Prezidentin həyat yoldaşı: “Mənə qarşı soyuq idi!..” – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Prezidentin həyat yoldaşı: “Mənə qarşı soyuq idi!..” – FOTOLAR

Dünyanın ən yaraşıqlı prezidentlərindən biri sayılan Meksikanın dövlət başçısı Enrike Penya Nyetonun həyat yoldaşı aktrisa Anxelika Rivera ilə müsahibə:

“Sevdiyim, hörmət etdiyim insanın adı Meksikanın prezidenti yox, Enrikedir. Hər bir halda, hər bir şəraitdə onun yanında olacam...”

Enrike Penya Nyeto ilə ilk görüşünüzü necə xatırlayırsınız?
– Hökumətə dəstək çərçivəsində reklam çarxına çəkilmişdik. Həmin vaxt hələ qubernator olan Enrike mənə zəng edib reklamda iştirakıma görə təşəkkürünü bildirdi və məni restorana dəvət etdi.
Şam axşam saat doqquza nəzərdə tutulmuşdu. Çox həyəcan keçirirdim. Keçmiş həyat yoldaşım Xose Alberto Kastro ilə ayrıldığımdan bəri hələ heç bir kişi ilə görüşməmişdim.

Sizi şam yeməyinə dəvət edən həmin insanda nəyi, daha doğrusu, kimi gördünüz?

– Öz ürəyini açan bir insanı. Həmin vaxt mən Xose Alberto ilə artıq bir ildən çox idi ki, ayrılmışdım. Mən ona öz həyatım barədə danışdım, Enrike isə mənə öz həyatı barədə – heç nə gizlətmədən, səmimi şəkildə. Düzünü deyəcəm, onun yaraşıqlı olması gözümdən yayınmamışdı. Biz axşam saat doqquzdan gecə saat birə kimi söhbət etdik. Vidalaşdıq və sözləşdik ki, yenidən görüşək.

Hamıdan gizli görüşürdünüz?

– Xeyr, gizlətməyə bir şey yox idi ki. Əvvəlcə dost kimi ünsiyyət saxlayırdıq. Tədricən münasibətlər başqa axın almağa başladı...

Penya Nyeto hansı xüsusiyyəti ilə qəlbinizi fəth etdi?

– Diqqətcil olması ilə. Bir dəfə belə bir hadisə baş verdi. Şam yeməyinə çıxmağa hazırlaşırdıq, pencəyimin bir düyməsi düşdü. Əynimi dəyişməyə isə vaxt yox idi, restorana yollandıq. Yolda Enrike maşını saxladı və şəxsən özü mənə pencəyimi bağlamaq üçün sancaq aldı. O dedi ki, əks halda, mən bütün axşamı özümü narahat hiss edəcəkdim, o isə bunu istəmir. Enrike bu hərəkəti ilə məni ələ aldı. Axı həmin vaxta qədər heç kimdən adi bir diqqət belə görməmişdim. Bu andan etibarən mən əvvəllər fikir vermədiyim detalları görməyə başladım...

Elə həmin vaxt o, sizə evlilik təklif etdi?

– Bəli, biz artıq beş ay idi ki, görüşürdük. Enrike məni restorana dəvət etdi. Hanısa bir an o, mənə sanki başqa cür baxdı, qucaqladı və onun gəlini olmağa razıyammı – deyə soruşdu. Həyatımda ilk dəfə məndən: “Gəlinim olmağa razısan?” soruşurdular. Mən cavab verdim: “Əlbəttə ki, hə!” Bu vaxt o söylədi: “Bir daha təkrar et” və mən daha ucadan dedim: “Əlbəttə ki, hə!”... Bu tarixi münasibətlərimizin başlandığı tarix kimi qeyd edirik...

Bəs Xose Alberto ilə münasibətlərinizi niyə rəsmiləşdirmədiniz?
– 14 il ərzində onu evlənməyə razı salmağa çalışdım. Ancaq onun belə bir fikri yox idi. O, daim söyləyirdi: “Əzizim, mən nikaha inanmıram”, vəssalam...

Onunla ayrılığı ağır keçirdiniz?
– Hə, əlbəttə. Təsəvvür edin, birgə neçə il yaşayasan, uşaqların dünyaya gələ və sonradan anlayasan ki, sevdiyin kişi sənə qarşı tamamilə laqeyddir. Bu, insana ağrı verir. Təkcə ona görə yox ki, ayrılırsan, sadəcə, ta əvvəldən müxtəlif insanlar olduğumuzu başa düşmədiyimə görə heyifsilənmişdim.

Prezident Penya Nyeto ilə münasibətlərinizi qızlarınıza necə izah etdiniz?
– Onlar heç bir kişi ilə görüşmədiyimi bilirdilər. Ona görə Enrike mənə evlilik təklifi etməmişdən qabaq qızlarıma onunla görüşdüyümü söylədim. Sofiya məndən soruşdu: “Ana, sən onun nişanlısı olacaqsan?” Mən cavab verdim ki, hələ bilmirəm, gərək onu yaxından tanıyım. Enrike ilə münsibətlərimiz ciddiləşəndə hər üç qızımdan razılıq aldım. Onlar artıq Enrike və onun uşaqları ilə də tanış idilər. Odur ki, Sofiya, Fernanda və Recina düşünmədən razılıqlarını bildirdilər.

Enrikenin uşaqları ilə ilk görüşünüz barədə danışın.
– Enrikenin ad günü idi. (20 iyul - red.) Məclisə bacım Maritsa ilə gəlmişdim. Uşaqları da yanında idi – Nikol, Alexandro və Paulina. Alexandro təzə-təzə mənimlə soyuq idi. Ancaq mən anasını yenicə itirmiş doqquz yaşlı uşağın nə hisslər keçirdiyini çox gözəl başa düşürdüm. Onda mən Enrikeyə dedim: “Narahat olma, izin ver, mənimlə yaxından tanış olsun”.

Bəs indi uşaqlarla münasibətləriniz necədir?
– Çox yaxşı. Mən onlara çatdırdım ki, analarının yerini tutmaq fikrim yoxdur. Heç kim və heç nə onun yerini tutmayacaq.

Deyirlər, əlində hakimiyyət olan kişi ikiqat yaraşıqlı olur. Siz bu haqda nə düşünürsünüz?
– Bütün hakimiyyət ürəkdədir. Bu hakimiyyət başqasını xoşbəxt etmək, qayğısına qalmaq, yaxşı ata olmaq deməkdir.

Siz hakimiyyəti sevirsiniz?
– Əlbəttə, yəni başqalarını xoşbəxt etməyə xidmət edən hakimiyyəti sevirəm. İstəmirəm, bu sözümü yanlış anlayasınız. Mən qızlarımın gözəl qadın olmalarını arzulayıram.

Enrike karyeranıza son verməyi xahiş etsə, razılaşacaqsınız?
– Məncə, sevən insan belə şey xahiş etməz. Sevdiyin insana hörmət edirsən. Əgər mən nə vaxtsa karyerama son verməyi qərara alsam, bu, mənim öz qərarım olacaq. Amma Enrikeni tanıdığıma görə deyə bilərəm ki, o, heç vaxt məndən bunu istəməyəcək.
Sevdiyim, hörmət etdiyim insanın adı Meksikanın prezidenti yox, Enrikedir. Hər bir halda, hər bir şəraitdə onun yanında olacam.

Bir çoxları hesab edir ki, sizin Penya Nyeto ilə münasibətləriniz ta əvvəldən piar xarakteri daşıyıb...
– Biz ürəyimizi piar etməyə məcbur edə bilmərik. Hisslərimizlə oynaya bilmərik, xüsusilə, altı övladımızın hissləri ilə...

Enrike ilə ən yaddaqalan səyahətiniz hansı olub?
– Mayamiyə səfərimiz. Ora uşaqlarımızla getmişdik. Düzdür, şam yeməyini ikilikdə edirdik.

Qısqancsınız?
– Sözsüz! Yalan danışmayacağam. Amma Enrikeni yox – mən işimə, qızlarıma, ailəmə qarşı qısqancam. Lakin Enrike də istisna deyil, əsas versə, onu da qısqanacam...

Nə vaxtsa Penya Nyetoya görə ağlamısınız?
– Bəli, amma bu, sevinc göz yaşları olub. Onun nişanlısı olmağa razılıq vermişdim. Anam evdə idi, ona yaxınlaşıb qucaqladım və: “Ana, bu qədər vaxtı o, harada idi, niyə daha əvvəl rastlaşmamışdıq?” – soruşdum və hönkür-hönkür ağlamağa başladım...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm