İranlı bəstəkardan Sami Yusifin “Sığmazam”ına ŞOK İRAD: “Nə ritmi, nə əruzu, nə də...”
Bizi izləyin

Art

İranlı bəstəkardan Sami Yusifin “Sığmazam”ına ŞOK İRAD: “Nə ritmi, nə əruzu, nə də...”

Xəbər verdiyimiz kimi, Fərqanə Qasımovanın “Sığmazam” kompozisiyasının dünən təqdimat mərasimi baş tutub. Kompozisiyanın müəllifi əslən Cənubi Azərbaycandan olan bəstəkar Tohid Novruzidir.

Publika.az xəbər verir ki, Nəsiminin sözlərinə, həmçinin Füzulinin, Xətainin və Nəbatinin də qəzəllərinə bir çox kompozisiya bəstələyən Tohid Novruzi layihə ilə bağlı fikirlərini paylaşıb:

“Azərbaycan Milli Konservatoriyasında tələbəyəm. Bu, mənim üçüncü təhsilimdir. Eyni zamanda “Kür” musiqi qrupunun rəhbəriyəm. Bakıya sırf musiqi təhsili almaq üçün gəlmişəm. Görürəm ki, bizim Nəsimi, Nəbati, Mövlanə, Xətai və ya Füzuli kimi milli sərvətlərimiz elə adamların əlinə düşür ki, nə qəzəldən xəbəri var, nə də ki, əruz vəznini bilirlər. Onlara icazə verməməliyik ki, milli sərvətimizi toyxanalarda ucuzlaşdırsınlar. Odur ki, bu istiqamətdə işləməyə qərar verdim. Əslində bu bəstəni iki il əvvəl yazmışam. Daha sonra Fərqanə xanıma müraciət etdim, o da böyük ustalıqla ifa etdi. Əslində muğam hissəsini Alim bəy oxumalı idi, vaxtı olmadığından Fərqanə xanım özü səsləndirdi. Gələcəkdə Alim bəylə işbirliyimiz olacaq. Uşaqlığım bu sənətkarların ifaları ilə keçib. Odur ki, onlarla çalışmaq imkanı qazandığım üçün fəxr edirəm”.

Daha sonra musiqiçi bayağı mahnıları tənqid edib:

“Elə mahnılar yazmağa çalışıram ki, melodiyalar başları tərpətsin, ayaqları deyil. İranda kifayət qədər qazanıram, amma mənim üçün dünya malı önəmli deyil. Milli sərvətlərimiz, dahi şairlərimizin bizə əmanət etdiyi əsərlər daha qiymətlidir. Bunun üçün pulsuz-parasız işləməyə də razıyam”.

Bəstəkar Fərqanə xanım üçün bəstələdiyi mahnının layiqli yerini tuta bilməyəcəyindən və keyfiyyətli əsərlərin dinləyicisinin az olmasından gileylənib:

“Az adam sevəcək bu bəstəni. Çünki ziyalı dinləyici təbəqəsi həqiqətən azdır. O təbəqə oynaq mahnılar axtarmır, musiqinin ruhunu qidalandırması onlar üçün daha vacibdir. Çox sevinirəm ki, dərin düşüncəli insanların zövqünü oxşayan balaca bir iş təqdim etmişəm. Odur ki, çox sevinirəm. Heç kəsdən də bir qəpik pul almamışam”.

Tahid Novruzi Sami Yusifin azərbaycanlı xanəndə və xor ansamblı ilə Nəsiminin eyniadlı qəzəlinə səsləndirdiyi kompozisiyasına münasibət bildirib:

“Sami Yusifin böyük sənətkar olduğunu hamımız bilirik. Amma onun nə əruzu, nə ölçüsü, nə ritmi, nə də ki, vəzni düzdür. Bunu tək mən yox, bütün alimlər deyir. “Məndə sığar iki cahan”ın ritmi 7\8-dir. Bu ritmi 2/4-ə yerləşdirmək olmaz. Hər halda onun da işinin qarşısında baş əyirəm, çünki vətənimizin tanınması baxımından böyük işdir”.

Fərqanə Qasımova isə eyniadlı iki musiqi əsərinin müqayisə olunmasını istəmədiyini diqqətə çatdırıb:

“Gəlin müqayisə etməyək, Nəsiminin dili genişdir, hər kəsin qəlbinə bir yol açır, hər kəs onu öz qəlbində fərqli hiss edir. Hansının daha çox seviləcəyini tamaşaçıların ixtiyarına buraxıram. Bu əsəri mübahisə və müqayisə üçün oxumadım. Kompozisiya mənim dilimdən Nəsimi ilinə bir hədiyyədir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm