Tarixin ən axmaq "ticarət müharibəsi” - Qalib kim olacaq?
Bizi izləyin

ABŞ

Tarixin ən axmaq "ticarət müharibəsi” - Qalib kim olacaq?

İmzaladığı sərəncamlarla dünyada iqtisadi qarışıqlığa səbəb olan ABŞ prezidenti Donald Trampın Çin, Meksika və Kanadadan idxal edilən bütün mallara tətbiq edilən hərtərəfli gömrük rüsumlarının qüvvəyə minməsinə bir gün qalmış Meksika və Kanada ilə bağlı qərarını təxirə saldığı barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, ABŞ sərhəd təhlükəsizliyini artırmaq müqabilində Meksikaya qarşı tarifləri bir ay müddətinə dayandırıb. Bununla belə, Tramp ABŞ-ın maraqlarını gücləndirmək üçün Avropa İttifaqına (Aİ) qarşı da tariflər tətbiq edəcəklərinə işarə edib.

Tramp deyib ki, Avropa İttifaqı xətti keçib:

“Nə olacağını görəcəyik, amma əminliklə deyə bilərəm ki, Avropa İttifaqına da tariflər tətbiq olunacaq. Çünki onlar bizdən sui-istifadə etdilər. 300 milyard dollardan çox kəsirimiz var. Dəqiq vaxt deyə bilməyəcəm, lakin tezliklə onlara da tariflər tətbiq ediləcək”.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Trampın Avropaya yönəlik gömrük rüsumlarının artırıla biləcəyi ilə bağlı açıqlamalarına “Ticarət müharibələrinin qalibi yoxdur” deyə cavab verib.

“Trampın sözlərini diqqətlə dinləyirik və öz tərəfimizdən hazırlıq görürük. ABŞ və Aİ-nin bir-birinə ehtiyacı var. ABŞ ticarət müharibəsinə başlayarsa, o zaman udan tərəf Çin olacaq. Bir sözlə, bir-birimizə çox bağlıyıq. Bizə Amerika lazımdır, Amerikaya da biz”,-deyə Kallas əlavə edib.

Amerikanın “Wall Street Journal” (WSJ) qəzeti Trampın Kanada, Meksika və Çindən idxal edilən mallara əlavə gömrük rüsumları tətbiq etməsini “tarixin ən axmaq ticarət müharibəsi” adlandırıb.

Trampın tarifləri Avropa avtomobil istehsalçılarının səhmlərini vurub. Avropa istehsalçıları “Volkswagen”, “Volvo Cars”, “Daimler Truck”, “Porsche” və “BMW”nin səhmləri 5 faizdən çox ucuzlaşıb. Çin isə ABŞ-ın tətbiq etdiyi əlavə tariflərin Dünya Ticarət Təşkilatının qaydalarını pozduğunu vurğulayıb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm