• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Arvadınla bir gecəyə görə milyon dollar!” – əfsanəvi Robert Redfordun müsahibəsi

“Arvadınla bir gecəyə görə milyon dollar!” – əfsanəvi Robert Redfordun müsahibəsi

“Heç zaman keçmişə qayıtmayın – bu, çox təhlükəlidir. İrəli getməyə davam edin.

Ömrümün 78-ci ilində də enerjim kifayət qədərdir və hələ də qadınların diqqətini qamarlamaqda davam edirəm. Bu xoşbəxtliyi yerdə qalan bütün kişilərə arzu edirəm”.

“Bizim tərcümə” layihəsi bugünkü qonağı əfsanəvi aktyor, rejissor və qadınların sevimlisi Robert Redforddur. Publika.az-ın onun müsahibəsini təqdim edir.

- Cənab Redford, bu yaxınlarda verdiyiniz müsahibələrin birində dünya kinematoqrafiyasının əfsanəsi olmağınızdan bezdiyinizi demisiniz. Ola bilməz ki, siz hər şeyi, həmçinin də aktyorluğu tərk etmək istəyəsiniz...

- Aman Allahım! (gülür). Mən belə bir şey haqda heç fikirləşməmişəm də: nə qədər ki nəfəs alıram, işləməyə davam edəcəyəm. Lakin mən “Redford-əfsanə” kimi mənasız cümləni eşitdikdə özümdən çıxıram. Bütün əfsanələr uzaq keçmişlə bağlıdır. Mən isə gördüyünüz kimi, hələ ki sağ-salamatam. Nəyə görə səni qarşıda boş geniş yol gözlədiyi halda, güzgüdən arxaya baxasan? Keçmişdə mən “Çirkin oyunlar” (“The Company You Keep”) trillerini ərsəyə gətirdim. Film 30 il əvvəl baş vermiş cinayətin üstünün açılmasına çalışan jurnalistdən bəhs edir. Bu film baş rolda oynadığım Uoterqeytdən bəhs edən “Bütün prezident qoşunu” (“All the President’s Men”) filmi ilə uzlaşır. Ona görə də mən hələ də yoldayam: mənim hələ çox ideyalarım, oyunbaz planlarım var. Bilirsiniz, mən bir dəfə Londonda, zənnimcə, çox maraqlı bir dialoqa qulaq müsafiri oldum. Təxminən 50 yaşlı kişiylə qadın mənə, sanki, ruh görmüş insanlar kimi baxdılar, ardımca uzun-uzun nəzər salıb ərazidən uzaqlaşdılar. Yarım saatdan sonra bu cütlüyü yenidən gördüm: onlar məndən qabaqda gedirdilər. Söhbət gedirdi. Mən onlara astaca yaxınlaşanda bunları eşitdim: “-Yox, mən dəli olmamışam. Bu, 100 faiz odur! – Amma mən deyirəm ki, Redford çoxdan ölüb: 10 il bundan qabaq onun ölümü haqda qəzetdə oxumuşam. - Sən tamamilə dəli olmamış yaxşısı budur televizoru eyvandan aşağı tullayasan”.

- Bəs siz onlara həqiqəti açıb söylədinizmi?

- Yox, əlbəttə ki. Nəyə görə insanları ruhla qorxudum? (Gülümsəyir). Ancaq etiraf edirəm ki, maraq mənə üstün gəlirdi: məni qəbirə qoyan qəzetin adını bilmək istəyirdim. Bax, aktyorluq belədir: ya səni basdırırlar, ya dirildirlər, ya da ki, səni kiminləsə evləndirirlər (gülür). Bilirsiniz, mənim babam aktyorları heç zaman sevməzdi, nəvəsinin nə peşəyə sahib olduğunu bildikdə isə özündən çıxaraq demişdi: “Sən kralı olmayan yaramaz təlxəklər sırasını dolduracaqsan. Sən şam yeməyi üçün sanballı evə qonaq gedəndə, əlbəttə, əgər səni ora dəvət etsələr, oradan getdikdən sonra gümüşü stolun yerində olub-olmadığını yoxlayacaqlar!”.

Atam, babamdan fərqli olaraq, aktyorlara daha loyal yanaşardı, lakin onun da özünəməxsus fikirləri vardı. Rəssamlıqla məşğul olduğumu biləndə daim deyərdi: “Acından ölən rəssam olmaq istəyirsən? Yaxşı, onda yadında saxla ki, şəkilləri yemək olmur”. (Gülür)

- Demək “əfsanə” sözünə siz skeptik yanaşırsınız. Bəs başqa titullara münasibətiniz necədir? 1970-80-ci illərdə dünyanın bir çox yerlərində yaşayan qadınların kumiri və seks simvol idiniz.

- Belə bir tituldan heç 78 yaşımda da imtina etmərəm. Yeri gəlmişkən, qeyd edim ki, indi qadınların daha çox diqqətindəyəm nəinki, gənclik çağlarımda. (Bic-bic gülür)

- 1993-cü ildə “Ədəbsiz təklif” (“Indecent Proposal”) filmindən sonra sizin simanızda film qəhrəmanı eksentrik milyoner Con Qeycdən ötrü milyonlarla qadın sino gedirdi. Eyni zamanda qadınlar qəzəb içində idi: bu Dayn (Demi Mur – red.) necə də axmaqdır! Redfordun özü 1 gecəlik sevgiyə görə milyon dollar təklif edir, bu isə fikirləşməkdə davam edir!

- Oh, mənə bu filmi xatırlamayın! (Gülür). Mən bilməzdim ki, bu film belə uğur qazana və uzunömürlü ola bilər. Filmin premyerasından sonra hələ uzun illər ərzində mən, bir gün də, dinclik nədir bilməmişəm – bu, dəhşət idi. Bu vaxta qədər də mən çox məşhur idim. Axı mən “Dahi Qeytsbi” (“Great Gatsby”), “Kondorun 3 günü” (“Three Days of the Condor”) kimi məşhur filmlərdə çəkilmişəm. Pərəstişkarlar məni qarabaqara izləyirdi, mənsə şan-şöhrətdən həzz alırdım. Lakin mən heç vaxt seks simvol olmamışam. Mən bu yerdə özümü bomba atan təyyarəçi ilə müqayisə edirəm: bombanı atır (yəni növbəti filmə çəkilir), sonradan isə evinə - aerodroma qayıdır. (Gülür). Bax elə “Ədəbsiz təklif” filmindən sonra qadın pərəstişkarlar üstümə sanki qasırğa kimi gəldi. Bu, heç qasırğa da deyildi, sunami idi. Bundan sonra o filmə çəkildiyim üçün min dəfə peşman olmuşam.

- Bəs siz özünüz pərəstişkarlarınızdan ədəbsiz təklif almısınız?

- O qədər! Hətta mənə bir gecəyə görə milyon dollar təklif edən qadınlar da olub. Qadının biri isə mənə çek göndərib görüş yerini təyin etmişdi. Mən üzrxahlıq edərək çeki geri göndərdim. Lakin bu qadın öz məktubları ilə məni “bombalamağa” başladı. O, rədd cavabı alacağım halda karyeramı da məhv edəcəyinə söz verdi. Allaha şükür ki, sonradan o qadın yoxa çıxdı: ümidvaram ki, başqa bir “qurbana” üz tutub. Kişi pərəstişkarları arasında da ədəbsiz təklif edən olub. Məni görən kimi dərhal filmdən artıq ürəyimi bulandıran bir ifadəni deyərdilər: “Arvadınla bir gecəyə görə milyon dollar!”. Və sevinclə gülərdilər. Mən başa düşə bilmirəm ki, indiki aktyorlar necə yaşayır. Məsələn, yazıq Tom Kruz və Bred Pitti götürək. Axı onlar artıq çoxdan nişangahdadılar. Bir az imkan versən, pərəstişkarlar onları hissələrə parçalayar... Həyatımda keçirdiyim ilk stresslərdən birini yaxşı xatırlayıram. 1960-cı illərin ortası idi. ”Parkda ayaqyalın” tamaşasında baş rolda idim. Oynayıb qurtardıqdan sonra Nyu-Yorkun qərb rayonuna iş dalınca yollandım. Sən demə, binaya daxil olmağımı bir neçə tibb tələbəsi görübmüş. Bu zaman evin qarşısına bir “qoşun” tibb bacıları yığışdı. Adımı möhkəmdən çığırıb əl edirdilər. Mən binadan çıxanda pərəstişkarlar üstümə hücum çəkib paltarımı cırıb, saçlarımı yolaraq qışqırırdılar: “Biz səni sevirik!”. Bu cəhənnəmdən təkbaşına yaxa qurtarmaq müşkül məsələ idi. Mən heç çalışmırdım da. Möcüzəli şəkildə xilas oldum: taksi sürücüsü olan dostum bir neçə “bacını” kənara itələyib məni xilas etdi. Üz-gözüm bütün cırmaq içində idim. Xatırlayıram ki, bu, hələ 60-cı illərdə belə idi. O zaman çox da məşhur deyildim.

- Cənab Redford, siz çox erkən – 22 yaşında evlənmisiz. Adətən, bu yaşda baş verən izdivacları tələbəlik sevgisi adlandırırlar. Çünki bu evliliklər qısa sürür. Lakin sizin (Redford universitet yoldaşı olan Lola Van Vagenen ilə evli olub. Bu evlilikdən aktyorun 3 uşağı olub – red.) izdivacınız uzun müddət davam etdi. Bununla belə, sonda boşandınız...

- Lola ilə 27 il birgə yaşamışam. O, mənim üçün nəinki keçmiş arvad, hətta çox doğma adamdır. Biz yaxşı və pis gündə də bir yerdə olmuşuq, 2 aylıq oğlumuzu itirdikdə bacardığımız qədər bir-birimizə dəstək olmuşuq. Nyu-Yorkdan ev alanda sevinirdik, Yutada gözəl bir ev tikirdik. Bütün bunları bir yerdə edərdik. Birlikdə də biz çox xoşbəxt idik, lakin həyat həyatdır, hər şey dəyişə bilər. Bax, biz də beləcə dəyişdik: Lola mənim şöhrətimin “nəticələri” ilə mübarizə aparmaqdan yoruldu – qısqanclıq, əsəb, pusqu başladı.

- Mən oxumuşdum ki, Lola ilə boşandıqdan sonra (1985-ci il – red.) bir də evlənməyəcəyinizi demisiniz. Lakin üstündən 3 il keçdikdən sonra siz ailə həyatı qurdunuz...

- Siz mənim haqqımda nə yazsanız da, mən heç vaxt evlənməyəcəyim barədə söz verməmişəm. Bu, ağılsızlıq olardı. Çünki biz nə fikirləşməyimizdən asılı olmayaraq, həyatın bizim barədə öz planları var. Mən Sibilla ilə (Sibilla Zaqqars – aktyorun ikinci arvadı rəssamdır) uzun vaxtdır ki, tanışam və biz birlikdə xoşbəxtik. O, mənim Yutadakı evimə 20 il bundan qabaq köçüb gəldi, mənə elə gəlirdi ki, o hər zaman mənim yanımda olub. Arvadım mənim həyatımda olan xüsusi bir insandır, biz nədəsə bir-birimizə çox bənzəyirik. Sibilla mənim işlərimdən tamamilə xəbərdardır, mən onsuz sanki əlsiz insan kimiyəm. Sibilla kino layihələri ilə məşğul olur və mənə ekoloji proqramlarda yardım edir. Biz daima məşğuluq, harasa qaçırıq, kimləsə görüşürük. Dincəlməyə isə vaxt yoxdur. Bir az vaxtımız olan kimi atçılıqla məşğul oluruq, velosiped sürürük və yenə də hər hansı bir işi müzakirə edirik. Toyu isə Hamburqda balaca bir restoranda etdik.

- Uşaqlarınızla əlaqə saxlayırsınız?

- Biz dost kimiyik və bir-birimizi uzun zaman görmədikdə darıxmağa başlayırıq. Arvadımla onları sevirik və “körpələrimlə” qürur duyuram. Oğlum Devid yazıçı və prodüserdir, böyük qızım Şon rəssam, kiçik qızım Emi isə istedadlı aktrisa və rejissordur. Mənə ən böyük xoşbəxtliyi isə nəvələrim verir. Mənim 5 nəvəm var. Nəvələrim məni dünyada ən yaraşıqlı baba hesab edir. (Bic-bic gülür)

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR