Qarabağ üçün “rus tələsi”: “sülhməramlı planı”nın pərdəarxası – TƏHLİL
Bizi izləyin

Nida.az

Qarabağ üçün “rus tələsi”: “sülhməramlı planı”nın pərdəarxası – TƏHLİL

Qarabağda baş verən “dördgünlük müharibə”dən sonra tərəflər yenidən masa ətrafına qayıtdı. Rusiyanın təşəbbüsü ilə baş tutan atəşkəsdən sonrakı danışıqların şərtlərini də Moskvanın diktə etdiyi görünür. Rusiyanın irəli sürdüyü şərtlər prinsip etibarilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına zəmin yaradır.


- Dağlıq Qarabağ ətrafındakı rayonlar Laçın dəhlizi istisna olmaqla qaytarılır.
- Azərbaycanlı qaçqınlar qaytarılan rayonlara qayıdırlar.
- Dağlıq Qarabağa sülhməramlılar yerləşdirilir.
- Bundan sonra status məsələsi üzərində müzakirələr başlayır.


Bu prinsiplər 2011-ci ilin 24 iyun tarixində Rusiyanın həmin dövrdəki prezidenti Dmitri Medvedevin prezidentlərin Kazanda təşkil etdiyi görüşdə müəyyənləşdirilmişdi. Lakin sonrakı dövrdə danışıqlar yenə dalana dirəndi.


Medvedevin təklif etdiyi həll variantının reallaşmamasından sonra münaqişə ilə bağlı real danışıqlar faktiki olaraq mövcud deyildi. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da Moskvada keçirilən MDB XİN rəhbərlərinin görüşündən sonra “Əgər həqiqəti demək lazımdırsa, son beş ildə danışıqlar praktiki olaraq aparılmırdı” deyə bildirdi. (http://publika.az/p/131847).


Danışıqlar prosesinin dayandırılmasında əsas faktor Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi və dialoq mühitini pozmasıdır. Eyni zamanda, “Kazan variantı” olaraq irəli sürülən prinsiplərdə rəsmi Bakının qəbul etməyəcəyi sülhməramlı faktorunun olması da İrəvana danışıqlar prosesini uzatmaq imkanları yaradır.


Son beş ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı ən real təklifin “Lavrov planı” olduğunu deyə bilərik. Hansı ki, bu müddət ərzində prezidentlərin bir neçə görüşü baş tutmuşdu. Bu təmaslar həm Rusiya, həm də Qərb tərəfindən gerçəkləşdirilmişdi. Sonuncu təmas isə 2015-ci ilin dekabrında Berndə oldu. Bütün danışıqların sadəcə görüntü xarakteri daşıdığı da məlumdur. Rəsmi Bakı da bunu dəfələrlə dilə gətirib.


Ötən il Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakı və İrəvana dalbadal səfərindən sonra “Lavrov planı” gündəmə gəldi. Bu, həmin vaxt rəsmi təsdiqini tapmasa da Rusiyanın münaqişəyə dair planlarının olduğu haqda informasiyalar yayılırdı. Xüsusilə Rusiya mediası planın detallarını açmışdı. 2016-cı ilin 26 yanvar tarixində Moskvada brifinq keçirən S.Lavrov “Rusiya 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması haqda hansısa yeni sənədin qəbulu ilə bağlı təşəbbüs irəli sürməyib. Heç bir “Lavrovun sənədi”ndən söhbət belə gedə bilməz, ümumiyyətlə, belə bir şey mövcud olmayıb” deyə yazılanları təkzib etdi.


Qarabağda “dördgünlük müharibə”dən sonra isə “Lavrov planı”nını gerçək olduğu bəlli oldu. Hətta Azərbaycan Prezidenti İlham Əliyev də Təhlükəsizlik Şurasının iclasında Sergey Lavrovun konstruktiv təkliflərlə çıxış etdiyini, Ermənistanın isə təxribatçı addımlarla prosesi pozduğunu aydın şəkildə ifadə etdi.


E. Məmmədyarov da Rusiya KİV-inə açıqlamasında “Sergey Lavrov ötən ilin yayında əsasən Madrid prinsiplərinə istinadən öz təkliflərini irəli sürdü” deyə bildirib.


“Kazan variantı” ilə “Lavrov planı”nın oxşar və fərqli cəhətləri


Hər iki variantın oxşar tərəfi bölgəyə sülhməramlıların yerləşdirilməsi, fərqli tərəfi isə Qarabağ ətrafındakı yeddi rayonun qaytarılmasıdır. Belə ki, “Kazan variantı”nda Laçın dəhlizi istisna olmaqla ətraf rayonlar qaytarılırsa, “Lavrov planı”nda isə yeddi rayondan yalnız 5 qaytarılır. Laçın və Kəlbəcər rayonu isə sonrakı mərhələdə azad olunur. İddialara görə, “Lavrov planı”nda iki rayonun taleyi 2 mühüm amilə görə gecikdirilir.


1. Rəsmi Bakı sülhməramlıların yerləşdirilməsinə razı olur.
2. Beş rayon qaytarıldıqdan sonra Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olur. Bundan sonra iki rayon qaytarılır.


İkinci amil daha çox iddialardan ibarətdir. Lakin “dördgünlük müharibədən” sonra danışıqların sıxlığı ümidlər yaratsa da, hazırda müşahidə olunan səngimələr bu iddia haqda da ehtimalları gücləndirilir.


Rusiyanın “Madrid prinsipi”nə istinadı


Münaqişə yaranandan bu günə qədər Moskva bu məsələdə təşəbbüsü heç kimə verməyib. Bunun Rusiyanın regional maraqları baxımından özünəməxsus səbəbləri var. Burada diqqət çəkən Moskvanın irəli sürdüyü təşəbbüslərdə “Madrid prinsipi”nə istinadıdır.


2007-ci ilin noyabrın 29-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Vardan Oskanyanın İspaniyanın paytaxtı Madriddə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə “Madrid prinsipi” adını almış həll variantı qəbul olunub.

Bu prinsiplərə görə, Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır, daha sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağın statusu müəyyən olunur. Bu həll variantında sülhməramlıların Qarabağa yerləşdirilməsi kimi heç bir fikir yoxdur. Digər tərəfdən, “Madrid prinsipi”nin alt-bazası hesab olunan nə “Paket həll”, nə “Ümumi dövlət”, nə də “Mərhələli həll” variantlarının heç birində sülhməramlı məsələsi yer almayıb. Əslində 1994-cü ildə Azərbaycan tərəfinin nümayəndəsi kimi Bişkekdə atəşkəsin imzalanmasında iştirak edən Afiyəddin Cəlilovun protokola imza atmadan Bakıya dönməsinin səbəblərindən biri də məhz sülhməramlıların bölgəyə yerləşdirilməsi şərti idi. Daha sonra Heydər Əliyev A. Cəlilovun ardınca Bakıya gələn Minsk qrupunun rusiyalı həmsədri Kazimirovun üstünə məhz bu şərtlərə görə qışqırmışdı. Həmin vaxt rəsmi Bakı qondarma “DQR”-in danışıqlarda tərəf kimi göstərilməsi ilə yanaşı, sülhməramlı məsələsinin də qarşısını almağı bacardı. Lakin görünür, bu məsələ hələ də Rusiya tərəfindən gündəmə gətirilir.


“Sülhməramlı” faktorunun gündəmə gətirilməsi


1994-cü ildə Heydər Əliyevin qəbul etmədiyi sülhməramlı məsələsi bir də 14 il sonra – 2008-ci il noyabrın 2-də Rusiya tərəfindən yenidən gündəmə gətirilir. Həmin tarixdə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı Moskva bəyannaməsində tərəflərə elə ilk bənddə tövsiyə olunur: təhlükəsizliyə və beynəlxalq sülhməramlıların yerləşdirilməsinə zəmanət verilməsi.


Bu gün gündəmə gələn “Kazan variantı” və “Lavrov planı”nda da eyni məsələ əsas kimi irəli sürülür. Hətta rus politoloqları israrla “Madrid prinsipi”ndə də sülhməramlıların yerləşdirilməsi faktorunun olduğunu deyirlər. Lakin bütün sənədlər ortadadır və rəsmi Bakı indiyə qədər “sülhməramlılar” ifadəsinin olduğu varianta razı olmayıb. Əslində 2011-ci ildə Medvedyev formulu adını alan “Kazan variantı”nın, eləcə də 2015-ci ildə “Lavrov planı” adını alan təkliflərin gerçəkləşməməsinin əsas səbəblərindən biri də budur.


Azərbaycanın ərazi bütövlüyünün bərpası, yoxsa tələ


20 ildən sonra ən azı 5 rayonun qaytarılması və münaqişədə ciddi irəliləyişə səbəb olacaq “Rusiya təklifləri”nin Bakı tərəfindən qəbul olunmaması ilk olaraq suallar yarada bilər? Lakin söhbət Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağdan birdəfəlik əl çəkməsi perspektivindən gedir.


- Sülhməramlıların yerləşdirilməsi (bu hətta BMT sülh missiyası olsa belə) Ermənistana Qarabağda işğalçı siyasətini davam etdirmək imkanı yaradacaq.

- Müharibə ilə işğal olunan torpaqların geri qaytarılması üçün hərbi variant məhdudlaşdırılacaq.

Bu, Azərbaycanın Dağlıq Qarabağın itirilməsi ilə birbaşa razılaşması deməkdir.

Sülhməramlı məsələsində Rusiyanın israr etməsi isə xüsusi diqqət çəkir. Hesab etmək olar ki, Moskva regiona təsir imkanlarını genişləndirmək üçün münaqişənin uzun müddətli qalmasında maraqlıdır. Bunun üçün öz qoşunlarını sülhməramlı adı altında Qarabağa yerləşdirmək istəyir. Azərbaycan faktiki olaraq torpaqlarını azad etmək üçün Ermənistanla yox, Rusiya ilə üz-üzə qalır.

İki presedent bu variantın nə qədər təhlükəli olduğunu sübut edir.

1. Rusiya əsgərləri sülhməramlı adı altında Moldovanın Dnestryanı bölgəsində yerləşdirilib və bu gün rəsmi Kişinyov ərazi bütövlüyünün bərpa etmək üçün bölgədəki separatçılarla deyil, Rusiya ilə üz-üzə qalıb. Bu faktiki olaraq Dnestryanı münaqişənin Moldovanın ərazi bütövlüyü çərçivəsində həll olunmamasının başlıca səbəbidir.

2. Abxaziya və Cənubi Osetiyada da analoji vəziyyət hökm sürür. 2008-ci il müharibəsindən sonra Gürcüstandan qopardılan bu bölgələrdə rus əsgərləri sülhməramlı adı altında yerləşdirilib və bu, avtomatik olaraq rəsmi Tiflisi Moskva ilə üz-üzə gətirib.

Maraqlıdır ki, beynəlxalq ictimaiyyət qəbul etməsə də, hər iki presedentdə Rusiya öz əsgərlərinin həmin bölgələrdə sülh yaratmaq missiyasına xidmət etdiyini əsas gətirir. Qeyd edək ki, sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün beynəlxalq mandat almaq lazımdır. Bu mandatı da BMT, yaxud Avropa İttifaqı kimi qurumlar verə bilər. Lakin faktiki olaraq Rusiya iki bölgədə - Dnestryanı və Cənubi Osetiya-Abxaziyada beynəlxalq mandat almadan öz qoşunlarını saxlayır.

Ən azı bu iki presedent Qarabağ münaqişəsinin həllində sülhməramlı faktorun inkar edilməsinə əsas yaradır. Hazırda rəsmi Bakı bu faktoru qəbul etməyərək, doğru yol seçib. Hazırki real situasiya isə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların yenidən dalana dirənməsinə aparır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm