Elm və təhsil
Müəllimlərlə bağlı mühüm qərar hazırlanır: Maaşları artacaq, yoxsa azalacaq?
                                    
                                    
                                    
                                Milli Məclisdə “Ümumi təhsil haqqında” qanuna təklif olunan dəyişiklik müəllimlər arasında ciddi müzakirələrə səbəb olub. Yeni qanuna əsasən, pedaqoqların əməkhaqqı artıq dərs saatına deyil, iş saatına görə müəyyənləşdiriləcək.
Bu dəyişiklik hələ qüvvəyə minməsə də, artıq müəllimləri narahat etməyə başlayıb. Onlar bildirirlər ki, “iş saatı” anlayışı geniş və qeyri-müəyyəndir. Pedaqoqların fikrincə, bu, əlavə öhdəliklərin artmasına, amma maaşın dəyişməməsinə gətirib çıxara bilər.
Maraqlıdır, dəyişiklik müəllimlərin əməkhaqqına necə təsir edəcək? Dərs yükü yüngülləşəcək, yoxsa daha da artacaq? Bu qanun təhsilin inkişafı üçün nə kimi rol oynayacaq?
Mövzu ilə bağlı Publika.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, ölkənin təhsil sistemində son illər həyata keçirilən dəyişikliklər müəllim peşəsinin statusunu, əməyin ədalətli qiymətləndirilməsini və tədrisin keyfiyyətini yüksəltmək məqsədi daşıyır.
Onun sözlərinə görə, “Ümumi təhsil haqqında” qanuna ediləcək son dəyişikliklər də bu istiqamətdə mühüm mərhələ hesab olunur:
“Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə təklif olunan yeni mexanizm — müəllimlərin əməkhaqqının dərs saatına deyil, iş saatına görə müəyyənləşdirilməsi — mahiyyət etibarilə Azərbaycan təhsil sisteminin uzun illərdir müzakirə olunan struktur probleminə – əməkhaqqı ədalətsizliyinə və tədris yükünün bərabər paylanmamasına cavabdır.
Müəllimlərin hazırkı maaş sistemi əsasən dərs saatı prinsipinə əsaslanır. Bu sistemdə müəllimin aylıq gəliri birbaşa olaraq onun həftəlik dərs yükündən asılıdır. Məsələn, 12 saat dərs deyən müəllim 700-750 manat, 20 saat dərs deyən isə 1000 manatdan çox maaş alır. Bu isə eyni peşəkar səviyyəyə malik müəllimlərin fərqli qazanc əldə etməsinə səbəb olur".

Ekspertin fikrincə, bu, həm də tədris keyfiyyətinə mənfi təsir göstərir:
“Müəllimlər çox vaxt əlavə dərs saatı qazanmaq üçün tədrisdənkənar fəaliyyətə az vaxt ayırır, şagirdlə fərdi iş, dərsə hazırlıq, qiymətləndirmə və metodik fəaliyyət ikinci plana keçir. Yeni dəyişiklik bu balanssızlığı aradan qaldırmaq və müəllimin əməkhaqqını yalnız dərs yükünə deyil, ümumi peşə fəaliyyətinə əsaslandırmaq məqsədi daşıyır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsində göstərilir ki, əməkhaqqı işçinin “əmək funksiyasını yerinə yetirməsinə, əmək şəraitinə və iş vaxtına uyğun olaraq müəyyənləşdirilir”. Bu müddəa qanuni baxımdan “iş saatı” prinsipinə keçidi tam əsaslandırır. Elm və Təhsil Nazirliyi də bu yanaşma ilə beynəlxalq təcrübəyə uyğun model tətbiq etmək niyyətindədir. Məsələn, OECD ölkələrində müəllimlərin əməkhaqqı yalnız dərs saatı ilə deyil, ümumi iş vaxtının tərkib hissəsi kimi hesablanır. Estoniyada müəllimlərin illik iş vaxtının 35 faizi dərs yükü, 40 faizi hazırlıq və qiymətləndirmə, 25 faizi isə metodiki fəaliyyət və məktəb tədbirlərinə sərf olunur. Bu sistem həm müəllimlərin peşəkar fəaliyyətini çoxşaxəli qiymətləndirməyə, həm də real iş yükünü nəzərə almağa imkan verir”.
Kamran Əsədov hesab edir ki, Elm və Təhsil Nazirliyinin təklifi müasir idarəetmə modeli baxımından müsbət addımdır:
“Çünki bu dəyişiklik müəllim əməyinin yalnız sinifdə keçirdiyi saatlarla məhdudlaşmadığını, onun hazırlıq, qiymətləndirmə, sinifdənkənar fəaliyyət, valideynlərlə iş və özünüinkişaf proseslərini də əhatə etdiyini hüquqi müstəviyə gətirir. Eyni zamanda, bu dəyişiklik təhsil müəssisələrində müəllimin səmərəliliyini ölçmək üçün yeni göstəricilərin formalaşmasına şərait yaradacaq. Məsələn, bir müəllimin dərs keyfiyyəti, qiymətləndirmə ədaləti və şagird nailiyyətlərinə təsiri artıq əməkhaqqının müəyyənləşməsində əsas göstəricilərdən birinə çevrilə bilər.
Lakin praktik baxımdan bəzi risklər də mövcuddur. “İş saatı” anlayışının genişliyi səbəbindən məktəb rəhbərliyinin əlavə öhdəlikləri müəllimlərə ötürməsi mümkündür. Bu da real iş yükünün artmasına, amma maaş artımının ləngiməsinə səbəb ola bilər. Məhz buna görə də bu dəyişiklik yalnız hüquqi norma kimi deyil, idarəetmə mexanizmi kimi düşünülməlidir. Nazirlik bu prosesdə beynəlxalq standartlara uyğun normativ çərçivə - yəni müəllimin iş vaxtının hansı fəaliyyətlərdən ibarət olduğunu, bu fəaliyyətlərin necə ölçüləcəyini və qiymətləndiriləcəyini dəqiq müəyyənləşdirməlidir.
Dünya təcrübəsində bu yanaşmanın tətbiqi fərqli nəticələr verib. Məsələn, Finlandiyada bu sistem müəllimlərin motivasiyasını artırıb və 2018-2022-ci illər arasında müəllim peşəsini seçənlərin sayı 12 faiz artıb. Lakin Polşada və Çexiyada eyni prinsip tətbiq edilərkən maaş artımı həyata keçirilmədiyi üçün müəllimlərin 36 faizi əlavə iş axtarmağa məcbur qalıb. Bu nümunələr göstərir ki, Azərbaycan bu modeli tətbiq edərkən maliyyə yükü və motivasiya mexanizmini paralel planlaşdırmalıdır”.
K.Əsədovun sözlərinə görə, əgər bu dəyişiklik maaş artımı ilə müşayiət olunsa, müəllim peşəsinin cazibədarlığı yüksələcək, peşəkar axın güclənəcək və repetitorluğa meyillilik azalacaq:
“Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü eyni zamanda repetitorluq probleminin aradan qaldırılması ilə də əlaqələndirilə bilər. Çünki hazırkı sistemdə müəllimlərin əlavə gəlir üçün məktəbdənkənar dərs deməsi adi hal alıb. Əgər yeni sistemdə müəllimin məktəbdəki fəaliyyəti tam şəkildə dəyərləndirilərsə və əməkhaqqı artırılarsa, bu, qeyri-rəsmi repetitorluğa ehtiyacı azaldacaq, tədris keyfiyyətinə isə birbaşa müsbət təsir göstərəcək.
2023-cü ilin məlumatlarına görə, müəllimlərin orta aylıq əməkhaqqı 950 manat təşkil edib, bu da ölkə üzrə orta əməkhaqqının 78 faizinə bərabərdir. OECD ortalamasında isə müəllim maaşı ölkə üzrə orta əməkhaqqının 108 faizini təşkil edir. Yəni Azərbaycan bu göstəricini ən azı 25 faiz artırmaqla beynəlxalq səviyyəyə yaxınlaşa bilər. Yeni qanun dəyişikliyi bu məqsədə çatmaq üçün hüquqi baza yaradır və gələcəkdə “əməkhaqqı + fəaliyyət meyarları” sisteminə keçid üçün ilkin mərhələ rolunu oynayacaq”.
Ekspert sonda onu da qeyd etdi ki, “iş saatı” prinsipi müəllim əməyinin daha ədalətli qiymətləndirilməsinə, tədris keyfiyyətinin artırılmasına və məktəblərdə hesabatlılığın güclənməsinə xidmət edəcək:
“Bu, eyni zamanda təhsil sisteminin iqtisadi və sosial modernləşməsinin vacib addımıdır. Əgər bu modelin tətbiqi mərhələli şəkildə, əlavə maliyyə təminatı və metodik çərçivə ilə aparılarsa, həm müəllimlərin rifahı, həm də təhsilin keyfiyyəti yüksələcək. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə apardığı islahatlar sistemli, analitik və perspektivli yanaşmanın nümunəsidir. Bu dəyişiklik uzunmüddətli perspektivdə Azərbaycan təhsilinin keyfiyyət və ədalət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”.
Gülnar Süleymanova
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" istiqaməti üzrə hazırlanıb.
                                                                                                                            - 
                    
Region14:20Paşinyan Ərdoğanı İrəvana dəvət edib: Gələcək?
 - 
                    
İdman13:16Əfran İsmayılov 8 il əvvəlki oyunlardan danışdı: "Çelsi"dən 1 xalı belə almaq olar
 - 
                    
Sosial13:07AzTV-dən 26 milyon manatlıq nöqsana - REAKSİYA
 - 
                    
Nida Xəbər 12:50Paşinyan İlham Əliyevə təşəkkür etdi
 - 
                    
İdman11:04Türkiyə futbolu mafiyanın cəngində: Hakimləri qadınların vasitəsi ilə...
 - 
                    
MDB10:40Rusiya Hüseyn Həsənovu yenidən axtarışa verdi: Azərbaycanda gizlənir?
 - 
                    
İdman10:28Bu rəqib o rəqiblərdən deyil: Dünya çempionu ilə oyunda "Qarabağ"ı nə gözləyir?
 - 
                    
Maraq dünyası09:58Varlanacaq 3 bürc - Bolluq olacaq
 






        
    


.jpg)















.jpg)

.jpg)









