var. Xalq onların heç birini qəbul etməyəcək. Ukraynada 60 milyon adam yaşayır. Deyək ki, 20 milyon onu qəbul edir. Amma 40 milyon etməyəcək. Son iyirmi ili xatırlasaq, orada həmişə şərq tərəf, şərqin namizədi qalib gəlib. Vaxtilə Leonid Kuçma da Leonid Kravçuka qalib gəlmişdi. Sonra Yanukoviç Viktor Yuşşenkonu uddu, amma dedilər, yox, düz hesablanmayıb, üçüncü tura getdilər, Yuşşenkonu keçirdilər. Yuşşenko isə çox qala bilmədi, növbəti seçkidə heç ikinci tura da keçmədi.

Ukraynada hadisələr belə bitməyəcək. Hələ biz bilmirik Krım məsələsi necə bitəcək. İlin axırında da, görünür, parlament seçkisi olacaq. Görəcəksiniz ki, onda da daha çox o biri partiyalar səs yığacaq, millətçi partiyalar yox.

- Deyirsiniz Yanukoviç həbsxana çətinliklərindən keçsə də, pulun qarşısında tab gətirə bilmədi...

- Pul yox, korrupsiya. Prezident olandan sonra oğlu 4 milyard 500 milyon dollar pul qazanıb. Qazanmayıb axı, oğurluqdur. Necə qazanıb?

Yanukoviç pis adam deyil. Amma prezident olandan sonra bütün qohumları, dostları başladılar Ukraynanı dağıtmağa, oğurlamağa. Təbii ki, xalq buna dözmədi, heç bir xalq da dözməz. Mən onu şəxsən tanıyıram, bilirəm nə deyirəm. Bu adam anasız, çox böyük çətinliklərlə böyüyüb. İki dəfə türmədə yatıb. Amma buna baxmayaraq Avropanın ən böyük ölkəsinin prezidenti olub. Heyf ki, prezident olandan sonra korrupsiya, pul, qohumbazlıq, yerlibazlıq onu yıxdı, nəticəsi də göz qabağındadır.

- Siz detektiv yazar, Yanukoviçin əvvəlini bilən şəxs kimi onun gələcəyini necə görürsünüz?

- Mən inanmıram ki, onun siyasi gələcəyi var. Neçə milyon insanı qoyub qaçıb. Onların taleyi sabah nə olacaq, bilinmir. Təbii ki, bütün bunlardan sonra Yanukoviçin siyasi gələcəyi yoxdur. Çox güman, Rusiyaya sığınacaq. Təbii ki, ruslar onu Ukraynaya təhvil verməyəcək.

Yanukoviçin ən böyük faciəsi ondadır ki, iki stulda oturmaq, Rusiya ilə də, Avropa ilə də dost olmaq istəyirdi. Amma belə ola bilməzdi. Nəticəni də gördünüz.

- Yanukoviç haqda ikinci əsər yazmağınız mümkündürmü?

- Belə getsə, yazacam. Buna zərurət yaranır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR