• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Salam, Brejnevdir”, “Bu nə sarsaq zarafatdır?” ...

“Salam, Brejnevdir”, “Bu nə sarsaq zarafatdır?” ...

Rusiyalı kino və teatr aktyoru Leonid Bronevoy:

Çox az yemək lazımdır. Tamaşa günləri mən, ümumiyyətlə, demək olar ki, heç nə yemirəm. İnsanda onsuz da, kifayət qədər gizli enerji var. Plisetskayadan "necə belə yaxşı qala bilirsiniz" - sualına o, kobud, ancaq düzgün cavab vermişdi: “Az tıxmaq lazımdır”.

Mehriban insanları sevmirəm – mən onlara inanmıram. Mən qaşqabaqlı insanları daha çox sevirəm, hətta mənə kobudluq etsə belə. Həmişə gülümsəyən insanlardan soruşmaq istəyirəm: Əgər səni əsəbləşdirsək, necə olacaqsan? Qorxuram, cavabın kobuddan da kobud olacaq.

Çətin izah olunan şeylər var. Zalda min adam əyləşib, onların arasında mütləq neqativə köklənən insanlar da var. Niyə onlar gəlir? Bilmirəm. Ancaq səhnədə rol oynayan aktyor əyləşən insanın ötürdüyü neqativi çox gözəl hiss edir, bu bir adamdan gəlirsə belə, yenə də hiss edir. Tamaşa - bu hər dəfə sanki hansısa kiçik bir döyüşü xatırladır.

Müqavilə bağlayacağım insanın qolunda iki yüz minlik saat görürəmsə, bu müqavilənin necə bağlanacağı barədə düşünürəm. Sənin qolunda 1000, onun qolunda 200 minlik saatdırsa, onunla müzakirələri necə aparacaqsan? Axı bir nəticəyə gəlmək üçün, gərək bir-birinə uyğun gələsən.

“Dost” sözü çox böyük sözdür. Dost – özünü tamamilə verə biləcəyin bir kəsdir.

Min oynanılmış tamaşadan yalnız biri ya ikisindən razı qala bilirsən. Qalanları isə heç bir sevinc bəxş edə bilmir. Səbəbini bilmirsən. Bütün teatr tarixində hələ heç kim ikinci səhnənin uğursuzluğunun səbəblərini aça bilməyib. 99 % isə belə olur. Ancaq bir dənə də olsun, sosioloq bunu izah etməyib. Səbəb tamaşaçılardadır? Tərəf müqabilindədir? Havadadır? Zal toplanır, onların səs-küyünü eşidirsən – artıq bu səs-küydən anlayırsan ki, tamaşa yaxşı alınmayacaq, dəqiq belə olacaq.

Ancaq həyatda daha böyük hisslər var. Heç nə - nə ədəbiyyat insanlarının sevinci, nə incəsənət insanlarının sevinci – heç biri hakimiyyət hissi ilə ilə müqayisə oluna bilməz.

Artıq xəstə ikən Brejnevə “Baharın 17 anı”nı göstərirlər. Göz yaşları içində o, Qradovoya zəng edir: “Salam, danışan Brejnevdir”. Qradovoy fikirləşir: “bu nə sarsaq zarafatdır?” və dəstəyi asır. Brejnev yenidən zəng vurur: “salam, bu Brejnevdir. Slava hardadır? . “Hansı Slava?”, “Tixonov”. O fikirləşmişdi ki, həyatda da onlar kinodakı kimi yaşayırlar.

Mən az rast gəlmişəm ki, insan çox içsin və birdən əvvəlkindən daha yaxşı insana çevrilsin. Ancaq iki ya üç adam.

Elə anlar var ki, sən mütləq kölgəyə çəkilməlisən – həm səhnədə, həm həyatda... İcazə verməlisən ki, səndən istirahət etsinlər. Gözəl hissdir: bir kənarda dayanırsan və hamını müşahidə edirsən...
Mənim çox ağır xasiyyətim var. Heç özümə də tam güvənmirəm. Ancaq yenə də düşünürəm ki, xoşa gəlmək sənəti kişi sənəti deyil. Aktyorluq qadın sənətidir.

Yaxşı kostyum və ayaqqabı – bu çox düzgündür. Bu insanı səfərbər edir.

Rəssama azadlıq gərək deyil. Bədii əsərin yaranması üçün müqavimət lazımdır, daim nəyəsə təzyiq etməlisən, daha çox təzyiq etməlisən. Azadlıq varsa – material yoxdur. Havaya təzyiq etmək olmur axı...

Sənin mühafizəçin yoxdursa, özünü qorumağı özün bacarmalısan. Kobud olmaq məcburiyyətində qalırsan. İnsanlar səninlə şəkil çəkdirmək istəyirlər və ya deyirlər: “Sizinlə gəzmək olar?” Mən deyirəm: “Üzr istəyirəm, ancaq mən həyat yoldaşımla gəzmək istəyirəm”. “Bəs sizinlə danışmaq olar?” Mən deyirəm: “Mən danışmaq istəmirəm”. İnsanlar inciyir. Elə aktyor və ədəbiyyat insanları var ki, bundan ötrü ürəkləri gedir. Ancaq mən sevmirəm. Mən aktyorluğu ona görə seçdim ki, başqa heç yerə götürmürdülər.

Ancaq bir futbolçu meydanda yalnız ayaqları ilə deyil, başı ilə də oynayır. Streltsov belə idi. İndi Titov elə oynayır.

Müller roluna görə, mənə lazım olandan iki dəfə kiçik ölçüdə mundir tikmişdilər. Yaxalığım boğazıma girmişdi. Bu səbəbdən, mən film ərzində daim boynumu çəkirdim. Lioznova soruşdu: “Siz niyə belə edirsiniz?”
Mən istəmirdim ki, dərzini danlasınlar , ona görə cavab verdim ki: “Bu məndə adətdir, əsəbiyəm”. Lioznova: “Bəlkə, bundan filmin ən əsəbi anlarında istifadə edək?”.. Zaxarov sonralar aktyorlara deyirdi: “Görürsünüz, necə heç bir söz işlətmədən insanın əsəbi olduğunu göstərmək olur...”.

Teatr aktyorunun sənəti – o, özündən sonra heç nə qoymur. Mən hardan bilə bilərəm ki, filan tamaşada filan rolda aktyor necə oynayıb? Niyə I Nikolay Karatıqini sevirdi, Moçalovu isə sevmirdi? Mən bunun səbəbini heç zaman öyrənməyəcəm...

Tərcümə: Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR