Natiq Zülfüqarov: “Son 5 ildə İİV-ə yoluxanların sayı ilbəil artır” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Natiq Zülfüqarov: “Son 5 ildə İİV-ə yoluxanların sayı ilbəil artır” - MÜSAHİBƏ

İnsanın İmmunçatışmazlığı Virusuna (İİV/HİV) yoluxması heç kimin sığortalanmadığı hallardandır. Bəlkə də, bu səbəbdəndir ki, Azərbaycanda da bu virusa yoluxma halları ildən-ilə artır. Təkcə bu ilin 9 ayı ərzində 604 nəfərdə İİV aşkarlanıb.

Əlbəttə, bunun qarşısını almaq üçün müəyyən tədbirlər görülür. Maarifləndirmə-təbliğat işləri aparılır. Ancaq görünən odur ki, bütün bunlar yetərli deyil. Çıxış yolu isə odur ki, bu amansız bəla ilə mübarizə üçün maarifləndirmə, təbliğat hər gün aparılmalıdır. Bizdə isə QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) məsələsi 3-4 ayda bir dəfə gündəmə gətirilir. İlin bir günündə - dekabrın 1-də isə Ümumdünya QİÇS-lə Mübarizə Günündə aidiyyəti qurumlar, QHT-lər hesabat xarakterli tədbirlər keçirir, mətbuat da bu hesabatları dərc edir.

Publika.az isə Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Natiq Zülfüqarovun fikirlərini öyrənib.

4 mindən çox İİV daşıyıcısı

- Natiq müəllim, Azərbaycanda İİV/QİÇS-lə bağlı hazırkı mənzərə necədir?

- Bu gün İİV infeksiyası dünyada pandemiya halını alıb. Bu gün dünyada orta hesabla 36 milyon insan İİV-lə yaşayır. Bu, kifayət qədər böyük rəqəmdir. Virusun ölkələrarası yayılmasının əsas səbəbi miqrasiya ilə bağlıdır. Azərbaycanda ilk dəfə bu virusun qeydə alındığı vaxtdan bu ilin 10 ayına qədər olan hesabata görə, 4403 nəfər virusa yoluxmuş şəxs QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatdadır. Virusa yoluxanların 3227-si kişi, 1176-sı qadındır. Bunların arasında 186 nəfər xarici ölkə vətəndaşı var. Son 5 ildə aparılan müayinələr nəticəsində virusa yoluxanların sayında artan dinamika müşahidə edilir. Bunun əsas səbəbi isə aşkarlanmadır, yəni maariflənmə artdıqca könüllü surətdə müayinəyə gələnlər artır. Ötən il əhalinin 6,2%-i, təxminən 600 mindən çox insan müayinədən keçib. Digər xəstəliklərlə müqayisədə bu, 10 dəfələrlə yüksək rəqəmdir.

- İİV-in yayılmasında miqrasiyanın rolu danılmazdır. Ola bilərmi ki, ölkəyə gələnlər İİV-ə görə müayinəyə cəlb edilsinlər?

- Bu məsələ qanunvericilikdə nəzərdə tutulmadığına görə heç kimdən tələb edə bilmirik. Onsuz da ölkəyə təhsil almağa gələn əcnəbilər İİV-ə görə müayinə olunur. Lakin İİV-i xaricilər deyil, əsasən öz vətəndaşlarımız gedib-gələndən sonra yayırlar. Düzdür, miqrantlar arasında yayılma faizi ilə bağlı tədqiqat aparmamışıq. Hesab edirəm ki, qanunda hər hansı dəyişikliyə ehtiyac yoxdur. İnsanlar özləri dərk etməlidirlər ki, xarici ölkəyə gedib-gələndən sonra müayinədən keçməlidirlər.

- Müayinəyə əsasən kimlər cəlb edilir?

- Azərbaycan epidemiyanın çox yayılmadığı ölkələr sırasındadır. Müayinəyə əsasən inyeksion narkotik istifadəçiləri, seks-bizneslə məşğul olanlar, kişilərlə cinsi əlaqədə olan kişilər və məhbuslar cəlb edilir. Bizim əsas məqsədimiz də bu infeksiyanın geniş əhali kütləsi arasında yayılmasının qarşısını almaqdır. Bu gün əsasən Afrika ölkələrində, Rusiya və Ukraynanın bir sıra vilayətlərində virus generalizasiya mərhələsini keçib. Bu zaman isə infeksiya ilə bağlı mübarizə aparmaq bir qədər çətinləşir. Bizim məqsədimiz isə bu mərhələyə çatmamaq və virusun yayılma səviyyəsini minimuma endirməkdir.

- Bəs bunun üçün hansı işlər görülür?

- Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzvü olduğuna görə müalicə və epidemiyanın qarşısını almaq üçün onların üsulundan istifadə edirik. ÜST-ün son prinsipi “90-90-90”-dır. Bu prinsipin açıqlaması belədir ki, dünyada bu virusa yoluxanların 90%-i öz statusunu bilərsə, onların 90%-i ARV-terapiya qəbul edərsə və onların da 90%-də virus yükü sıfıra enərsə, artıq 2030-cu ildə epidemiyanın istiqaməti dəyişə və geriyə doğru qayıda bilər. Bu gün İİV-ə yoluxanların müalicəyə cəlb edilməsindən daha çox onların müalicəni davam etdirməsi və virus yükünün aşağı düşməsi daha vacibdir. Bu virus bədənə daxil olandan 5 il sonra özünü büruzə verə bilir. Müalicə isə ömürlük davam edir.

Ən çox yoluxma yolu

- Kimlər müalicədən imtina edir?

- Heç bir xəstəliyə görə müalicə məcburi deyil. Biz məcbur edib dərmanı versək də, qəbul etmək istəməyənlər onu zibilqabına atacaq. Biz belə hallarla dəfələrlə rastlaşmışıq. Bu dərmanlar çox bahalı dərmanlardır. Xəstələrin dərmanları zibil qutusuna atmaması üçün onlarla psixoloqlar işləyir. Həkimlərimiz həm də psixoloq xidməti göstərir, hər bir xəstəyə müalicənin effekti barədə məlumat veririk. Bütün bu xidmətlərə baxmayaraq, hələ də müalicədən imtina edənlər olur. Onlar əsasən inyeksion narkotik istifadəçiləridir. Həmin şəxslərin narkomaniyadan müalicəyə tabe olmadığını nəzərə alsaq, QİÇS-ə görə müalicə olunmağa da razı olmurlar. “Ömür boyu müalicə qəbul etməlisən” sözü onlara gülünc gəlir. Bu dərmanların spesifik xüsusiyyəti var. Xəstə dərmanı mütəmadi qəbul etməlidir. Ayda iki dəfə qəbul etmirsə, onun effekti 50%-ə qədər düşür. Seks-biznes işçiləri üçün vaxt puldur, onlar həkimə gəlmək belə istəmirlər. Onları müalicəyə razı salmaq çox çətin olur. Seks-biznes xidməti göstərənlər qorxur ki, xəstəlik barədə hüquq-mühafizə orqanlarına məlumat veriləcək. Halbuki bizim işimiz onlara kömək etmək və başqalarına yaymalarının qarşısını almaqdır. Həmin şəxslərə maksimum həssas yanaşırıq ki, müalicədən qaçmasınlar. Onları qovsaq, qəzəblənib sağlam insanları yoluxdurmaq istəyərlər.

- Bir zamanlar İİV-li xəstələrin avtobus oturacaqlarına qanlarını vurduqları iynələr batırması kimi əhvalatlar danışılırdı. Bu əhvalatlarda həqiqət payı nə qədərdir?

- Bu infeksiyaya yoluxanların heç də hamısı psixi baxımdan sağlam deyil. Onların arasında məqsədli şəkildə başqalarını yoluxduranlar ola bilər. Lakin avtobusda iynə qoyulması mifdir. Bir vaxtlar vərəm xəstələrinin də insanları yoluxdurmaları ilə bağlı fikirlər yayırdılar. Amma bizə konkret olaraq iynə batırılması nəticəsində virusa yoluxanlar müraciət etməyib.

- Bu gün ölkədə İİV-ə ən çox yoluxma yolu hansıdır?

- Hələ də, rəsmi məlumatlara görə, ən çox yoluxma inyeksion narkotik istifadəçiləri arasında müşahidə edilir. Lakin ildən-ilə cinsi yolla yoluxmalar artır. Bu vaxta qədər 2163 nəfər inyeksion,1800 nəfər heteroseksual, 79 nəfər homoseksual, 80 nəfər anadan uşağa ötürmə ilə virusa yoluxub, 280 nəfərin yoluxma yolu naməlumdur. Naməlum deyilən anlayış yoxdur. Ya virus aşkarlananda, insan dünyasını dəyişmiş olub, səbəbi araşdıra bilməmişik, ya da bəzisi hələ prosesdədir. Naməlum kimi qeydə alınanlar əsasən seks-biznes fəaliyyəti göstərən kişilərlə münasibətdə olan homoseksuallar olur. Onlar ilk dəfədən yoluxma yolunu açıqlamırlar. Bildiyiniz kimi, bu gün transseksualların sayı artıb və onlardan virusun keçmə ehtimalı daha yüksəkdir. Çünki bu, travmatik seksdir, bu zaman yoluxma təhlükəsi artır. Çox zaman kişilər homoseksual olduqlarını etiraf etmirlər. Yalnız həkimə etibarı artandan sonra etiraf edir. Lakin bunu öyrənmək bizim üçün maraqlıdır ki, hansı istiqamətdə mübarizə aparmalı olduğumuzu bilək. Homoseksual kişilər həkimə inanandan sonra onu yoluxduranı da xəstəxanaya gətirirlər, müalicə alırlar. Bununla həmin şəxslərdə virus yükü azalır, onlar qorunma yollarını öyrənirlər, bununla da yoluxdurma faizi aşağı düşür.

- Cinsi yolla yoluxmanın son illər artdığını dediniz. Bunun səbəbi nədir? Məlumatsızlıq, yoxsa...

- Bu gün bir çox xarici ölkələrdə seksual həyat orta məktəb yaşlarında başlayır. Azərbaycanda isə bu say çox azdır. Lakin avropalı seksual həyata bizdən tez başlasa da, maariflənmə yüksəkdir. Bütün məktəblərdə xəstəliklərdən qorunmaq üçün qoruyuculardan istifadə etmək tövsiyə edilir. Biz tez-tez məktəblərdə maarifləndirmə tədbirləri keçiririk. Bu zaman şagirdlərə qorunma üsulları barədə məlumat verəndə, müəllimlərin narahatlıq keçirdiyini görürəm. Lakin onlar bilməlidirlər ki, şagird məlumatlı olsa, təsadüfi cinsi əlaqədən xəstəliyə yoluxmaz.

Böyüklər isə məlumatsızlıq nəticəsində özləri bir tərəfə, həyat yoldaşlarını və uşaqlarını da virusa yoluxdurmuş olurlar. Bu gün hər addımbaşı kafe, bar, masaj salonu adı ilə seks xidməti göstərilir. Ən qəribəsi budur ki, qadınlara yox, kişilərə, transseksuallara maraq artıb. Nə seks xidməti göstərənin, nə də onun yanına gedənlərin qorunma yolları barədə məlumatı olmur. ABŞ-da ilk dəfə İİV homoseksuallar arasında yayılıb, çünki bu travmatik seksdir. Bu gün rəqəmlərə baxanda, Azərbaycanda homoseksual yolla yoluxma halı çox deyil. Lakin əvvəlki illərdə bu hal heç olmurdu, indi isə artıq var. Bu məlumatsızlığın bir səbəbi də maarifsizlikdir. Son illər heç bir KİV-də qoruyucu reklamı görməmişəm. Ukraynada bu vasitələri ali məktəblərdə pulsuz verirlər.

Orta yaş

- Virusa yoluxma hansı bölgələrdə daha çoxdur?

- Rəqəmlərə baxanda, ən çox İİV-li xəstə Bakıdadır. Lakin bunun səbəbi paytaxtda əhalinin sayının çox olması ilə əlaqədardır. Hər yüz min nəfərə düşən xəstə sayını nəzərə alsaq, Bakıda xəstə sayı çox deyil. Bölgələrə gəldikdə, Şirvan, Hacıqabul, Lənkəran, Masallı, Yevlax, Sumqayıt, Göyçay, Astara kimi regionlarda daha çox yayılıb. Bunun da səbəbi həmin bölgələrin narkomaniyanın tranzit yolu olması, narkotik istifadəçilərinin üstünlük təşkil etməsidir. Düzdür, bu bölgələrdə cinsi yolla yoluxmalar da var, lakin inyeksion yolla narkotik istifadəsi birinci sıradadır. Bizim də məqsədimiz bu halların qarşısını almaqdır. Yalnız paytaxtda deyil, 6 regionda müalicə mərkəzimiz var. Bu, da xəstələrin dərmanlara əlçatanlığını təmin etmək üçündür. Lakin xəstə həmin mərkəzlərə deyil, paytaxta da gələ bilər. Bəzən bu xəstələr bir müddət müalicəni qəbul edir və özlərini yaxşı hiss edəndə, dayandırırlar. Lakin vizual olaraq görünməsə də, qanda virusların sayı çoxalır. Sonradan müalicə alanda, əvvəlkiləri tətbiq etmək olmur. Bu zaman daha güclü dərmanlar verilir ki, onların da dozası daha güclü olur. Kimyəvi tərkibli olduqlarına görə qara ciyərə, böyrəyə zərər vura bilir.

Noyabrın 20-dən 27-dək Avropa İİV-lə mübarizə həftəliyidir, bununla bağlı müayinələr keçiririk. Bu gün həyata keçirilən işlər heç bir Avropa ölkəsindən geri qalmır. Lakin insanlarımız özləri də özlərini qorumağı bacarmalıdırlar. İnsanlar qorunma yolları ilə bağlı məlumatlı olsalar, 2020-ci ildə artıq İİV-ə yoluxanları barmaqla sayacağıq, buna əminəm. Çünki problemin qarşısını almaq üçün müayinədən keçmək çox önəmlidir ki, bu işləri də görürük. 50 Könüllü Məsləhət Məntəqəsi yaradılıb, orada 15 dəqiqəyə insan İİV statusunu bilir və virus aşkarlananlar orada psixoloji yardım alır. 6 perinatal mərkəzdə doğuşayardım həkimlərini təkmilləşdirdik ki, İİV-li qadınlar uşaq dünyaya gətirərkən paytaxtdan həkim getməsinə ehtiyac qalmasın. Onlar virusun anadan uşağa keçməsinin qarşısını alırlar.

- Amma yəqin razılaşarsınız ki, ginekoloqlar arasında İİV-li hamilələri qəbul etmək istəməyənlər də var...

- Əvvəl həkimlər arasında qorxanlar olurdu. Lakin maariflənəndən sonra artıq qeysəriyyə üsulu ilə İİV-ə yoluxmuş hamilə qadınlara kömək edirlər. Həkimlər bu virusdan məlumatlı olsa da, psixoloji həssas olanlar var. Onlarla psixoloji söhbətlər aparırıq.

- Yoluxanların orta yaşı neçədir?

- Bu gün 28-45 yaş arası insanlar arasında İİV daha çox yayılıb. Bu da əmək qabiliyyəti və cinsi aktivliyin yüksək olduğu yaşlardır. Bununla həm də o qənaətə gəlmək olar ki, bu yaşda insanların İİV-ə yoluxması sosial problemlər yaradır. Çünki bu insanların işləmək qabiliyyəti aşağı düşür. Məktəbyaşlılar arasında virusa yoluxma halına rast gəlmirik. Yaşları az olanlar isə əsasən 17 yaşda ailə qurmağa məcbur edilən qızlardır. Onlar ərləri tərəfindən virusa yoluxdurulurlar. Lakin daha azyaşlılar arasında cinsi əlaqə ilə yoluxma hallarına rast gəlmirik. Ümumi rəqəmlərə baxanda, virusa yoluxanların ən kiçiyinin heç bir yaşı olmayıb. Bu da anadan uşağa ötürülmə yolu ilə keçib. Anadan uşağa yoluxma ilə bağlı profilaktika həyata keçiririk. Bu profilaktikadan keçənlərdə yoluxma halına rast gəlinmir. Hamilələrin İİV-ə görə müayinəsi icbari deyil. İnsanlar özləri isə könüllü müayinədən keçməkdə maraqlı deyillər...

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm