• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Gizli saxlanılan xəstəlik: ölüm bizə nə qədər yaxındır?

Gizli saxlanılan xəstəlik: ölüm bizə nə qədər yaxındır?

Eramızdan 2000 əvvəl zöhrəvi xəstəliklərin müşahidə olunmasına dair müxtəlif dəlillər vardır.


Azərbaycanda zöhrəvi xəstəliklərlə bağlı vəziyyət nə yerdədir?

Səhiyyə Nazirliyinin baş dermotoloqu, professor Zülfüqar Fərəcov Publika.Az-ın mövzu ilə bağlı suallarını cavablandırıb.

Zöhrəvi xəstəliklər və onların yaranma səbəbi

Dermotoloqun sözlərinə görə, zöhrəvi xəstəliklərdə proseslər çoxocaqlı xarakter daşıyır. Bu xəstəliklərə siflis, qonoreya (süzənək), trixomoniaz, yumşaq şankır, zöhrəvi limfoqranulyoma və zöhrəvi qranulyoma aiddir. Hazırda bunlardan ən çox yayılanı siflis və qonoreyadır.

Süzənək həm kişi, həm də qadın sonsuzluğu, habelə cinsiyyət orqanlarının çoxsaylı xroniki iltihabi xəstəliklərinin tez-tez baş verən səbəblərindəndir. Sifilis, demək olar ki, insanın bütün orqanlarında ciddi fəsadlar törədən xəstəlikdir, zədələnməyə daha çox məruz qalan isə baş və onurğa beynidir. Bu xəstəliyin aşkar edilməsinə yönəlmiş bütün səylərə baxmayaraq, hələ də anadangəlmə (hamiləlik zamanı anadan keçmiş) sifilis halları təsadüf edir.

Məişət yolu ilə yoluxa bilərmi?

Həkim bildirir ki, siflis xəstəliyi məişət yolu ilə də keçə bilir. Belə ki, bu xəstəlikdə cinsi orqanlarla yanaşı, dəri də prosesdə iştirak edir. Nəticədə ağızın selikli qişasında düyüncüklər əmələ gəlir ki, o da yoluxucu hal alır. Məhz buna görə də onların yemək, su və digər şəxsi qablarından istifadə edən digərlərinə də keçə bilər.

Qonoreya (süzənək) xəstəliyi əsasən cinsi yolla verilir. Eyni zamanda məişət yolu ilə də keçə bilər. Əsasən xəstələrin alt paltarlarından istifadə edilən zaman bu xəstəlik keçir. Çox vaxt ana ilə qız uşağına keçir. Trixomanyaz xəstəliyi isə nadir hallarda məişət yolu ilə keçə bilər.

Cinsi yolla keçən virus mənşəli infeksiyalar hansılardır?

Cinsi yolla keçən virus infeksiyasına henital herpes, papillomatoz və s. aiddir. Bu infeksiyalar xəstə şəxslərlə cinsi əlaqədə olan zaman keçir.

İnfeksiyalar xəstəlik törətmədən uzun müddət insan orqanizmində mövcud ola bilər. Lakin orqanizmin müdafiə qüvvələri zəiflədikdə (immunitet) onların törədiciləri aktiv şəkildə artaraq, xəstəliyin inkişaf etməsinə və immunitetin daha da azalmasına, nəticədə, xəstəliyin daha davamlı, tez-tez kəskinləşmələr ilə keçməsinə səbəb olur.

İmmunitetin zəifləməsi bakterial infeksiyanın qoşulması ilə nəticələnə bilər. Misal üçün, genital herpesdən əziyyət çəkən insanın immuniteti daimi zəifləyir və bu səbəbdən də, başqa infeksiyalara məruz qalır.

İnsan həyatı üçün daha təhlükəli

Bu xəstəliklərin hamısı insan həyatı üçün təhlükəlidir. Zöhrəvi xəstəliklər nəticəsində sonsuzluq yaranır. Sonsuzluq da millətin genefonduna ziyan vurur. Ona görə də bu xəstəliklərə ciddi yanaşmaq lazımdır. Bunlarla zarafat etmək olmaz.

Xəstələr barədə məlumat gizli saxlanılırmı?

Bu xəstəliklərin çoxu intim münsibətlərlə əlaqəli olduğu üçün xəstələr onlar haqqında məlumatların yayılmasını istəmirlər. Ümumiyyətlə, belə xəstələr barədə məlumatlar adətən gizli saxlanılır.

Zöhrəvi xəstəliklərə daha çox hansı yaş qrupunda olanlar tutulur?

Daha çox cavanlar yoluxur. Bu insanların aktiv dövrünə - 20-40 yaş arasındakı dövrə təsadüf edir. 50 yaşa qədər olanlar da bu xəstəliklərə tutula bilir.

Bizdə 20 yaşa qədər olan xəstələr də olub. Hətta 14-15 qız uşaqlarında da bu xəstəliklərə rast gəlmişik.
Bu xəstəliklərdən müalicə müddəti nə qədərdir? Nisbətən tez və asan sağalanı hansıdır?
Ümumiyyətlə, bu xəstəliklər proqram şəklində bir neçə kurs aparılır. Xəstəliyin növünə və ağırlıq dərəcəsinə uyğun olaraq da müalicə müddəti olur. Xəstələr tam müalicə olunmasa bu xroniki hala keçə bilər ki, sonradan bu həyat üçün daha təhlükəlidir. Əksinə olaraq, müalicə kursu tam başa çatdırılarsa əlbəttə ki, müsbət nəticə əldə olunacaq.

Xəstəliyin profilaktikası necə aparılır?

İnsanlar şübhəli kontaklardan, cinsi pozğuntulardan uzaq durmalıdırlar. Bu həm əxlaqi normaları baxımından, həm də sağlam həyat tərzi baxımından önəmlidir. Yaxşı olar ki, cinsi əlaqələr zamanı qoruyuculardan istifadə edilsin.

Lakin elə bir dərman yoxdur ki, bu xəstəliklərin yoluxmasının qarşısını alsın. Bunun qarşısı yalnız insanın şəxsi nəzarəti nəticəsində alınır.

Kişilərin yoluxma riski nə qədərdir?

Qadın da, kişi də eyni riski daşıyır. Bu xəstəliklər hər ikisində də yarana bilər. Xəstəliklərin gedişatı, diaqnozu, müalicəsi eynidir. Kişilərdə də tez-tez xəstəliklərə rast gəlinir.
Zöhrəvi xəstəliklərə tutulan insanlar uşaq sahibi ola bilərmi?
Müalicə düzgün aparıldığı təqdirdə müsbət nəticə alınır. Əks təqdirdə fəsadlar yaranır ki, bu zaman uşaq sahibi ola bilməzlər.

Azərbaycanda zöhrəvi xəstəliklər artıbmı?

Hazırda dünyada 150-170 milyon (qonoreya) süzənək, 200 milyon trixomonyaz və 150 milyon xlomodeya infeksiyasına yoluxmuş xəstə var.

Azərbaycanda hər il xəstəliyin sayında az da olsa artım müşahidə olunur. Ölkəmizdə əhalinin 0,5-0,7 faizi (təxminən 46 700 – 65 300) zöhrəvi xəstəliklərdən əziyyət çəkir. İldən-ilə xəstəliyin artmasının səbəbi əhalinin miqrasiyası ilə əlaqədardır. İstər xaricə gedənlər, istərsə də oradan gələnlər xəstəliyin artmasında rol oynayır.
Bölgələrdə zöhrəvi xəstəliklərin müalicəsi üzrə mərkəzlər varmı?
Hazırda Azərbaycanda tibb sahəsində yeni islahatlar aparılır. Həkimlərin bilik və bacarıqları artırılır, yeni və müasir standartlara cavab verən aparatlar gətirilir. Azərbaycanda hazırda zöhrəvi xəstəliklərin müalicəsi üzrə 500-dən çox ixtisaslaşmış mütəxəssis çalışır.
Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Zaqatala, Qax və digər rayonlarda müalicə mərkəzləri var. Orada bütün yardım göstərilir. Ağır hallarda isə Bakıya göndərirlər.

Xəstələr dərmanla tam təmin olunurlarmı?

Xəstələr stasionar şəraitdə müalicə aldıqda dərmanların təmin olunmasında problem yaranmır. Ambulator müalicə oldquda isə biz reseptlər yazırıq, xəstələr özü alıb müalicə olunurlar.

Zöhrəvi xəstəliklərin müalicəsində istifadə olunan dərmanlar hansı ölkələrdən gətirilir?

Dərmanlar daha çox Türkiyə, Rusiya, Ukrayna, Sloveniya, Almaniya, Fransa və İngiltərədən gətirilir. Ölkəyə gətirilən bütün dərmanlar yoxlanılır, onlara uyğunluq sertfikatı verilir. Hazırda dərmanlarla bağlı bizdə ciddi problem yoxdur.

F.Hacıyev
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR