Qan Turalı ilə ÜÇ NÖQTƏLİ SÖHBƏT: “Bu sevdaya düşməyi...”
Bizi izləyin

Xüsusi

Qan Turalı ilə ÜÇ NÖQTƏLİ SÖHBƏT: “Bu sevdaya düşməyi...”

Publika.az-ın "Üç nöqtə" layihəsində yarımçıq qalan sualları bu dəfə “Elektronik sevdalar", "Mustafa", "Polis qorxusuyla öpüşmək", "Doqquz hekayə", "Fələk qırmancı" kitablarının müəllifi və tanınmış jurnalist Qan Turalı tamamlayıb.

Yazıçının cavablarını təqdim edirik:

- İndiki ağlım olsaydı…

- O səhvlər olmasaydı, indiki ağlım olmazdı.

- Dünyanı dəyişmək imkanım olsaydı…

- Dünyanı dəyişmək mümkünsüzdür. Bu sevdaya düşməyi dəyişərdim.

- Kişilər o qadınlara xəyanət etmir ki…

- Marslı qadınlara.

- Seviləsi qadın olmağın ilkin şərti…

- Belə şeylər ilkin şərt, zəruri, ya da kafi əsasla izah olunmur, tamamilə irrasional şeydir sevgi.

- Qadınlar yaşını ona gizlədir ki…

- Qadınlar qocalmaqdan qorxur. Halbuki, artıq qadının ən gözəl yaşının 40 olduğu deyilir. 50-60 yaş isə orta yaş sayılır.

- Qadına qarşı şiddət…

- Bunun adı şiddət deyil, zorakılıqdır. Daxilində olmadığım bir hadisə haqda danışa bilmərəm. Sadəcə, onu deyim ki, hər şey göründüyü qədər məsum deyil. Belə hadisələrə fərdi baxmaq lazımdır. Bu məsələnin mahiyyətinə varmadan şüarçılığa yuvarlanırlar.

- Vicdan…

- İçimizdə bir səs var. O deyir ki, haqlısan, ya haqsız. Məncə, hər insanın içində vicdan var.

- Tez-tez təəssüf edirəm ki…

- Artıq etmirəm. Ya yetkinləşmişəm, ya da qocalıram.

- Vanqa nənə ilə görüşsəydim…

- Yanından ötüb keçərdim.

- Küsülü olduğum insana demək istərdim ki…

- Sözüm olsaydı, danışardım.

- Ən böyük səhvim o olub ki…

- Nə olubsa, olub. Keçmişi özüm üçün qurdalamıram.

- Tənhalıq insan üçün lənətdir, yoxsa…

- Qısamüddətli tənhalıq gərəklidir. Xüsusən də yaradıcı adam üçün. Ən ümumi mənada isə tənhalıq lənətdir, günahların lənəti.

- Kiminsə yalan danışdığını hiss edəndə…

- Gülümsəyirəm.

- Allah insanları ona görə qeyri-bərabər yaradıb ki…

- Allahın necə yaratdığını bilmirəm, lakin onu bilirəm ki, biz rəqəm deyilik ki, bərabər, ya da üstün olaq. Biz insanıq, əvəzedilməzik. Ya da elə olmalıyıq.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə…

- Xoşbəxtlik olacağına əminəm.

- Günahlarım yadıma düşəndə…

- Qorxmuram.

- Dostlarıma ən çox onu məsləhət görürəm ki…

- Kitabları, filmləri, bəzən isə başqa dostları.

- İlahi ədalətə inancımı o zaman itirdim ki…

- İndi də yoxumdu.

- Qarşılaşdığım ən böyük ədalətsizlik o olub ki…

- Bu haqda susmaq yaxşıdır.

- Heç vaxt heç kimə icazə vermirəm ki…

- Heç kimin dərinlikləri ilə oynamıram, özümə qarşı da icazə vermirəm. Ümumiyyətlə, insanlarla dərin ünsiyyətə girməyi də sevmirəm.

- O zaman düşünmədən riskə gedirəm ki…

- Həyatı olduğu kimi yaşamalıyıq. Risklərə çox ehtiyacım olmayıb. Olmalı olan olur.

- Hər dəfə çıxılmaz vəziyyətə düşəndə…

- Daha çox çalışaraq, daha çox işləyərək vəziyyətdən çıxıram.

- Güclü və ya məsum qadın…

- Ya kişi, ya da qadın, fərq etməz, hər ikisi daim öz məsumluğunu saxlamalıdır. Onu saxladığı qədər xoşbəxtdir və insandır.

- Yaxşı gündə, pis gündə...

- Telefona baxıram.

- Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. Fikirlərinizi öyrənmək maraqlı oldu.

- Buyurun.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm