Özündən 35 yaş cavan qadınla xoşbəxt olmaq... VİDEO - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Özündən 35 yaş cavan qadınla xoşbəxt olmaq... VİDEO - FOTOLAR

Özündən 35 yaş cavan qadınla xoşbəxt olmaq... VİDEO - FOTOLAR

“Yadında saxla, oğlum: kütlə qarşısında əzilib-büzülmək kişi sənəti deyil”...

“Yarım əsrdən çoxdur ki, hisslərimə nəzarət edirəm və hələ bir dəfə də olsun, həddimi aşmamışam”...

“İstvud” deyərkən ağlımıza vestern, “vestern” deyərkən isə “Klint İstvud” gəlir!...

Böyük depressiyanın uşağı

Klint İstvud fəhlə ailəsində anadan olub. Uşaqlığı “Böyük amerika depressiyası” dövrünə təsadüf etdiyindən ailəsi tez-tez bir şəhərdən başqasına köçüb.

Bu səbəbdən, Klint daim məktəb və yoldaşlarını da dəyişməli olurdu. O, təvazökar, utancaq uşaq kimi böyüyür, evə çörək pulu gətirmək üçün müxtəlif xırda işlərdə çalışırdı. Klint özünü hətta məktəb teatrında da sınamışdı, ancaq oğlunun özfəaliyyətindən xəbər tutduqda ata bunu gülüşlə qarşılayır: “Yadında saxla, oğlum: kütlə qarşısında əzilib-büzülmək kişi sənəti deyil”...

Klint bu “məsləhət”i uzun müddət unutmur. 1948-ci ildə o, Okleand texniki məktəbini bitirir və müxtəlif işlərdə çalışır: yanğınsöndürən, yanacaq dolduran fəhlə, Los-Ancelesdəki kiçik barda caz pianoçusu...

1950-ci ildə Klinti hərbi xidmətə çağırırlar. Burada o, gənc aktyorlar - Martin Milner və Devid Yansenlə tanış olur. Məhz onlar belə bədən quruluşuna malik olan Klintə kinoda çəkilməyi məsləhət görürlər...

Ulduzluğa gedən yol...

Xarici görünüş öz yerində, ancaq rejissorlar Klintdə heç bir aktyorluq istedadı görmürdü.

İstvud kino karyerasına “Rouxayd” serialında oynadığı ikincidərəcəli rolla start verir.

“Rouxayd” serialı yeddi ildir ki, davam edirdi. İstvudun isə artıq otuz yaşı tamam olurdu. Ancaq o, adi serial ulduzu olmağı arzu etmirdi. Bu səbəbdən, az tanınmış italiyalı rejissor onu öz filminə dəvət edəndə Klint düşünmədən razılıq verir və bu qərar onun taleyini həll edir. İtaliyalı rejissor isə kim olsa, yaxşıdır? – Sercio Leone!

Bu filmdən sonra Klint “Bir neçə dollar çox”, “Yaxşı, pis, zalım” vesternlərində çəkilir.

“Yaxşı, pis, zalım” onu bütün Avropa və Amerikada məşhur edir...

O, indi nəinki böyük qonorarlar alır, həmçinin, özü hansı filmdə çəkiləcəyinə qərar verirdi.

1971-ci ildə İstvud ilk dəfə özünü rejissor kimi sınayır və çəkdiyi triller tamaşaçıların rəğbətini qazanır.

İlk “Oskar”ını Klint 1992-ci ildə “Bağışlanmamış” filminə görə alır. Bu ssenarinin müəllif hüquqlarını o, hələ 80-c illərdə almışdı, ancaq baş qəhrəmanın yaşına çatmağı gözləyirdi. Final titrlərdə İstvud filmi “xaç ataları – Sercio Leone və Don Siqel” həsr etdiyini qeyd edir. İstvud minnətdar olmağı bacarır...

***

İkinci “Oskar”ını alan İstvud-rejissor tez-tez təkrar edir: “Bütün yaşadığınız hissləri yenidən yaşamaq istəyirsinizsə, hər şeyi ikinci dəfə təkrar edin” ... Aktyor bu gün də yalnız ikinci nikahda özünü xoşbəxt hiss etdiyini etiraf edir.

Amerikalı aktyorun ilk həyat yoldaşı 1953-cü ildə evləndiyi fotomodel Meqqi Conson idi. On beş il birgə həyatdan sonra onların Kayl adlı oğulları, üç ildən sonra isə Elison adlı qızları dünyaya gəlir. Evliliklərinin 21-ci ildönmündə isə cütlük ayrılır. Səbəb isə çox bəsit idi, belə ki, günlərin bir günü Klint evə gəlib başqa bir qadına aşiq olduğunu elan edir...

Başqa qadının adı Sandra Lokk idi. İstvudla Sandra on dörd il ərzində vətəndaş nikahında yaşayırlar. Lakin bu 14 ilin Sandra üçün əsl əzab olduğunu söyləyənlər də var. Belə ki, birgə yaşadıqları müddətdə, Klint onu iki dəfə abort etməyə, bir dəfə dölzüsləşdirmə əməliyyatı etdirməyə məcbur edir. Sandranı filmlərində çəkəcəyinə də söz verir, ancaq İstvud nəinki sözünün üstündə durur, üstəlik onu atır və 1996-cı ildə teleaparıcı Dina Ruizlə evlənir. Onu özünün 66, nişanlısının 31 yaşı olması isə qətiyyən narahat etmir. Görünür, heç dəyməz də, onlar bu günə qədər də bir yerdədilər...

Terminatorla çiyin-çiyinə...

Kino dünyasında İstvud haqqında bir çox əfsanələr dolaşır. Guya o, müsahibələr verməyi sevmir, dinməzdir... 1986-cı ildə Klint gözlənilmədən siyasətə baş qoşur və Kaliforniya ştatında yerləşən kurort şəhəri Karmelin meri olur. Aktyorun yaxın dostu Arnold Şvartsneqqer bu ərəfədə Kaliforniyanın qubernatoru idi (A. Şvartsneqqer hal-hazırda da Kaliforniyanın qubernatorudur – red.) və dostunun mer olduğu şəhərə böyük məbləğdə pul ayırırdı. Lakin Klint ikinci müddətə namizədliyini irəli sürmür.

Deyilənə görə, bunu ondan Karmel sakinləri xahiş etmişdi. Belə ki, sakinlər şəhərin “kovboy”un pərəstişkarları tərəfindən “zəbt olunmasından” bezmişdilər...

Həm də məşhur kovboyun bəzi məsələlərdə razılığa gəlmədiyi Arnold Şvartsneqqerlə münasibətlərində də, soyuqluq yaranmışdı...

***

Baxmayaraq ki, 2004-cü ildə aldığı “Oskar”dan sonra Klint İstvud “ən yaşlı “Oskar” sahibi” titulunu alıb, aktyor öz gümrahlığı ilə gənc aktyorlara meydan oxuyur.

Bu uzunömürlülüyün və gümrahlığın sirri nədədir? Aktyor özü bunu belə izah edir: “Mən artıq yarım əsrdən çoxdur ki, hisslərimə nəzarət edirəm və hələ bir dəfə də olsun, həddimi aşmamışam”.

Kinodakı məşhur qəhrəmanından fərqli olaraq, Klint həyatda siqaret çəkmir, mütəmadi olaraq, idmanla məşğul olur.

Fərqli insan...

Etiraf etmək lazımdır ki, Klint İstvud özü-özülüyündə fərqli şəxsiyyətdir. Təsəvvür edin, kinoda yüzlərlə qorxmaz qəhrəman obrazını yaradan aktyor həyatda həşəratlardan qorxur. Özünə ən bahalı maşın ala bildiyi halda, retro-maşın sürür, ağacları sevir.

Deyirlər, aktyor böyük kinodan getdiyini elan etsə də, “Mark Tvenin xatirələri” filmində çəkilməyə razılıq verib...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm