• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bizim tanımadığımız Mister Bin: arvadı aktyoru bahalı maşınlara qısqanır

Bizim tanımadığımız Mister Bin: arvadı aktyoru bahalı maşınlara qısqanır

Yəqin, Mister Bin obrazı kimi ikinci məzəli komik personaj tapmaq çətindir.

Əbəs yerə o, “dünyanın ən axmaq adamı” adına layiq görülməyib. Mənasız, yöndəmsiz və ətrafındakı hər şeyi asanlıqla korlayan dirsəyi yamaqlı pencək geyinmiş bu səfeh, demək olar, bütün dünyanın sevimlisidir. Qarajda, imtahanda, hovuzda, qonaqlıqda, rəsmxət dərsində, kilsədə və çimərlik də daxil harada olmasından asılı olmayaraq, Mister Bin adi insanın ağlına gəlməyəcək səfehliklər törədir. Əgər epizodların birində “Mister Bin” ev təmirinə başlayırsa, bilin ki, orada nəsə öz qaydasınca getməyəcək. Yox əgər, o, küçəyə balaca, gülməli maşını ilə çıxıbsa, yaxşısı odur ki, ətrafdakılar qaçıb canlarını qurtarsınlar.

Özünə gəldikdə isə, Mister Bin çox danışan adam deyil. Yəni, konkret desək, o, iki sözü yanaşı qoyub cümlə qurub danışmır. Əslinə qalsa, onun danışmağına da heç ehtiyac yoxdur. Axı onun hərəkət və mimikaları obrazın nə demək istədiklərini əks etdirir. Biz onun incə, hissiyyatlı qəlbə də malik olduğunu görmüşük. Bu münasibət hər hansı bir qadına qarşı yox, qəhvəyi yumşaq ayı balasına qarşı olan sevgisindən görünür. Mister Bin çarpayısında onunla yatır. “Bizim tərcümə” layihəsi yanvar ayının 6-da 60 illiyini qeyd edən və əfsanəvi “Mister Bin” obrazını canlandıran Rouen Atkinson barədə yazını təqdim edir.

Mister Bin haqda olan televiziya serialı İngiltərədə cəmisi 2 il efirlərə getdi. Belə bir qısa müddətdə o, nəinki vətənində, hətta dünyada populyarlıq qazandı. Bir çox dünya televiziya şirkətləri onun iştirakı ilə çəkilmiş filmləri efirlərdə göstərir. Azərbaycan kanalları da bu cəhətdən istisna deyil. 1990-cı illərdən etibarən Azərbaycan tamaşaçısı onu tanıdı. Bu hələ azmış kimi, onun çəkildiyi serialların videokaset və DVD-diskləri də sürətlə satıldı.

Mister Bin dünyada o qədər tanındı ki, hətta bu obrazı canlandıran britaniyalı komik Rouen Atkinsonun özünü kölgədə qoydu. Hamı onu Mister Bin kimi tanıdı. Heç Roueni xatırlayan, onun kimliyi ilə maraqlanan da olmadı. Bəs bu adam əslində kimdir? Görəsən, o, həyatda da belə - başı əngəldən açılmayan, əsəbi, yöndəmsiz və ağılsız adamdırmı?

Qətiyyən elə deyil. Əsl adı Rouen Sebastyan Atkinson olan aktyor gerçəkdə çox tərbiyəli, sakit və müvazinətli insandır. İngiltərənin Nyukasl şəhərindən olan 60 yaşlı Atkinson hələ Mister Bindən əvvəl məşhur idi.

İmkanlı fermer ailəsində dünyaya gələn Rouen ilk vaxtlarda komik aktyor olmaq arzusunda deyilmiş. İlk təhsilini o, kifayət qədər nüfuzlu məktəbdə alıb. Adicə bir faktı qeyd etməyə dəyər ki, Böyük Britaniya sabiq baş naziri Toni Bler onun sinif yoldaşı olub.

Atkinsonların evinə televizor olmayıb. “Sehrli qutu” onların evinə Rouenin 12 yaşında gəlib. Buna baxmayaraq, Rouen hələ uşaq ikən müəllimlərini lağa qoyaraq məzəli fizionomiyası ilə dostlarını və sinif yoldaşlarını güldürərdi.

Məktəbi bitirdikdən sonra o, təhsili Nyukasl və Oksfordda davam etdirir. Və nəticədə, hamımızın tanıdığımız əlindən bir iş gəlməyən Mister Bin obrazını yaradan Rouen mühəndis-elektrik işləri üzrə peşəkarlaşır. Universitetdə oxuduğu müddətdə Rouen tələbə teatrında da fəal iştirak edir. Onun tərəf müqabili isə Riçard Körtis idi. Sonralar aktyorun prodüserinə çevriləcək Riçard günü bu günədək onunla yoldaşlığını davam etdirir. Körtis dostuyla ilk tanışlığını belə xatırlayır: “Roueni sınaqda ilk dəfə görəndə o, biçimsiz, qıvrım saç oğlan idi. Bundan əlavə, o kəkələyərək dəhşət gülməli görünürdü. Lakin ona mimik səhnəni canladıra biləcək kiçik bir epizodik rol verdilər. Və Rouen rolun öhdəsindən uğurla gəldi!”

Rouen Atkinson universitetlər qarşısında çıxış edərək məşhurlaşmağa başlayırdı. Ssenari yazar və yazdığını da özü səhnədə canlandırardı. Artıq hər şey məlum oldu: onun yeri elə səhnədir. Tezliklə onu “BBC” televiziya kanalında yayımlanan teleserialında iştirak etməyə dəvət etdilər. Atkinson getdikcə öz yerini tapırdı. O, yerinin məhz televiziya olduğunu anlayırdı. Onun iştirakı ilə çəkilmiş “Doqquz saatlıq xəbər” serialı hətta “Emmi” mükafatına da layiq görüldü. “BBC” televiziya kanalı nə dərəcədə qiymətli insan tapdığını aşkar etdi. Elə buna görə də ona 1980-ci ildə “İlin adamı” mükafatı təqdim edildi.

Rouen tədricən zirvəyə doğru qalxmaqda idi. Lakin bu şan-şöhrət onun özünü də qorxudurdu.

“Restorana gedəndə kimsə yerindən qışqırardı: hey, Rouen, bizə məzəli sifətinlə bir neçə obraz göstər!.. Mən, sadəcə olaraq, bu sözlərə tab gətirə bilmirdim! İnsanlar elə bilir ki, əgər ekran başında onları gülməyə vadar edirəmsə, gerçəklikdə də bunu etməliyəm. Bu isə əslində belə deyil. Çünki mən gerçəklikdə sakit və ciddi insanam”.

1990-cı ilin ilk günü Böyük Britaniya televiziyasında Rouen Atkinson və Riçard Körtis tərəfindən işlənib hazırlanmış “Mister Bin” filminin ilk serialı göstərildi. Bundan sonra, onların dediyi kimi, “dünyaya zəfər yürüşü” başladı. O sanki Çarli Çaplini əvəzləyərək yalnız öz bədən və mimikaları ilə tamaşaçıları güldürə bilirdi. Bundan sonra isə nələrin baş verməsi, məncə, hamıya məlumdur. “Bin” tammetrajlı filmindən sonra Rouen Atkinson İngiltərədə ən çox gəlir əldə edən aktyor hesab olunmağa başlandı. Rouen bir sıra filmlərdə çəkildi, “Kral Şir” cizgi filmində Zaza adlı tutuquşunu səsləndindirdi. Lakin buna baxmayaraq, o, həmişə “Mister Bin” olaraq qaldı və qalacaq...

O, əslində, qapalı insandır. Bəs məşhur aktyorun həyatı haqda daha nələr məlumdur?

1990-cı ilin fevral ayında Rouen uzun müddət görüşdüyü rəfiqəsi Santere ilə ailə həyatı qurur. Şahidlərin sözlərinə görə, Rouen utancaqlığından bir neçə il Santereni görüşə dəvət edə bilməyib. Rouen özünü birtəhər toplayaraq kinostudiyanın yeməkxanasında ketçupu qıza ötürməklə həyatının ilk böyük cəhdini etmiş oldu. Odur-budur, cütlük artıq 25 ildir ki, bir yerdədir.

Rouen XVIII əsrdə tikilmiş şəhərkənarı evdə həyat yoldaşı və iki övladı ilə yaşayır. Ekrandan kənarda Rouen ailəsini alınmaz qalaya çevirir və jurnalistlərdən qaçmağa çalışır. O, arvadı ilə ilk dəfə “Bin” filminin premyerasında birgə görünüb və şəkil də çəkdirib. Bəlkə, Santere insanların ona “Missis Bin” ləqəbini qoymasından qorxub? Kim bilir.

Atkinson əsl ingilis kişisi kimi hərəkət edərək, “Mənim evim mənim qalamdır” klassik ilə hərəkət edir. Yeri gəlmişkən, onun islamı qəbul etməsi barədə də çoxlu söz-söhbət gəzir.

Aktyorun “Mister Bin” serialında sürdüyü avtomobilinə fikir verməyin. Əslində, o, bahalı, idman avtomobillərin həvəskarıdır. Avtomobilləri hobbiyə çevirən Atkinson vaxtaşırı maşın yarışlarında da iştirak edir. Hətta arvadı Sanytere ərini avtomobillərə qısqanır. Çünki Atkinson gününün çoxunu maşınlara həsr edir. Arvadı şikayətlənərək deyir: “O, məndən çox maşınlarla maraqlanır”.

Rouen isə hər zaman Mister Bin kimi xatırlanmasını istəyir: “Mən neçə illərdir ki, Mister Bini oynamışam. Onu oynamaq mənim çox xoşuma gəlir. Əslində, Mister Bin personajı çox yaxşıdır. Onun sayəsində mən reallıqdan uzaqlaşıram və qəhrəmanımın köməkliyi ilə kim olduğumu unuduram, daha cəsarətli oluram”.

Gəlin etiraf edək ki, Mister Bin obrazı bizim hamımızın içində yatan böyük uşağı təcəssüm etdirir. Biz də hərdən onun kimi şuluqluq etmək arzusuna düşürük. Bəlkə də, elə ona görə də, Mister Bini indiyədək də izləməkdən doymuruq.

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR