• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Mənim qadınım Fələstin inqilabıdır” - FOTOLAR

“Mənim qadınım Fələstin inqilabıdır” - FOTOLAR

Tarixin isə çox sərt bir qanunu var: əgər xalq yaşadığı torpağını müdafiə edə bilmirsə, deməli, o torpağa layiq deyil.

Yasir Ərafat...

Bəziləri bu insanı sülh tərəfdarı, digərləri terrorçu olmaqda təqsirləndirirlər. Hətta fələstinlilərin özündə də fikir ayrılığı mövcuddur: ya liderdir, ya xəyanətkar...

Təxminən qırx il ərzində Fələstin azadlıq hərəkatına başçılıq edən bu insan kim olub, nə edib?

Ölümündən az əvvəl Yasir Ərafat jurnalistlərə söyləmişdi: “Ariel Şaron on üç dəfə məni aradan götürməyə cəhd edib. Amma mən yenə də sağam. Belə asanlıqla məndən xilas ola bilməyəcək!” Lakin məlumdur ki, 1982-ci ildə İsrail snayperləri Yasir Ərafatı nişan alanda Şaron hərbçilərə ona dəyməmək əmri vermişdi: “Ərafata toxunmayın!”... Bəs bu qəribə əmr nə deməkdir?

İnqilabçının gəncliyi

Yasir Ərafatın əsl adı Məhəmməd Abdel Rauf Ərafat əl-Kudva əl-Hüseynidir. Rəsmi sənədlərə inansaq, o, 1929-cu ilin 24 avqustunda varlı mülkədar Abdel Rauf Ərafatın ailəsində, Qahirədə anadan olub.

Kolleci bitirdikdən sonra Ərafat Texas universitetinin mühəndislik fakültəsinə daxil olmağı planlaşdırır, lakin viza verilmədiyinə görə, Qahirə universitetinə daxil olur. 1948-ci ildə ilk ərəb- İsrail müharibəsində iştirak etmək üçün təhsilini yarımçıq qoyur. Müharibə dövründə özünə “Yasir” təxəllüsünü götürür. Fələstinlilər müharibədən sonra baş verənləri “nakba” (“qəza”) adlandırır. Fələstin ərazisinin yarısını tutan İsrail dövləti qurulur.

1952-ci ildə Ərafat Misirdə Fələstin tələbələrindən ibarət birlik yaradır və onun sədri seçilir. Enerjili, iradəli, dönməz Yasir siyasi müzakirələrdə iştirak etməklə yanaşı, hərbi işi də yaxından öyrənirdi. 1965-ci ilin 1 yanvarında “FƏTH” döyüşçüləri tərəfindən aparılmış partizan əməliyyatı Fələstin hərəkatının başlanğıcı hesab olunur.

Ərafat işini atıb (Küveytdə üç tikinti şirkəti vardı. ) “FƏTH”in “Azifa” bölməsinə başçılıq etməyə başlayır.

Azifa döyüşçüləri İordaniya, Livan və Qəzza zolağında partizan aksiyaları həyata keçirirdi. Üç ildən sonra Ərafat Fələstin inqilabı qüvvələrinin baş komandanı seçilir.

“Yeddi həyatı olan pişik”

Beləliklə, 1982-ci ildə Ərafat Fələstin azadlıq hərəkatının lideri idi. Onların ən böyük əməliyyatlarından biri 1972-ci ildə Münhendə baş tutan Olimpiyada zamanı olur. Belə ki, hərəkat on bir İsrail idmançısını qətlə yetirir. Ərafat terror əməliyyatlarını pisləsə də, bunu edənləri ata kimi danlamaqla kifayətləndi, vəssalam...

1974-cü ildə BMT-nin növbəti iclasında Yasir Ərafatın nitqi: “Mənim bir əlimdə sülhün simvolu olan zeytun budağı, o biri əlimdə azadlıq uğrunda mübarizə aparan insanın silahıdır. Elə etməyin ki, sülhün simvolu olan zeytun budağı əlimdən düşsün”. Bu sözlərdən belə çıxırdı ki, Ərafat Kalaşnikov avtomatını heç vaxt qırağa qoymayacaq...

1993-cü ildə Ərafat Yaxın Şərqdə mübarizə apardığı sülhə görə, Nobel mükafatı da alır.

Ərafatı hətta “yeddi həyatı olan pişik” də adlandırırdılar. 1973-cü ildə o, İsrail xüsusi xidmət orqanları tərəfindən təşkil olunan sui-qəsddən yaxasını qurtara bilir. Sui-qəsd əməliyyatı zamanı fələstin liderinin üç köməkçisi həlak olur.1985-ci ildə İsrail aviasiyası Ərafatın Tunisdəki iqamətgahını bombalayır və yenidən nəticəsiz. 1991-ci il Fars körfəzindəki böhran zamanı Fələstin lideri avtomobil qəzasına düşür. Onun maşını bir neçə dəfə çevrilir, amma Ərafat əzilmiş maşından sağ-salamat çıxır. 1992-ci ildə Ərafatın şəxsi təyyarəsi Liviya səhrasında qəzaya uğrayır. Hamı onun həlak olduğunu düşünsə də, nəticə yenə də inqilabçının xeyrinə bitir. Yeri gəlmişkən, sərnişinilər arasında yeganə sağ qalan elə o özü olur.

Bəziləri Şaronun Ərafata simpatiya bəslədiyini də iddia edirdi. Ümumiyyətlə, onlar bir-birilərinə çox bənzəyirdilər. Məsələn, hər ikisi üçün ideoloji nəzəriyyə heç bir əhəmiyyət kəsb etmirdi. “Dost”larını və “düşmən”lərini yaxşı ayırmağı bacaran Sovet diplomatları Ərafatın nəyə və kimə qarşı mübarizə apardığını anlamırdılar. Ərafat bir neçə dəfə SSRİ-yə rəsmi səfər edib. Görüşlər zamanı Ərafat hər şeylə razılaşsa da, Marks-Lenin nəzəriyyəsinin onu üçün maraqsız olduğu açıq-aşkar görünürdü.

Ərafatla Şaronu həm də işə olan fenomenal sadiqlik birləşdirirdi. Ərafat uzun müddət ailə həyatı qurmadı. O deyirdi: “Mənim həyat yoldaşım – Fələstin inqilabıdır”. Valideynsiz qalmış 12 uşağı övladlığa götürən Ərafat 1992-ci ildə evlənir. Pravoslav xristyan xanım islamı qəbul etmək məcburiyyətində qalır. Ancaq ərinin işləri ona tamamilə maraqsız idi. Qadın vaxtının çox hissəsini Parisdə keçirirdi.

Şaronun “ona dəyməyin” əmri belə də izah oluna bilərdi: çox güman ki, nə qədər qəribə görünsə də, Yasir Ərafat İsrailə lazım idi. Ola bilsin, uzun illər qorxulu və dəhşətli düşmənə qarşı olan birlik İsrail icmasını bir olmağa vadar edib. Həm də nəzərə almalıyıq ki, Fələstin lideri İsraili uzun müddət gərginlikdə saxlasa da, bu dövlətə heç bir xüsusi strateji ziyan vurmayıb. Belə baxanda, Ərafat, ümumiyyətlə, heç nə etməmişdi. Fələstin qaçqınları işğal olunmuş ərazilərə qayıtmadılar, İsrail isə nəinki suya atılmadı, əksinə ərazilərini daha da genişləndirdi. Fələstin dövləti isə hələ də qurulmamışdı... Bu o demək deyilmi ki, təxminən qırx il ərzində Yasir Ərafat xalqını barmağına dolayıb? Bu suala cavab tapmaq mümkün deyil...

Öz xalqının rəhbəri...

Tarixə nəzər salaq. Ötən əsrin əvvəlində belə xalq mövcud olubmu? 1516-cı ildən etibarən, dörd əsr boyunca Fələstin ərəbləri Osmanlı İmperiyasının tərkibində olublar və bu əsarətə qarşı hər hansı müqavimət göstərməyə cəhd etməyiblər. 1917-ci ildə ingilislər türkləri qovaraq, Fələstini işğal ediblər. Əgər fələstinlilər mübarizə aparsa və inad göstərsələr, ərazilərinə heç bir “yəhudi ocağı” yol aça bilməzdi.

Ancaq onlar qorxur və qonşu ərəb ölkələrinə mühacirət etməyi daha üstün tuturdular. Tarixin isə çox sərt bir qanunu var: əgər xalq yaşadığı torpağını müdafiə edə bilmirsə, deməli, o torpağa layiq deyil.

Kim zəmanət verə bilər ki, İsrail-Fələstin müharibəsində fələstinlilər qalib gəlsə, sabahısı günü torpaqlarını yeni müstəmləkəçinin ixtiyarına verməyəcəklər?

Ərafat “Müsəlman qardaşları” təşkilatına qoşulsa da, tezliklə oranı tərk etdi: “Fələstinin azadlığı fələstinlilərin qayğısıdır”. Beləcə, Ərafat xalqında milli ruhu oyatmağa nail oldu.

Onun səyi nəticəsində, Fələstin xalqı, ideyası formalaşdı...

“Bizim məqsədimiz mübarizə aparmaq və həyatımızı qurban verməkdir. Çünki torpaq, azadlıq və qürur olmadan həyat yoxdur”...

Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR