• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Bütün türk uşaqlarını öldürün, çünki onlar...”-99 ilin gizlinləri

“Bütün türk uşaqlarını öldürün, çünki onlar...”-99 ilin gizlinləri

Müharibənin ilk günlərindən rəqiblər Osmanlı imperiyasını özləri tərəfdən müharibəyə cəlb etmək üçün mübarizəyə başladılar. Bu ölkəyə təsir etmək üstündə Antanta ilə Avstriya-alman bloku arasında çoxdan gərgin mübarizə gedirdi.

"Gənc Türklər" hökuməti alman oriyentasiyalı idi. Lakin "Gənc Türklər" Avropa ilə münaqişəyə getmək istəmirdi, ona görə də Antanta ilə müharibədən çəkinirdilər. Onlar həm ingilislər, həm də bütünlükdə Antanta ilə ümumi dil tapmağa çalışırdılar, lakin avropalılar Türkiyəni "xəstə dövlət" adlandıraraq, onun ərazisini ələ keçirmək niyyətindəydilər. Türklər isə Almaniya ilə danışıqlara başlamaq məcburiyyətində qalaraq, digər dövlətlərlə - Fransa, İngiltərə və Rusiya ilə müharibədə onu dəstəklədilər.



Buna baxmayaraq, Osmanlı imperiyasının maliyyə-iqtisadi cəhətdən hələ də Antantadan asılılığı böyük idi. Digər tərəfdən, aydın idi ki, alman diplomatiyasının guya Osmanlı imperiyasının torpaq bütövlüyünü saxlamağa çalışacağı ilə bağlı vədləri, gözə kül üfürməkdən başqa bir şey deyildi.


"Gənc Türklər" Almaniya ilə ittifaqda olmaq qərarı verdilər. 22 iyul 1914-cü ildə nəhayət ki, hərbi nazir Ənvər paşa bir çox hökumət üzvlərini xəbərdar etmədən alman səfirinə Osmanlı imperiyasının Almaniya ilə bir ittifaqda çıxış edəcəyini bildirdi. 1914-cü il avqustun 2-də alman-türk ittifaqı barədə müqavilə imzalandı.


Türkiyə ordusunun Baş Qərargah rəisi olaraq almanın təyin olunması da təsadüf deyildi.

Antanta səfirləri İstanbulu tərk etdilər. Antantada olan müttəfiqlər Osmanlı imperiyasına müharibə elan etdilər. 2 noyabr 1914-cü ildə Rusiya Osmanlı imperiyasına müharibə elan etdi. 5-6 noyabrda isə onun ardınca İngiltərə və Fransa Türkiyəyə müharibə elan etdilər. Osmanlı imperiyasının müharibəyə girməsi, Rusiya və İngiltərəni qüvvələrinin bir hissəsini alman cəbhəsindən çəkərək, buraya yönəltmək məcburiyyətində qoydu. Osmanlı imperiyasının müharibədə iştirakının daha bir nəticəsi boğazların ticarət gəmilərini üzünə qapadılması oldu. Bu isə öz növbəsində Rusiya ilə müttəfiqlərinin Qara və Aralıq dənizləri vasitəsilə dəniz əlaqəsini kəsdi.

Türkiyəni şərqində yaşayan yerli ermənilər türk hökumətinə qarşı üsyan qaldırdılar və bununla onlar Antantanın etibarını qazanıb, bu yolla işğal edilmiş türk torpaqlarında monoetnik erməni dövləti quracaqlarına inanırdılar. Erməni silahlı dəstələri türk kişilərinin kütləvi şəkildə müharibəyə səfərbərliyindən istifadə edərək, müdafiəsiz qalmış türkləri və kürdləri planlı şəkildə qətlə yetirərək, öz dövlətlərini qurmaq üçün ərazi təmizləyirdilər. Bu məsələdə Rusiya xüsusi xidmət orqanlarının da əli olduğu şübhə doğurmur, onlar erməniləri silahla təchiz edir, zaman-zaman ermənilərin yerli əhaliyə qarşı əməliyyatlarına rəhbərlik edirdilər.

1914-cü ildə erməni millətçi partiyası "Daşnaksütyun" tərəfindən təhrik edilən Zeytun vilayətində yaşayan ermənilər orduya çağırışdan imtina etdilər. Müharibə başlayandan sonra Şərqi Anadoluda erməni millətçi hərbi dəstələri fəaliyyətə başladılar, onlar müharibənin qızğın çağında erməniləri üsyana qaldırmaqla, Şərqi Anadolunun ruslar tərəfindən asan ələ keçirilməsini təmin etmək istəyirdilər. Şərqi Anadolunun türk kəndləri müdafiəsiz qalmışdılar, özündə 100 min nəfərə qədər silahlı erməni quldurunu birləşdirən dəstələr dinc əhaliyə qarşı daim hücumlar təşkil edirdilər. Onlar kommunikasiya xətlərini dağıdır, terror aktları həyata keçirir, körpüləri partladır və türklərin arxa cəbhəsində faktiki olaraq rus ordusunun hərbi hissələri kimi fəaliyyət göstərirdilər. İş o yerə çatmışdı ki, Türkiyə hökuməti arxa cəbhədə erməni təhlükəsini önləmək üçün ön cəbhədən bütöv bir diviziyanı geri çəkməyə məcbur olmuşdu. 1915-ci ilin martında Türkiyənin Van vilayətində yaşayan ermənilər üsyana qalxdı.

Erməni terrorçu dəstələri Vanı ələ keçirərək, 3000 türkü qətlə yetirdilər. Bitlis əyalətinin əhalisi də Vanın taleyini yaşadı.

J. Malevilin "1915-ci il erməni faciəsi" kitabında göstərilir ki, Şərqi Anadoluda erməni terrorçuları və quldur dəstələri tərəfindən planlı şəkildə qətlə yetirilən müsəlman əhalisinin sayı az qala 1 600 000 nəfərə çatır. Müəllifin sözlərinə görə, hətta bu qanlı qətliamdan dəhşətə gələn bir çox rus zabitləri dözməyərək, erməni başkəsənlərinə qarşı güc tətbiq etməyə başlamışdılar. Təbii ki, dinc əhaliyə qarşı törədilən bu vəhşiliklər və qətliamlar, erməni təbliğatının ikiüzlülüyü mərkəzi hakimiyyətin səbir kasasını daşırdı və Ali Baş Komandanın 24 aprel 1915-ci il tarixli əmri ilə Daxili İşlər Nazirliyi İstanbulda və digər iri şəhərlərdə fəaliyyət göstərən erməni komitələri terror təşkilatlarının dərhal qapadılması haqqında sərəncam verdi.


Amerikalı tarixçi Stenford C. Şouya görə, erməni quldur dəstələri 14-16 may tarixində "yerli müsəlman əhalisini kütləvi şəkildə məhv etmişdilər". Bu barədə fikrini bildirən J. Malevil qeyd edirdi: "Otuz il ərzində ermənilər tərəfindən sistemli şəkildə həyata keçirilən terror aktları, 1915-ci ildə onların başqa ərazilərə köçürülən həmvətənlərinin talelərində çox ciddi "əks-səmərə" doğurdu. Müxtəlif tərəflərdən qızışdırılan bu absurd qiyamlar yalnız heç kimə lazım olmayan ölümlərə yol açdı. Həm də bunun müəyyən psixoloji nəticələri də oldu, belə ki, erməni "gərginlik təşviqatçıları" erməniləri osmanlıların gözündə "sədaqətli millətdən" "şübhəli millətə" çevirməyə nail oldular. Bir neçə on illik sürən qətllər və dəhşətli qiyamlar bunun üçün kifayət etdi".
1915-ci il mayın 17-də erməni terror və quldur dəstələri tərəfindən qədim Van şəhəri yandırıldı. Dinc əhali tərəfindən çoxlu qurban verildi. C. və K. Makkartnin tədqiqatlarına görə, XX əsrin əvvəlində baş verən qanlı hadisələr nəticəsində 1,5 milyon müsəlman qətlə yetirilib.


22 iyun 1915-ci ildə hökumət qoşunları Vana daxil olan-da dəhşətli mənzərə ilə üzləşdilər: meyitlərdən dağ qalaqlanmışdı. Qaçmağa imkan tapmayan bütün müsəlman əhalisi, - türklər, azərbaycanlılar və kürdlər, - hamı erməni terror dəstələri tərəfindən qətlə yetirilmişdi. Ermənilər müsəlman əhalini böyük arxın kənarına toplamış, sonra onları vəhşicəsinə öldürmüşdülər. Üstündən səkkiz gün keçəndən sonra, 1 iyul 1915-ci ildə general Nikolayev özünün göndərdiyi məlumatlarda Tero və Xeço adlı ermənilərin quldur dəstəsinin vəhşiliklərindən söz açır və bunlardan dəhşətə gəlmiş rus zabiti onlara toplardan atəş açmağı əmr etmişdi.

Körpələri analarından alıb, yanar oda atırdılar. Dəhşətli işgəncələr verərək öldürürdülər. Bu qətllərin təşkilatçılarından biri, gizli fəaliyyətə keçən erməni terror təşkilatı "Qnçak"ın ideoloqlarından olan, türk parlamentinin deputatı Stepan Ter-Danielyan idi. Ərzurumdan keçmiş deputat, özünə yeni Armen Karo adını götürmüş Karekin Pastirmasyan isə rus qoşunları ilə birlikdə Osmanlı sərhədini keçən ilk erməni dəstələrinə başçılıq edirdi. Digər keçmiş Osmanlı parlementarisi Murad ləqəbli Namparsum Boyasyan isə arxa cəbhədə türk kəndlilərini qətlə yetirən quldurlara başçılıq edirdi. Bu əmr ona məxsus idi: "Bütün türk uşaqlarını öldürün, çünki onlar erməni milləti üçün təhlükədilər".


Osmanlı parlamentinin daha bir keçmiş üzvü Papazyan erməni quldur dəstələrini Van, Bitlis və Muş rayonlarını terrorizə etməyə yönəldirdi.

Amerikalı tarixçi Stenford C. Şounun "Osmanlı imperiyasının tarixi" kitabına görə: "Bütün müharibə dövründə ermənilər müsəlman əhalisini kütləvi şəkildə amansızcasına qətlə yetirmişlər. Milyon nəfərdən artıq türk kəndlisi öz doğma ocağından qaçmağa məcbur olmuşdu. Minlərlə qaçqın tikə-tikə doğranmışdı". 1914-cü ildə beş vilayətdə - Trabzon, Ərzrum, Ərzincan, Van və Bitlisdə 3 300 000 müsəlman əhali yaşayırdısa, müharibədən sonra təkcə oradan qaçqın düşənlərin sayı 600 000 nəfər idi. Erməni quldur dəstələri kürd kəndlərinə də hücum edir, bütün dinc əhalini vəhşiliklə qətlə yetirir, nə qadınlara, nə qocalara, nə də uşaqlara aman vermirdilər. Türk və kürd kəndlilərinin qətliamının bilavasitə təşkilatçısı və əsas ideoloqu erməni terror təşkilatı "Daşnaksütyun"un üzvü, Atom ləqəbli Arutyun Şahrikyan idi. Osmanlı dövləti erməniləri hərbi əməliyyat meydanlarından uzaqlaşdırmaq üçün o vaxt imperiyanın tərkibində olan Suriyaya köçürməklə bağlı çətin qərar qəbul etmək məcburiyyətində qaldı. Deportasiya türk ordusunun müşayiəti ilə həyata keçirilirdi, bu da onların keçdikləri ərazilərdə türklər və kürdlər tərəfindən qisas məqsədilə öldürülməsini önləmək məqsədi daşıyırdı. Ona görə ki, qarşılıqlı toqquşmalar baş verirdi, əzizlərini öldürmüş erməni canilərini ələ keçirən sakinlər onları qətlə yetirirdilər. Əslində insani bir tragediya yaşanırdı. Köçürmə zamanı xəstəlik və aclıqdan çoxlu erməni həlak oldu. Lakin müasir ermənilərin bununla bağlı gətirdiyi rəqəmlər təbii ki, həqiqətdən çox uzaqdır. Tarixi təhrif edənlər 800 mindən 2 milyona qədər insanın öldüyünü deyirlər. Müasir erməni tədqiqatçıları öz siyahılarına bu və ya digər səbəblərdən ölən digər millət və xalqları, eləcə də həmin vilayətlərdə yaşamış və bilavasitə hərbi əməliyyatlar zamanı ölənləri də əlavə ediblər.


Türk tədqiqatçıları isə ən çoxu 130 min erməninin öldüyünü təsdiq edirlər. Bu saya "quldur dəstələri" tərkibində türk ordusuna qarşı vuruşmuş ermənilərlə yanaşı, rusların tərəfində vuruşan və bilavasitə rusların tərəfinə keçən ermənilər də daxildir.

Digər tərəfdən, "erməni genosidi" mifini hazırlayanlar yaddan çıxarmamalıydılar ki, hələ 1948-ci ildə BMT genosidin hansı şərtlər əsasında tanına biləcəyi barədə sənəd qəbul edib. Orada aydın və birmənalı şəkildə qeyd olunur ki, bu və ya digər qrup insanların "məqsədyönlü şəkildə qətlə yetirilməsindən" söhbət getmirsə, o, "genosid" kimi qəbul edilə bilməz. Osmanlı hakimiyyətinin belə bir niyyətinin olduğunu isə nə o vaxt, nə də indi sübut etmək mümkünsüzdür. Məhz, buna görə, eyni zamanda öz fantaziyalarından çıxış edən elə erməni millətçiləri və hamı üçün də yaxşı olardı ki, özlərində cəsarət tapıb, haqsız və əsassız iddialarından əl çəksinlər. Onların bu mənasız, mazoxist-xəstə təfəkkürdən əl çəkib, keçmişdə qalan və milli-eqoist mənfəətpərəstlik anlayışlarını durdurmağın vaxtı çoxdan çatıb. Bunun əvəzinə soyqırımla bağlı mifi tarixin "göyərtəsindən" birdəfəlik, qəti şəkildə kənara tullamaq lazımdır, onsuz da uydurmalara deyil, tarixi reallıqlara istinad etsək, aydın olar ki, belə bir soyqırımı heç vaxt olmayıb.

Avrasiya institutunun ekspertlər şurasının üzvü Adıgözəl Məmmədov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR