"Evlilik üçün bu kifayət deyil..." - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

"Evlilik üçün bu kifayət deyil..." - FOTOLAR

Biri jurnallar üçün lüt şəkillər çəkdirir, o biri əlində gitara gah orda, gah burda qışqırmaqla məşğuldur...

Bu yaxınlarda Liv Tayler jurnalistlər qarşısında etiraf edib: “Əslində, mən çox darıxdırıcı insanam. Mənim üçün oğlumun otağı bahalı gözəllik salonlardan daha maraqlıdır. Qalmaqallı münasibətlər yaşamıram, narkotik və alkoqol qəbul etmirəm. Hətta pirsinq və tatuajlara da hörmət etmirəm. Çətin ki, mənim həyatım kiminsə üçün maraqlı olsun”.

“Üzüklər şahzadəsi” trilogiyasının rejissoru Piter Cekson Liv barədə söyləyir: “Mənə adi qadından daha gözəl və qüsursuz qadın obrazı lazım idi və mən Livi seçdim”.
Belə çıxır ki, Livin təkcə xarici görünüşü deyil, daxili də gözəldir. O, mələkdir...

Adlarını valideyn qoyublar...

Enni bacısı qızının kefsiz olmasına elə də əhəmiyyət vermirdi. Buna vaxtı da yox idi – özünün dörd uşağı var! Ancaq məsələ aydındır: Liv qəşəng deyil, yöndəmsizdir, çox güman ki, yaşıdları onu ələ salır. Qızcığaz yalnız Bibi və Todd gələndə xoşbəxt olur. Adlarını valideyn qoyublar... Biri jurnallar üçün lüt şəkillər çəkdirir, o biri əlində gitara gah orda, gah burda qışqırmaqla məşğuldur. Belə baxanda, onlar qızlarına nə öyrədəcəkdilər ki? Qızcığaz elə burda qalsa, yaxşıdır. Bu eybəcər qıza elçi də elə burda tapılar.

Enninin bacısını mühakimə etməyə əsası vardı. Bibi Byüel az aşın duzu deyil! Əvvəllər pula nifrət edən hippi sonradan dəbdəbəli həyat tərzini sevən fotomodelə çevrildi.
Bibi rokerləri sevir, onları əlcək kimi dəyişirdi. Onlardan birinə - Todd Rundqrenə isə ərə getdi. Yarım ildən sonra Liv doğulanda hər şey aydın oldu. Ancaq qızının dünyaya gəlməsi Bibini dəyişmədi. O, öz həyat prinsiplərinə sədaqətli idi. Qızına adı da elə-belə seçdi. Divandakı jurnalı əlinə alıb üz qabığına baxdı. Üz qabığında isveçli aktrisa Liv Ulmanın şəkli vardı. Bibi təbəssümlə jurnala baxıb: “qızın adını Liv qoyacam” – dedi. Bir aydan sonra o, yenicə doğulmuş qızını Portlenddə qoyub Nyu-Yorka getdi.

Livin uğursuz uşaqlığı çox tez ötdü. Artıq 13 yaşı vardı. Bacısı qızını daim kefsiz görən xalası onu həkimə aparır. Həkim qızcığazın dərin depressiyadan və anoreksiyadan əziyyət çəkdiyini söyləyir.

Yeni səhifə, yeni həyat...

Enni vəziyyətin elə də yaxşı olmadığını görüb qızın anasını çağırır. “Anadır, qoy, qızının problemlərini özü həll etsin”... Şən, həyatsevər Bibi qızını özü ilə Nyu-Yorka aparır. Beləcə, Livin həyatında yeni dönəm başlayır. Yeni həyat, yeni məktəb onu depressiyadan xilas edir. Çirkin qızcığaz yavaş-yavaş gözələ çevrilirdi. Bibi qızını özü ilə rok konsertlərə aparırdı. Bir dəfə qızcığaz anasına rok ifaçıları arasında ən çox sevdiyi ifaçının Aerosmith qrupunun lideri Stiven Tayler olduğunu söyləyir və həmin an Bibi qızına həqiqəti söyləməyi qərara alır.

Qız əsl atasının Todd olmadığını öyrənəndə əsl şok yaşayır. Onun əsl atası davakar, narkoman və istedad sahibi Stive Tayler imiş...

Vaxtilə ondan hamilə qalan Bibi daha imkanlı olan Todda ərə getməyi üstün tutmuşdu. Yeri gəlmişkən, Todd qızın ondan olmadığını bilirdi, ancaq qızcığaza qarşı kin bəsləmirdi. Todd Bibiyə demişdi: “Bir çətinliyin olsa, xəbər elə”.

Livlə Stiven ilk dəfə konsertdə rastlaşırlar. Sonralar Stiven bu görüş barədə söyləyir: “ Onu görən kimi qızım olduğunu anladım! Çox kövrəlmişdim”...
On altı yaşında Liv atasının soyadını götürməyi qərara alır. Todd bunu anlayışla qəbul edir. Elə həmin il qızcığaz fotomodel kimi fəaliyyət göstərməyə başlayır. Amma model həyatı Livi bir o qədər cəlb etmirdi, çılpaq pozlar vermək və daha nələr. Fəqət kino, bax, bu başqa məsələdir! Bəs rejissoru necə tapasan?...
Elə bu ərəfədə Stiven “Crazy” mahnısına klip çəkməyi planlaşdırırdı. Stiv klipə qızını çəkir və klip uğurlu alınır.

Bu klipdən sonra Livə bir neçə reklamda çəkilmək təklifi gəlir. Lakin o, nədənsə aktrisa kimi istedadsız olduğu qərarına gəlir. Bu səbəbdən də, Bertoluççinin filmdə çəkilmək təklifinə rədd cavabı verir. Axşam atası ilə söhbət edərkən, Stiv əməlli-başlı özündən çıxır: “Səfeh olma, ikinci dəfə belə şansın olmayacaq. Zəng et və de ki, razısan”. Liv atasının sözünə baxır. Bertoluççinin “Oğurlanmış gözəl”i onu əsl ulduza çevirir. İki ildən sonra, 1998-ci ildə o, məşhur “Armageddon”da çəkilir.

Evlilik üçün bu kifayət deyil!...

Ancaq Bibi qızına görə narahat idi. Livin 18 yaşında hələ də bakirə olması onu narahat edirdi. Qızının səfeh kimi oturub şahzadə gözləməsi onu qıcıqlandırırdı. Livi həyata qaytarmaq üçün Bibi əlindən gələni edir. Hətta qızı ilə Conni Uitvortun görüşünü də təşkil edir. Nəticə necə olur? Heç nə. Livlə Conni arasında eşq macərası başlamamış bitir. Əlbəttə ki, Liv anasını məyus etməməyə çalışırdı, ancaq nə etmək olar? Alınmadı... Amma bütün bunlar Livin ətrafında söz-söhbətlərin yaranmasına səbəb olmuşdu. KİV elə hey bu barədə yazırdı.
Liv bunun marağında olmasa da, anası vəziyyətdən xeyli razı idi. Aktrisa üçün bundan daha yaxşı reklam ola bilməz... Qoy, ətrafında qalmaqal olsun...

Bu ərəfədə Liv aktyor Hoakin Fenikslə görüşməyə başlayır. Onlar gözəl cütlük idi – gənc, hündür, gözəl!
Aktrisanın pərəstişkarları onların niyə evlənmədiklərini anlamırdılar. Livin anasını da bu məsələ narahat edirdi. Qızının cavabı Bibiyə qəribə gəldi:

“Nə olsun ki, münasibətlərimiz yaxşıdır, eyni musiqini sevirik və gözəl seks həyatımız var? Evlilik üçün bu kifayət etmir axı!” ...

Liv Taylerin həyatında yeni kişi peyda olur – Roston Lenqdon... Bu kişi Livin arzuladığı, sevmək istədiyi kişi idi...
Roston elə də yaraşıqlı, zəngin deyildi. Ancaq bütün bunlar Liv üçün önəm daşımırdı. O, Rostonu sevirdi...

Fenikslə Livin ayrılmasını jurnalistlər özünəməxsus izah edirlər: guya “Armageddon” filminin çəkilişlərində Liv Bryus Uillislə eşq yaşayıb...
Jurnalistlər Livin rok ifaçısı ilə münasibətlərinə də müxtəlif qulp qoyur. Ancaq bütün bunlar Livi narahat etmirdi. O, xoşbəxt idi. “Üzüklər şahzadəsi” filminin çəkilişlərinə yollanmamışdan öncə o, Rostonla nişalanır.
2003-cü ilin 23 martında Liv Rostona “hə” cavabı verir. Toy Stiven Taylerin Karibdəki villasında baş tutur.

Düz doqquz aydan sonra onların Maylo adlı ilk övladları dünyaya gəlir. Aktrisa müsahibələrində xoşbəxt olduğunu təkrar etməkdən doymurdu. Bu xoşbəxt nikahın dağılmasına nə səbəb oldu, hələ də məlum deyil...
Bu məsələ ilə bağlı Liv yalnız bunları söylədi: “Ayrılıq çox çətin məqamdır. Çox ağrılıdır”...

Bu gün Livin həyatının mənası oğlu və işidir.
Deyəsən, mələyin həyatı, onun özünün də söylədiyi kimi, həqiqətən, mənasızdır. Lakin bir şey dəyişməz olaraq qalır – Liv illər öncə olduğu kimi, bu gün də məmnuniyyətlə rok konsertlərə gedir...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm