Art
Xalq şairi - Vaqif poeziya günləri Şuşadan başlamalıdır
Vaxtilə Qarabağda keçirilən bir sıra tədbir və ənənələr var ki, hökmən bərpa olunmalıdır. Onlardan biri də Vaqif poeziya günləridir. İlk poeziya bayramında mən də iştirak etmişdim. Şükürlər olsun ki, Qarabağ azad olundu, Prezidentin sərəncamı ilə Vaqif poeziya günləri bərpa olunacaq.
Bu sözləri Publika.az-a açıqlamasında deputat, Xalq şairi Sabir Rüstəmxanlı deyib. O bildirib ki, ermənilər tərəfindən vəhşicəsinə dağıdılan Vaqifin Şuşadakı məqbərəsinin əvvəlki vəziyyətinə qaytarılması istiqamətində işlər aparılır:
“Tədbirin məhz Vaqifin məqbərəsinin önündə, yayın sonları və ya payız aylarında keçirilməsi nəzərdə tutulur. Daha sonra bu tədbir tədricən genişləndiriləcək və digər ölkələrdən qonaqlar dəvət olunacaq. Kəlbəcərdə hər il kitab bayramı da keçirilərdi. Bu bayramın da bərpa olunması gözlənilir. Ümumiyyətlə “Xarı bülbül” festivalı və digər mədəniyyət tədbirlərinin təşkili son dərəcədə vacibdir. Azərbaycan mədəniyyəti o torpaqlara yenidən qaytarılmalıdır. Şuşa Azərbaycanın və Qafqazın mədəniyyət paytaxtı kimi mühüm mərkəzə çevriləcək və bu, dünyaya verilən bir mesajdır. Yəqin ki, İslam dünyasının da mədəniyyət mərkəzi elan olunacaq. Dahi Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski kimi musiqiçilər, Xurşidbanu Natəvan və böyük ədəbi məktəbin banisi olan Vaqif kimi şairlər, Əhməd bəy Ağaoğlu, Nəcəf bəy Vəzirov kimi yazıçılar yetişdirən Şuşa şəhəri ermənilərin əlində qala bilməzdi. Qüdrətli Azərbaycan Ordusu dünyaya qəhrəmanlıq möcüzəsi göstərdi və işğal altında olan torpaqlarımızı azad etdi. Bu, işin birinci mərhələsidir. İndi isə qarşıda onun mənəvi və mədəni atmosferinin qaytarılması məsələsi dayanır. Bu mənada Vaqif poeziya günləri əhəmiyyət kəsb edir”.
S.Rüstəmxanlının sözlərinə görə, Vaqif poeziya günləri Qazaxdan yox, Şuşadan başlamalıdır:
“Vaqif Qazaxda doğulsa da, şair kimi ora aid deyil. O, Qarabağda yaşayıb və yaradıb. Bu ənənəni Heydər Əliyev qoymuşdu. Tədbir Şuşada keçirilirdi, elə bu qayda ilə davam etmək lazımdır. Vaqiflə yanaşı hökmən Qasım bəy Zakirin də xatirəsi əbədiləşdirilməlidir. Arzu edərdim ki, Zakirlə bağlı da müəyyən tədbirlər görülsün”.
Xalq şairi Şuşada keçirilən ilk poeziya bayramında iştirakı ilə bağlı xatirəsini bizimlə bölüşüb:
“Bu tədbirdə Heydər Əliyev də iştirak edirdi. Əsas təşkilatçılardan biri Həsən Həsənov idi. Tədbir yekunlaşandan sonra axşam hotelə qayıdanda Həsən Həsənov dedi ki, sənin “Gəncə qapısı” adlı kitabın komsomol mükafatına təqdim olunub. Əlavə etdi ki, komsomol mükafatına təqdim olunsa da, başdan-başa komsomolun əleyhinə olan şeirlərdir, amma çox bəyənmişəm və qiymətə layiqdir. O mükafatın namizədləri arasında dostum Nüsrət Kəsəmənlinin də adı var idi. Dedim ki, əgər bu mükafatı mən alsam, o almasa xətrimə dəyər, narahat olaram. Ən yaxşısı budur ki, ikimizə də mükafat verin. Dayandı, mənə baxdı və dedi ki, birinci dəfədir Azərbaycan yazıçısını başqa bir dostunu müdafiə edən görürəm. Söz verdi ki, bu mükafatın ikimizə də verilməsi üçün çalışacaq. Beləliklə ikimiz də mükafat aldıq”.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO