“Seks-simvol ifadəsini xoşlamıram...” FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Seks-simvol ifadəsini xoşlamıram...” FOTOLAR

“Zabitlər”, “Anna Karenina”, “Hərb və sülh” filmləri ilə milyonların rəğbətini qazanan məşhur rusiyalı aktyor Vasiliy Lanovoy 1934-cü ilin məhz bu günü dünyaya gəlib.



O, şəxsi həyatı barədə sualları sevmir, açıq-aşkar özünə aid edilən “seks-simvol” ifadəsini də xoşlamır. Sizə aktyorla baş tutan müsahibəni təqdim edirik:

- Bildiyim qədər, siz dindar deyilsiniz. Bəs siz nəyə inanırsınız?

- İlk növbədə, mənəviyyata, mənəviliyə inanıram. Hər cür rus klassikasını təbliğ edirəm. Özümə daha bir əyləncəni də izn verirəm – bədii qiraəti sevirəm, rus poeziyasının vurğunuyam.

- Siz düşünürsünüz ki, ədəbiyyat, lap olsun, dahi ədəbiyyat bugünkü həyatda nəyisə dəyişə bilər?

- Mən sadəcə fikirləşirəm ki, bədii söz mədəniyyət və mənəviyyatın defisit təşkil etdiyi bir dövrdə mütləq lazımdır. Biz dəhşətli zəmanədə yaşayırıq.

- Özünüzü həyəcandan və mənfi informasiya axınlarından necə müdafiə edirsiniz?

- Heç cür. Bu daimi ağrıdır.



- Bu gün sizi artıq teatr və kinonun klassiki adlandırmaq olar. Demək olar ki, yarıməsrlik təcrübəniz var. Siz öz yaradıcılıq taleyinizdən razısınız?

- Taleyimdən narazılıq edə bilmərəm. O, mənə bir neçə gözəl rol, rejissor, aktyor həmkarları hədiyyə edib. Üstəlik belə bir ədəbiyyat: “Anna Karenina”, “Hərb və sülh”, “Al yelkənlər” və s. Bu möhtəşəm hədiyyədir. Rayzmanın, Lioznovanın, Bondarçukun filmlərində çəkilmişəm. Ranevskaya ilə dost olmuşam. Görürsünüz, necə adlardır?!

- Məşhurluğu sizə kinematoqraf gətirdi. Kinoda ən sevdiyiniz rol hansıdır?

- “Zolaqlı reys” filmindəki rolum . Bir epizod var, xatırlayırsınız? Mən orada deyirəm: “Zolaqlı kostyumda üzən qrupu görürsüz? Qəşəng üzürlər!” . Bax bu sənət əsəridir – bütün dövrlərin sənət əsəri.

- Bəs hansı rolu oynamaq nəsib olmadı?

- Çoxunu. Mən Çatskovu, Sidi, Hamleti oynamadım. Ancaq istədiklərimdən bir neçəsini aldım, məsələn, Don Juanı, Sezarı.

- Teatrda aktyorlar yaxşı qazanırlar? Sizin həyatınızda pul nə kimi önəm daşıyır?

- Onlar məndə olanda çox xoşum gəlir. Bu qədər çətinliklər və əzablarla qazanılmasa, daha yaxşı olardı. Pul – ilk növbədə müstəqillikdir.

- Sevdiyiniz işlə məşğul olursunuz və sizə üstəlik, pul da verirlər. Xoşbəxt insansınız?

- Yarma göstərəcək. Var müsbət adamlar, var qaşqabaqlı, qaranlıq adamlar. Mən özümü qaranlıq adamlara aid etmirəm. Mən asan yola gedən və açıq adamam, nəinki sərt və ağırxasiyyətli.

- Öz ailəniz haqda danışın.

- Mənim həyat yoldaşım gözəl rus aktrisası İrina Petrovna Kupçenkodur. Bizim oğlumuz, Trezor, Polka adlı itimiz və Liza adlı pişiyimiz var.

- Valideynləriniz oğullarının seçiminə necə yanaşdılar?

- Heç cür. Mənim anam və atam kəndli idilər, teatrla heç bir əlaqələri yox idi. Hər ikisi üç sinif oxumuşdular. Zavodda çalışırdılar, ancaq hər üç övladlarına ali təhsil veriblər. Mən təyyarəçi olmağı arzulayırdım. İlk müəllimim Serqey Şteyn mənə söylədi: “Səndən necə təyyarəçi çıxacağını güman edirəm, ancaq yaxşı aktyor çıxacağına şübhəm var. Odur ki, aktyor ol.” Mən yay məktəbinə getdim. Müəllimim gəlib mənim sənədlərimi oradan götürdü. Oradakılara isə dedi ki, ondan yaxşı aktyor çıxa bilər.



- Real həyatda üçbucaqlar baş verirdi?

- Xahiş edirəm, mənə qadınlar barədə sual verməyin. Mən belə şeyləri heç sevmirəm, ələlxüsus, mənasız jurnalların belə tip xəbərləri dərc etmələrini sevmirəm: “Həyatınızda neçə qadın olub... və s.”. Hər bir insanın həyatında digərlərinin bilməsi vacib olmayan şeylər var. Mən ora heç kimin daxil olmasına izn vermirəm. Heç vaxt. Odur ki, düşünməyin ki, mən ancaq sizə belə reaksiya verirəm.

- Təşəkkür edirik, təskinlik verdiniz. Ancaq bu tip sualın bir çox qadınların dəli-divanə olduğu aktyora verilməsi təbiidir.

- Ola bilər. Amma mən bu barədə danışmaq niyyətində deyiləm.

- Bəs nəyi deyə bilərsiniz?

- İnstitutda dərs deyirəm. Bədii söz kafedrasına başçılıq edirəm. Uzun müddət bundan imtina edirdim, çox vaxtımı alır deyə. Soçidə pansionatda istirahət etməyi sevirəm. Bu idmanla məşğul ola bildiyim yeganə məkandır. Bütün il boyu idman meydançaları haqda arzu edirəm. Moskvada buna vaxtım olmur. Voleybol və xizəyi sevirəm. Yeməkdə tələbkar deyiləm, adi kobud yeməyi sevirəm. Ancaq şəxsi mövzularda söhbət etmək istəyirsinizsə, bu mənlik deyil...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm