Ərim: “Bu an həmişə həyəcanlı olursan...” - VİDEO
Bizi izləyin

Bizim tərcümə

Ərim: “Bu an həmişə həyəcanlı olursan...” - VİDEO

Amerikalı kinoaktrisa Meril Striplə müsahibə:

“Zaman keçdikcə, içimizdəki lovğalıq azalır...”

“Müəyyən yaş dövründən sonra qadın seçim etməli olur: ya üzü, ya bədən quruluşu”. Mən üzü seçdim, qalanı isə...”

- Paltarlarınızı hələ də özünüz ütüləyirsiniz?

- Əynimdə gördüyünüz bu köynəyi də özüm ütüləmişəm. Buna inanmaq məcburiyyətindəsiniz! Ütüləməyi sevirəm, bu, əla terapiyadır –reallıqdan ayrılmamağa yardım edir. Həm də mən çox vasvasıyam. Düşünmürəm ki, kimsə bunu məndən daha yaxşı bacara bilər. Amma yox, qızım Qreys bacarır, anam bacarırdı...

- Siz çox gözəl görünürsünüz...

- Demək istəyirsiniz, bu yaşımda?

- Xeyr, sadəcə, həqiqəti söyləmək istəyirəm: gözəl görünürsünüz.

- Təşəkkür edirəm. Amma siz məndən çox uzaqda əyləşmisiniz... Mən həmişə Katrin Denyovun sözlərini xatırlayıram: “Müəyyən yaş dövründən sonra qadın seçim etməli olur: ya üzü, ya bədən quruluşu”. Mən üzü seçdim, qalanı isə...

- Üzr istəyirəm, ancaq mənə elə gəlir ki, siz heç vaxt açıq-aşkar öz bədəninizi nümayiş etdirməmisiniz – filmlərinizdə.

- Sadəcə, mən heç vaxt bədənimdən istifadə etməmişəm. Bu yaxşı seçim idi – xarici görünüşündən asılı olmamaq. Ümumiyyətlə, aktrisa üçün xarici görünüşünə görə narahatçılıq keçirmək əsl tələdir. Belə olan halda, aktrisa öz yaşı barədə də xatırlamır. Mən çox şeylərə dəyər verməmişəm...

- Nədənsə peşmansınız?

- Malik olduğuma dəyər vermədiyimə görə, peşmanam. Məsələn, otuz yaşımda kök olduğumu fikirləşirdim. İndi həmin yaşda çəkildiyim filmə baxıb görürəm: nahaq yerə narahat olurdum, kök olmamışam. Lap kök olsaydım belə, bu əzab keçirmək üçün səbəb deyil.

- İllər öncəki obrazınıza baxdıqdan sonra nə hisslər keçirirsiniz? İndi başqa adamsınız?

- Yox, eyni adamam. Bizdə nə dəyişə bilər ki? Düşüncələrimiz, reaksiyalarımız? Nə?

- Bəlkə, güzəştə getmək bacarığı?...

- Mən 60-cı illərin uşağıyam. Cavanlığım gənclik inqilabıdır - dünyanı yaxşıya doğru dəyişmək həvəsidir. Düşünmürəm ki, məndə nəsə dəyişib.

- Fiziki dəyişiklik dünyanı qavramağınıza təsir etmir?

- Yadımdadır, səkkiz yaşımda nənəmi dəlicəsinə sevirdim. Onun qaş üçün olan karandaşını götürüb güzgünün qarşısına keçir və üzümdə qırış şəkilləri çəkirdim: Nənə olmağın necə bir hiss olmasını hiss etmək istəyirdim. Anam şəkillərimi çəkmişdi, bu gün də o şəkillərə baxıb xeyli gülürəm. Çünki o fotolarda indiki mənəm. Biz yaşlı vaxtımızda səkkiz yaşındakı uşaq oluruq. Dəyişmirik. İllər şəxsiyyəti dəyişmir, sadəcə, qərarı vermək üsulları dəyişir. Zaman keçdikcə, içimizdəki lovğalıq azalır. Məsələn, 25 yaşımda mən nəyi və necə oynamağı gözəl bilirdim, indikindən fərqli olaraq...

- Rəfiqəniz Şer danışır ki, bir dəfə siz Nyu-Yorkda gəzərkən bir kişi qadının əlindən çantanı aldığı an qışqırmağa başladınız. O, qaçmağa cəhd edəndə, arxasınca düşdünüz...

- Cinayətkarı buraxmaq olmaz ki! Mən hippi idim, ancaq hər halda, hesab edirdim ki, pislik cəzalandırılmalıdır – burada və indi. Qısası, biz hamımız 60-70-ci illərdə böyümüşük – sosial aktivlik, feminizm... Kişilərdən asılı olmaq istəmirdik, həyatımızı özümüz idarə etməyə can atırdıq. Məhz buna görə, mən əfqan qaçqınlarının press-konfransını təşkil etdim. Onların dilindən Əfqanıstanda yaşayan qadınların həyatını öyrəndim. Mən uç uşaq anası kimi özümə yer tapa bilmədim. Axı daim müstəqil fikir yürütmüşəm və bu gün mən özünəəmin, azad qadın (“İblis Prada geyinir”) obrazları gördükdə onların cəmiyyətdəki rolları barədə düşünürəm. Müasir Hollivudda belə ambisiyalı və məqsədyönlü şəxsiyyətlər yoxdur! İnsanlar qadının lider olacağı fikiri ilə barışa bilmirlər. Müəyyən pilləyə qalxdıqca həmin qadınlar psixoloji cəhətdən deformasiyaya uğrayırlar, bəzən isə ümumiyyətlə, bədheybətə çevrilirlər. Onlara artıq şübhə hissi də yadlaşır. Məndən fərqli olaraq...

- Şübhə hissi sizə yad deyil?

- Mənə aiddir, özü də necə! Yeni işə başlamamışdan özümü həlak edirəm. Həyəcanlanıram : “Bilmirəm, nə edim. Niyə buradayam? Niyə onlar bu rola məhz məni istəyirlər? Bu rolu necə oynayacağımı bilmirəm!”. Qəribədir, düz deyil? Həyat yoldaşım deyir: “Sən çəkilişlər öncəsi həmişə beləsən, həyəcanlı olursan”. Mən isə ona: “Yox, hələ belə olmamışdı. Təkcə bu rolla belədir” söyləyirəm. Bir dəfə o, mənə dedi: “Sadəcə, başlamaq lazımdır. Tam başdan başla.” İndi həmin sözlər mənim devizimdir. Bu həyatım boyu mənə verilən ən dəyərli məsləhət idi. Əsas olan, ilk addımı atmaqdır, sonrası düzələcək.

- Heç vaxt bu əzablardan yaxa qurtarmaq və özünüzü tək ailəyə həsr etmək istəməmisiniz?

- Xeyr, baxmayaraq ki, mən əsl ailə adamıyam. Tək qala bilmədiyim üçün də belə böyük ailə qurmuşam. Amma yalnız hamilə olduğum dövrlərdə kinoda çəkilməmişəm. İgidlik uşaqları böyütmək, eyni zamanda, işləməyə davam etmək idi. Çəkilişlər təxminən dörd ayımı aparır, növbəti kinoya qədər 3-4 ay vaxtım olur. Onu da ailəmə həsr edirəm. Gizlətmirəm, daimi işim olmadığına görə, sevinirəm. Çünki hər yerə uşaqlarımı özümlə apara bilmişəm, onlar mənimlə ən ekzotik məkanlarda olub. Qızımız Meymi teatr aktrisası olmağa qərar verib. Teatr isə birmənalı olaraq, Nyu-Yorkdur.

- Meymidə bu alındı?

- Bəli, onun “Cənab Marmelad”dakı rolunu tənqidçilər dəyərləndirdi. Fəqət mənim üçün daha vacib olan qızımın tibbi sığortasının olmasıdır... Uşaqlar istəklərinin arxasınca getməkdə düz edirlər. Böyük oğlum Henri rok musiqiçi və aktyordur. Qalanlarını bilmirəm, xoşbəxtlikdən onların arzuları kino və teatrla bağlı deyil.

- Siz artıq 30 ildir ki, evlisiniz. Evliliyinizin möhkəm olmasının səbəbi nədədir?

- Xoşniyyətdə, yola getmək və... bəzən də susmağı bacarmağımda. Nəzərə almaq lazımdır ki, ailə heç bir memarlıq qaydalarına riayət etmir. Evlilik daim danışıqlar prosesi və hər anını sevgiyə ayırmaq deməkdir...

- Kino karyeranızda və ailənizdə uğur qazana bildiniz. Başqa nə arzulayırsınız?

- Təkcə aktrisa kimi deyil, bir qadın kimi də özümü doğrulda bildiyimə görə, xoşbəxtəm. Yalnız vəkilləri, köməkçiləri və aktyor əhatəsi ilə ünsiyyətdə olan həmkarlarıma yazığım gəlir. Əlbəttə ki, yazmağı bacarmaq və ya bütün payız fəslini balıq tutmağa getmək istərdim. Ancaq təəssüf ki, mən yalnız başqalarının ideyalarını həyata keçirən aktrisayam. Bundan başqa bir iş bacarmıram...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm