Məşhur jurnalist: “Parisə eşq şəhəri deyənlər bizi dolayırlar” – FOTOLAR
Bizi izləyin

Layihə

Məşhur jurnalist: “Parisə eşq şəhəri deyənlər bizi dolayırlar” – FOTOLAR

Məsut Yar Türkiyənin ən tanınmış jurnalistlərindən biridir. Karyerasına 1985-ci ildə, 18 yaşında olarkən başlayan Mesut Yarın hazırda 48 yaşı var. O bu günə qədər "Hürriyet", "Sabah", "Posta" kimi nüfuzlu qəzetlərdə müxbir, redaktor və köşə yazarı kimi fəaliyyət göstərib.

Karyerası boyunca "Show TV", "Number One TV", "HBB TV", "Kanal 6", "Star TV", "Cine 5", "atv" kimi beynəlxalq kanallarda aparıcılıq edən Mesut Yar bununla kifayətlənməyərək ədəbiyyat sahəsinə də əl atıb.

O, hekayə, şeir və müsahibələrdən ibarət bir neçə kitabını çıxarıb.

Bu uğurlarına baxmayaraq, Məsut Yar masa arxasında oturmağı sevən adam deyil. O, dünyanı gəzməkdən zövq alır. Səyahət etməyi həyatının ən önəmli vəzifəsi hesab edən aparıcı Türkiyənin məşhur jurnalistlərindən birinə müsahibə verib. Aparıcı müsahibəsində bu günə kimi gəzdiyi, gördüyü ölkələrdən, ən çox sevdiyi şəhərlərdən danışıb.

Yay tətilində hara gedəcəyinə qərar verə bilməyənlər üçün əla tapıntı olan həmin müsahibəni Publika.az-ın "Şirin söhbət"ində oxuya bilərsiniz.

- Ən çox sevdiyiniz şəhər?

- Nyu-York ən sevdiyim şəhərdir. Filmlərdə bizə daha fərqli təqdim edilir. Əslində isə insana qeyri-adi dinclik bəxş edir. Demək olar ki, şəhərin hər bölgəsində hava şəraiti fərqlidir. Ən çox Manhetten və Soho bölgəsini bəyənirəm.

- Nyu-Yorka gedənlərə hansı məkanları tövsiyə edərsiniz?

- İtalyan və Orta Şərq üslubundakı məkanların hamısını diqqətə layiq hesab edirəm. Orada olarkən tez-tez "Ali baba" adlı restorana gedirdim. 5-ci küçənin yaxınlığında yaxşı məkanlar çoxdur. "The Peninsula" adlı məkanın barı möhtəşəm idi. Ora elə bir məkandır ki, bir də gördün, yanındakı masada Madonna, bir az uzaqda isə Bred Pitt adi insanlara qarışaraq vaxt keçirirlər. Sosiska maşınlarını da çox xoşlayıram. Düzdür şəhəri manqal iyi bürüyür, ancaq buna dəyər.

- Dünyanın harasında özünüzü çox xoşbəxt hiss etmisiniz?

- Romada və Afinada. Barselonada da insanı cəlb edən qeyri-adi nəsə var. Dənizə yaxın tərəflərlə, şəhərin geniş küçələri arasında böyük fərq var, dənizdən şəhərə gedərkən əhval-ruhiyyən tamamilə dəyişir. Ona görə xoşuma gəlir. Amma Afina ilə Romanın yeri bir başqadır. Bəlkə də bu şəhərlərin qədimliyindən qaynaqlanır.

"Panteon" məbədinin qarşısında qəhvə içməkdən daha gözəl nə ola bilər?

- Bəs ən qeyri-adi, sehrli şəhər hansıdır?

- Şəhəri deyə bilmərəm, amma mənim üçün ən qeyri-adi yer Santorini adasındakı qara vulkan qumu ilə örtülmüş çimərlikdir. Qapqara bir dənizə girirsən. Göy üzü masmavi olur. Bütün bunlara baxanda həyatın gözəl olduğunu düşünür və şükür edirsən.

- Axırıncı dəfə hara səyahət etmisiniz?

- Həyat yoldaşımla birlikdə Buxarestə getmişəm. Qədim şəhər adlandırılan yeri çox bəyəndim. Həm əsl Avropa şəhəridir, həm də Şərqin ruhu hiss edilir. İnsan orada özünü qələbəlikdə belə olduqca azad hiss edir. Ölmədən öncə mütləq gedib görmək lazımdır.

- Həyat yoldaşı və ya sevgilisi ilə romantik bir səyahət etmək istəyənlər üçün haranı məsləhət görərsiniz?

- Buna hər cütlük özü qərar verməlidir. Məsələn, bəziləri üçün Paris çox romantik bir şəhərdir, ancaq mən oranı heç sevmirəm. Məncə romantik cütlüklər səyahətə Afinadan başlamalı, oradan Makedoniyanın üç şəhərinə - Skopye (Üsküp), Manastr və Oxriyə üz tutmalıdırlar. Daha sonra 2 gün Praqada qalmalı, oradan Siciliyaya, daha sonra Napoliyə və Romaya baş çəkməlidirlər. Milandan Sürixə keçsinlər. Fransanın cənubunda romantik bir yürüş etsinlər və Barselonada axşam yeməyi yesinlər. Gözəl yuxu ilə səyahəti başa vursunlar. Məncə, bundan gözəl heç nə ola bilməz.

- Bəs Türkiyədə bəyəndiyiniz istirahət zonaları var?

- Əlbəttə, var. Bozca adada yeniləndiyimi hiss edirəm, Datçada isə dünyaya yenidən gəldiyimi sanıram. Palamutbükü çimərliyində göy üzünün mənzərəsi çox gözəl olur. Bir də Kiprin "Dipkarpaz" çimərliyini çox bəyənirəm.

- Daha çox necə mənzərələri xoşlayırsınız?

- Məsələn, Datçadakı Knidos xarabalıqlarına dayanıb baxanda görünən mənzərə möhtəşəmdir. İki dənizi eyni vaxtda görmək mümkün olur. Axşam saatlarında Günəş yavaş-yavaş aşağı enir və dənizin rəngi anbaan dəyişir.

- Bu günə kimi qaldığınız otellərdən nəsə oğurlamısınız?

- Mini şampunları həmişə oğurlayıram. Bir dəfə çox xoşuma gələn meyvə boşqabını da oğurlamaq istədim, amma üstü açılar deyə bu fikrimdən vaz keçdim (Gülür).

- Səyahət zamanı başınıza gələn ən gülməli əhvalat.

- Santorini təpəsinə avtobusla çıxırsan. Ancaq aşağı enəndə iki variant təklif olunur. Ya kanatla enməlisən, ya da 500 ədəd hündür pilləkəni düşməlisən. Həyat yoldaşımla mən kanata minməkdən qorxduğumuz üçün pilləkənlərdən enməli olduq. Aşağıya çatanda tər-su içində idik. Bizi görənlər dəhşətə gəlirdilər. Yəqin ki, həmin dəqiqələrdə çox gülməli görünürdük.

- Səyahət edərkən üzləşdiyiniz ən böyük çətinlik nə olub?

- Məni həmişə ölkələrin təhlükəsizliklə bağlı gördükləri tədbirlər əsəbiləşdirir.

- Bir daha əsla getmək istəmədiyiniz yer haradır?

- Paris.

- Niyə?

- Çünki satıcılar özlərini çox qəribə aparırlar. Parisə eşq şəhəri deyənlər, məncə, bizi dolayırlar.

- Sizcə, dünyanın 8-ci möcüzəsi haradır?

- Oxri gölünün üstündə yerləşən otelin lüks otağı. Oraya təkrar getmək üçün səbirsizlənirəm.

- Gəzməkdən zövq aldığınız 5 şəhərin adını sadalayarsınız?

- Afina, Üsküp, Praqa, Roma, Bazel.

- Səyahət etdiyiniz ölkələrdən nə almağa üstünlük verirsiniz?

- Hansı ölkəyə getməyimdən asılı olmayaraq brelok, müxtəlif maqnitlər və ətirlər alıram.

- Səyahət zamanı ancaq lüks yerlərdə qalırsınız?

- Çalışıram ki qaldığım otel yaxşı olsun. Hosteldə də qala bilərəm, ancaq yenə keyfiyyətli olanını seçərəm. Əgər yaxşı bir dostum varsa, onun evində qalaram.

- Səyahət zamanı kitab oxuyursan?

- Kitabsız və musiqisiz səyahət mümkün deyil. İhsan Oktayın, Ahmet Ümitin və Bukovskinin kitablarını oxuyuram. Musiqini isə əhval-ruhiyyəmə uyğun seçirəm.

- Səyahətə dostlarla getmək yaxşıdır, yoxsa tək?

- Sadəcə, həyat yoldaşımla gedirəm.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm