• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ali təhsillilər iş tapa bilmir - Problem təhsildədir?

Ali təhsillilər iş tapa bilmir - Problem təhsildədir?

“Təcrübəyə getmək çox maraqsızdır”.

“Universitet illər ancaq dərs oxumuşam, amma işə başalayanda anladım ki, heç nə bilmirəm”.

“Bizi təcrübəyə apardıqları məüssisələrdəki avadanlıqlar müasir deyildi”.

Bu ölkənin müxtəlif ali təhsil məüssisələrində təhsil alan tələbələrin təhsil yox, təcrübədən olan şikayətləridir. Təhsil aldıqları müddətdə təcrübə qazana bilmədiklərinin nəticəsini iş prosesində çəkirlər.

Publika.Az-ın “Qırmızı xətt” layihəsində tələbələrin təcrübə problemini müəllimlər və özləri ilə birlikdə araşdıracağıq.

Ölkədə təxminən 150 min tələbə var. Hər il təxminən 30 minə yaxın tələbə ali təhsili başa vurur. Onların əksəriyyətinin əsas istəyi ixtisası üzrə işləməkdir. Amma bu istək hər zaman reallığa çevrilə bilmir. Bunun əsas səbəbi isə təcrübəsizlikdir. Dərs deyə bilməyən müəllim, ömründə bir dəfə məhkəmədə olmayan hüquqşünas, kömpüterdən xəbərsiz mühəndis, əlinə bir dəfə də olsun iynə almayan tibb bacısı - kimə lazımdır belə kadrlar? Sualım cavabı hamıya məlumdur. Bizim ali və orta ixtisas məktəblərini bitirən məzunların əksəriyyəti məhz bu səviyyədə olur. İşində peşəkar olacağı ümidi ilə ali, orta məktəbə daxil olan tələbə, ümidlərlə qapıya daxil olsa da, ümidlərini doğrultmuş halda oradan çıxa bilmir.

Tələbələr nə deyir?

Məsələyə öncə tələbələrin münasibətini öyrəndik. Onlar çəkindiklərindən təhsil aldıqları təhsil məüssisələri kimi, özlərinin də adının açıqlanmasını istəmədilər.

“Fizika ixtisasında təhsil alıram, mühəndis olacam. Üçüncü kursda təhsil alıram, bir dəfə təcrübəyə getmişik. “Alov” zavoduna getmişdik. Orada cihazların necə işlədiyini göstərdilər. Təcrübə müddəti bir ay idi, biz bir dəfə həmin zavodda olduq. Qalan müddəti isə universitetdə keçirdik, mühazirə dedilər. Amma hər gün heç müəllim də gəlmirdi, bekar otururduq”.

Orta təhsil müəssisəsində təhsil alan və hazırda özəl klinikaların birində çalışan tibb bacısı:

“Hər il təcrübəyə gedirdik. Sevdiyim sahə olduğuna görə, bəzi tələbələrdən fərqli olaraq hər gün təcrübəyə gedirdim. Amma getdiyimiz xəstəxanaların hamısında bizə imkan yaratmırdılar. Respublikanski xəstəxanasında laboratoriyaya daxil olmağımız qadağan idi. Baxmayaraq ki, məhz orada təcrübədə olmalıydıq. Bəzi xəstəxanalarda imkan yaratsalar da, oradakı aparatlar köhnə idi. Orada öyrəndiyimiz üsullar müasir klinikalarda mövcud deyil. Ona görə işə başlayanda hər şeyi yenidən öyrənməli oldum”.

Bəs müəllimlər nə düşünür?

Qeyd edək ki, müəllimlərin məsələyə münasibəti birmənalı deyil. Onlar tələbə, müəllim, universitetlərin bu məsələdə məsuliyyət daşıdığını desələr də, bəzi təkliflər də irəli sürdülər.

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin müəllimi Nüşabə Sadıxova özünün təhsil aldığı müddətlə hazırkı tələbələrin təcrübə prosesini müqayisə edir:

“Biz oxuduğumuz vaxtlarda tələbələr bölgələrə dialektlər, folklor nümunələri öyrənmək üçün gedirdi. Nəzəriyyədə istifadə etmək üçün həmin nümunələr böyük baza olurdu. Amma indi tələbələr ən yaxşı halda Bakı kəndlərində təcrübə keçirlər. Heç də bütün tələbələr nizamlı şəkildə təcrübəyə getmir, bununla da vəzifələrini bitmiş hesab edirlər. Sonda isə ziyan təhsilə dəyir”.

Onun sözlərinə görə, problemin isə səbəbi həm tələbələr, həm onların göndərildikləri məktəblərdə müəllimlərə verilən pulla bağlıdır.

“Təbii ki, tələbədən mütəmadi olaraq təcrübədən iştirak etmək tələb olunsa, onlar iştirak edə bilərlər. Tələbələrdə təcrübəyə maraq yaratmaq lazımdır. Onların getdikləri müəssisələrin də bu məsələyə marağı olmalıdır. Universitet tərəfindən həmin müəssisələrə maddi dəstək göstərməlidirlər”.

BDU-nun jurnalistika fakültəsinin müəllimi Sabir Məmmədli təcrübəyə daha çox saat ayrılması məsələsində xarici ölkələr, xüsusən də Almaniya təcrübəsindən bəhrələnə biləcəyimizi dedi. Xarici ölkələr tələbələrin təcrübə məsələsinə daha çox saat ayırırlar, bizdə isə əksi müşahidə edilir:

“Bizim fakültədə tələbələr həm yay aylarında praktik dərslərə yönləndirilir, həm də praktik dərslər keçirlər, bu zaman janrlara uyğun yazılar hazırlayırlar. Universitetin studiyasında praktik dərs keçirlər, amma bu sahədə maddi -texniki baza çox zəifdir.

Yay aylarında təşkil olunan praktik dərslərdə isə tələbələrə maraq az olur. Redaksiya əməkdaşlarının gündəlik iş sistemi olur, ona görə də tələbələrə vaxt ayrılmır. Artıq iki ildir ki, fakültə tələbələri “525-ci qəzet”in iki səhifəsini hazırlayırlar. Bundan başqa, tələbələrə özləri də müxtəlif qəzet, sayt, televiziyalarla əməkdaşlıq edirlər. Amma bunlar yetərli deyil. Çünki bu iş sistemli şəkildə aparılmır”.

S.Məmmədli tələbələrin təcrübəyə getdikləri redaksiyalara universitet tərəfindən vəsait ayrılmasının dəfələrlə təklif etdiklərini bildirdi:

“Bu zaman redaksiyalarda tələblərlə məşğul olacaq konkret şəxs müəyyən edilər və buna görə də ona vəsait ödənilər. Media vasitələri çox olduğuna görə, təcrübə keçmək imkanları da genişdir. Ona görə də, bu istiqamətdə sistemli iş aparmaq lazımdır. Tələbələrin öz qəzetləri, informasiya agentlikləri yaradılması, müasir tələblərə cavab verən studiyanın yaradılmasına ehtiyac var”.

Təhsil Nazirliyindən münasibət

Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin aparıcı məsləhətçisi Sülhəddin Gözəlov bu məsələdə birmənalı olaraq fikir deməyin çətin olduğunu desə də, səbəblərə ayrı-ayrılıqda toxundu:

“Ali məktəblərin xüsusən, bakalavr pilləsində tələbələrimizə lazımı təcrübi bilik-bacarıqlar verə bilmirik. Ona görə də ali məktəblərə təcrübədən daha çox nəzəri biliklərə saat ayrılır, çünki orada işləyənlərin əksəriyyəti köhnə sistemdən qalmalar, tədris isə Sovet təcrübəsi əsasında aparılır. Tədris planında təcrübi biliklər üçün ayrılmış saat kifayət qədər deyil. Bundan başqa, təcrübə üçün nəzərdə tutulan müəssisələrin əksəriyyəti müasir dövrün əmək bazarının məzunundan tələb edilən bacarıqları formalaşdırmaq üçün kifayət etmir. Ölkəmizdə müxtəlif sahələr- neft, maşınqayırma və s üzrə müasir müəssisələr var. Təkcə Sumqayıt texnologiyalar parkında 13 zavod var, onlar kifayət qədər müasirdir”.

S.Gözəlovun sözlərinə görə, burada əsas məqam ali məktəblərin həmin müəssisələrlə işbirliyi yaratmasıdır:

“Bununla da tələbələrin həmin obyektlərdə təcrübə keçmək imkanı genişlənər. Bəzi ali təhsil müəssisələrində işbirliyi olsa da, əksəriyyətində bu imkan yoxdur. Hətta bəzi obyektlər də var ki, tələbələrin orada təcrübə keçməsi formal xarakter daşıyır. Tələbənin həmin müəssisədə təcrübə keçməsindənsə, keçməməsi daha yaxşıdır”.

S.Gözəlovun sözlərinə görə, məsələdə üçüncü məqam isə tələbələrin yalnız yerli şirkət, müəssisələrdə deyil, beynəlxalq əməkdaşlığa da meyllənməlidir:

“Bu gün bəzi ali məktəb tələbələrinə bu imkanlar yaradılsa da, kifayət qədər deyil. Bunun üçün də nazirlik tərəfindən “SABAH” qrupları adlı proqram hazırlanır. Bu qruplar yalnız müəyyən qrup tələbəni əhatə edir, ona görə universitetlər özləri bu məsələdə təşəbbüskar olmalıdır. Ölkə daxilindəki telekommunikasiya, neft, maşınqayırma sahələrindəki müəssisələrlə əməkdaşlıq etməlidirlər. Bu həm də ali məktəblərə əlavə divident verir. Bu zaman tələbələr də təcrübədən sonra həmin müəssisələrin potensial işçisinə çevrilə bilərlər. Ali təhsil müəssisələrini bu əməkdaşlığa məcbur edən prezident tərəfindən təsdiq edilmiş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”dır. Strategiyanın 5 istiqamətindən biri məhz ali təhsil müəssisələri ilə istehsalat obyektlərinin birlikdə əməkdaşlığına həsr edilib”.

Nazirlik rəsmisinin sözlərinə görə, Təhsil Nazirliyi də bu baxımdan iş aparır, ali təhsil müəssisələrinə bu istiqamətdə inkişaf üçün məsləhətlər verir:

“Araşdırmalarımız göstəriri ki, şirkətlərin böyük bir hissəsi tələbələrin təcrübə keçməsində maraqlıdırlar. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Baku Steel Company” hətta tələbələrə təqaüd verəcək qədər imkanlar yaradırlar. Sadəcə ali məktəblərə bu işdə daha həvəsli və maraqlı olmalıdır”.

Tələbələr maraqlı, müəssisələr istəkli, maneə olan ali və orta ixtisas məktəbləridir. Onların tənbəlliyi isə deyəsən hələ çox yararsız məzun yetişdirəcək.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR