• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Faşistlərin xidmətindəki yəhudilər – yudenratlar - ŞOK FAKTLAR

Faşistlərin xidmətindəki yəhudilər – yudenratlar - ŞOK FAKTLAR

Polşanın Lodzi şəhərindəki yəhudi qəsəbəsi yalnız 1944-cü ilin baharında ləğv edildi.

Halbuki həmin vaxta digər yəhudi gettoları artıq məhv edilmişdi, minlərlə insan qaz sobalarında boğulmuş, yaxud yandırılmışdı.

Bəs Lodzinin "uzunömürlülüyünün" səbəbi nə idi?

Məsələ ondadır ki, Lodzi vermaxtın iqtisadiyyatı inkişaf etmiş şəhərlərindən idi. Həm də burada yudenratlar yaşayırdı.

Yudenrat - faşistlərə xidmət edən yəhudilərə deyilir. Tarixin bu qaranlıq səhifəsi haqqında çox danışılmasa da, yudenratların fəaliyyəti haqda kifayət qədər məlumatlar var.

Yaşayışları

Rəsmi olaraq Lodzi şəhərindəki yəhudi qəsəbəsi 1939-cu il dekabrın 10-da, alman qubernator Fridrix Uelborxun göstərişi ilə yaranıb. Dörd kvadrat kilometrlik ərazidə əvvəlcə 165 min yerli yəhudi yerləşdirildi. Sonralar Almaniya, Avstriya və Çexiyadan bura daha 45 min yəhudi köçürüldü. Ümumilikdə, gettoda 200 min nəfərədək insan məskunlaşdırıldı.

Qəsəbə sənaye mərkəzinə çevrildi. Buradakı fabriklərdə alman ordusu üçün hərbi paltar və ayaqqabı tikilirdi. Lodzidə hərbi texniya aid müxtəlif ehtiyat hissələrinin emalı zavodu da vardı. Bütün obyektlər gəlirlə işləyirdi. Dörd il ərzində Lodzidəki sənaye obyektləri dövlətə 350 milyon reyxsmarka məbləğində gəlir gətirmişdi.

Yəhudilər əsasən zavodlarda və emalatxanalarda çalışırdılar. Maraqlıdır ki, bu obyektlərin sahibləri də yəhudi millətindən olanlar idi. Almanlar ağıllı siyasət yeritmişdilər. Onlar Polşanı işğal edəndə obyektləri yəhudi sahibkarların əllərindən almadılar. Əksinə, onlara "komissar" rütbəsi verib başçı təyin etdilər.

Ümumilikdə, gettoda 96 sənaye obyekti vardı.

Qəsəbənin administrasiyası da bütünlükdə yəhudilərdən ibarət idi. Onun rəhbəri Xaim Rumkovski idi. Qəsəbənin öz yəhudi polisi də vardı. Yerli polisdə 2 mindən çox adam xidmət edirdi. Onlar birbaşa Xaim Rumkovskiyə tabe idilər.

Qəsəbədə həmçinin iki orta və 45 ibtidai hazırlıq məktəbi vardı ki, bu təhsil ocaqlarında 15 mindən çox şagird təhsil alırdı. Yəhudilərin xidmətində 5 xəstəxana, teatr və digər mədəniyyət mərkəzləri vardı.

İstənilən sistem kimi, yudenrat da inkişaf edirdi. Yarananda gettoda cəmi 2 min məmur vardı. 1943-cü ildə isə artıq onların sayı 13 min nəfəri ötmüşdü.

Yəhudilərin qəsəbədə öz həbsxanaları da vardı. Buradakı nəzarətçilər də elə yəhudi idilər. Yerli həbsxanada müxtəlif cinayət törətmiş 100-dən çox məhbus saxlanılırdı.

Yudenrat məmurları

Almanlar administrasiya rəhbərinə geniş səlahiyyətlər vermişdilər. Ərzaq almaq üçün talonların verilmə qaydasını Xaim Rumkovski təyin edirdi. Ravvinlərə (yəhudi din adamlarına) verilən ərzaq payı təqribən alman zabitlərinə verilən ərzaq payı qədər olurdu. Yudenrat məmurlarının və polislərinin payı bir qədər az olurdu. Zavoddakı fəhlələrə məmurlara verilən ərzaq payının yarısı verilirdi. Ən az pay isə təqaüdçülərə, əlillərə və uşaqlara çatırdı.

Əsir düşərgələrinə kimilərin göndərilməsi məsələsini də yudenrat özü həll edirdi. Adətən, düşərgələrdəki qaz sobalarına qocaları, əlilləri, məhbusları və kommunistləri göndərirdilər. Yəni, onların ölüm hökmünə Xaim Rumkovski imza atırdı.

Faşistlərdən betər qaniçən...

Yudenratın və gettonun nə olduğunu anlamaq üçün gəlin onların təmsilçilərindən birinin – Salomon Herçbergin həyatına nəzər salaq.

O, Polşanın işğalınadək olan dövrdə kinomexanik işləyirdi. 1940-cı ildə xırda oğurluğa görə almanlar tərəfindən həbsə atıldı. Yarım il cəza çəkib azadlığa çıxdı. Təsadüf nəticəsində Xaim Rumkovski ilə tanış oldu. Rumkovski onun diribaş və ağıllı insan olduğunu anladı. Onu yudenrata dəvət etdi. Tezliklə, Salomon yerli həbsxananın rəis postuna təyinat aldı. Onun geniş imtiyazları vardı. Herçberq həbsxana personalını özü təyin edirdi. Həmçinin həbsxanada emalatxana da açmışdı. O, həmişə hərbi formada gəzirdi.

Gördüyü iş o qədər xoşuna gəlirdi ki, öz səlahiyyətlərini aşmağa başladı. O, qəsəbədəki yəhudilərin evlərinə hücum çəkir, kommunistləri həbs edirdi. Siyahı tərtib edib almanlara verirdi. Siyahıya düşənlərin isə başqa yolu yox idi – qaz sobası...

Hücum çəkdiyi və qaz sobasına göndərdiyi həmvətənlərinin evindən nə çıxırdısa, Salomon Heçbergin xüsusi mülkiyyətinə keçirdi. Həmin əşyaları o, bazarda satdırırdı. Beləliklə, çox tez varlandı. Təkcə həbsxanada 4 tikiş emalatxanası ona məxsus idi. Burada işləmək istəməyənləri ölənədək döyürdülər.

Təkcə 1942-ci ilin mayında həbsxanada 7 məhbus döyülərək öldürülmüşdü.

Salomon Herçbergin qəddarlığı və acgözlüyü, nəhayət, almanların özlərini təngə gətirdi. Onu həbs etdilər. Evində axtarış aparıldı. Herçbergin evindən çıxanlar bunlar idi:

"70 kiloqram donuz piyi, 80 kiloqram şəkər, qənd və marmelad, 10 yeşik portağal, 50 yeşik ət konservi, çoxsaylı likör və araq şüşələri, 3 xəz kürk, 500 min reyxsmarka və nəhayət, 20 kiloqram qızıl məmulatı".

Salamon Herçberger və onun 7 əlaltısı əsir düşərgəsinə göndərildi. Onun sonrakı taleyi naməlumdur. Çox güman ki, o da qaz sobasında yandırıldı. Qəsəbə əhalisi isə onun həbsinə hələ də inanmırdı. Çoxları qorxurdu ki, bu vəhşi, qaniçən adam yenidən qəsəbəyə qayıdar.

Sonda Lodzidəki yəhudi gettosu da məhv edildi. 200 min insandan yalnız 7-8 min nəfəri sağ qaldı. Bunlardan 2 mini yudenrat məmurları idi.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR