Ermənilərə Marsdan torpaq ayırıb ora göndərmək lazımdır ki... - MÜSAHİBƏ
Bizi izləyin

Art

Ermənilərə Marsdan torpaq ayırıb ora göndərmək lazımdır ki... - MÜSAHİBƏ

Budəfəki həmsöhbətim ağ saçlarından dırnaqlarına qədər şairdir. Dünyanın ekvator xətti sanki alının qırışlarından keçir bu adamın. Baxışı da təlatümlüdür, sözünün naxışıdı da... Həmişə özünü yazıb, içini ifadə edib.

Tanınmış şair Əlisəmid Kürün Publika.az-a müsahibəsini tədqim edirik:

- Əlisəmid müəllim, bu gün ən çox müzakirə olunan məsələlərdən biri də Azərbaycan şair və yazıçılarının dünya ədəbiyyatına çıxa bilməməsidir. Mənə görə sizin də, Vaqif Bayatlının da, Ramiz Rövşənin, Rüstəm Behrudinin də istedad boyu dünya ədəbiyyatına çatacaq qədərdir, bəlkə də keçir... Bəs səbəb nədir?

- Əsas problem bizim öz-özümüzü çox dəyərləndirməməyimizdir. Söhbət təkcə indidən getmir. İllər boyu bizim vəzifədə olan yazıçılardan çağdaş ədəbiyyatımızda olan nümunələr istəyiblər. O vaxt müəyyən təşkilatlar var idi. Məsələn, Əli Kərimgilin vaxtında o kənarda qalırdı, vəzifədə olan yazıçılar öz əsərlərini göndərirdilər. Əli Kərim, İsa Hüseynov, Ənvər Məmmədxanlı, Fərman Kərimzadə kimi istedadlı yazıçılar, şairlər kənarda qalırdı, vəzifədə olan yazıçılar ancaq özlərini təbliğlə məşğul idilər. Öz yazılarını, əsərlərini göndərirdilər. Elə mükafatlar da o cür verilirdi. Hərə özününkünü göndərməklə məşğul idi. Amma Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yaradılması gözəl bir işdir. Bizdə komissiya var. Heç nəyə baxmadan ədəbi nəsillər üzrə istedadlı şair və yazıçıların kitabları Fransada, İtaliyada, Ukraynada, Belarusda və başqa ölkələrdə çap olunur. 35-40 şairin kitabları çap olunub. Dünyanın bir çox ölkələrində... Bunu Tərcümə Mərkəzi edib. Tərcümə Mərkəzinin rəhbəri, bizim Afaq xanımın böyüklüyü də burdadır. Heç nəyə baxmadan Axundovdan, Cəlil Məmmədquluzadədən başlayır, ta Saday Budaqlıya, Şərif Ağayara qədər hamısının kitabları silsilə və səliqəli şəkildə, ədəbi nəsillər üzrə çap edilir. Ukraynada Məmməd Araz, Əli Kərim, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Vaqif Bayatlı, Zəlimxan Yaqub, Rüstəm Behrudi, Əlisəmid Kür, rəhmətlik Aqil Mirseyid, Leyla Əliyevaya qədər şairlərimizin şeirləri işıq üzü görüb. Ukraynada çap olunan kitaba onların içərisindən mənim şeirimin adını qoyublar, “Küləklə göndərilən məktub”... Təssübkeşlik var, mizan-tərəzi yerindədir.

- Bəs yeni nəsil şair, yazıçılardan kimlər var?

- Salam Sarvan da var, Aqşin Yenisey də, Rəbiqə Nazimqızı da, Könül Arifqızı da... Hətta nəsrdən Rafiq Tağı, Vaqif Nəsib... Onu da deyim ki, İngiltərədə bir kitab çıxmışdı, Vaqif Nəsib də orada yer almışdı. Kitabı aparıb verəndə kövrəldi, insandı də, gözləyir... Həmin seriyada ədəbi nəsillər üzrə Kamal Abdulla da, Vaqif Nəsib də, yazıçı Şahmar da yer alıb. Fikrimi başa düşdün də?! Belə olanda bizim ədəbiyyat haqqında müəyyən təsəvvür, mənzərə də olur. Bu yaxınlarda Salam Sarvanın Ukraynada özünün ayrıca kitabı çapdan çıxdı. Bilirsən, necə sevinmişdim... Axırdan bir əvvəlki nəslin nümayəndəsi kimi... Özü də elə-belə yox ha, dövlət səviyyəsində...

- Deyirsiniz, mən də sevinirəm...

- Bu, ədəbiyyatı tanıtmaqdır. İş görməkdir.

- Dünyaya çıxa bilməməyimizin əsas səbəbi kimi dil amilini də önə çəkirlər. Dünya ədəbiyyatına ayaq açmaq üçün dil amili nə dərəcədə önəmli faktordur?

- Bizim Azərbaycan türkcəmiz türk dilləri qrupunda ən gözəl dil qatından biridir. Türkcədən türkcəyə uyğunlaşdırmaq nə deməkdir?! Müəyyən sözlər fərqli anlaşıla bilər, onu da qeydlə vermək olur. Yavaş-yavaş hamısı düzələcək. Qarabağ qayıdan kimi hamısı yavaş-yavaş yerinə oturacaq. Mən buna inanıram. Bizim ədəbiyyatımız güclüdür. İstedadlı cavanlarımız var.

- Amma dünya ədəbiyyatına çıxa bilmirik...

- Deyirəm də, bu böyük işdir. Böyük işi görmək lazımdır. Bu məsələdə tərəfkeşlik olmayanda əla olur.

- Əlisəmid müəllim, bu gün bir sıra istedadlı gənc yazarlar evsizlik problemi ilə üz-üzədir. Bu sualı sizə elə-belə vermirəm, vaxtilə siz də dövlətin qayğısnı görmüsünüz. Sovet dövründə olduğu kimi indi də gənclərimizə ev verilməsi təklifi ilə yaşlı nəsil yazarlar niyə qabağa düşüb onların problemlərini dilə gətirmirlər?

- Vallah, bu mənim problemim deyil. Gördünüz də, Prezident konkret iş görüb. Bina tikdirib. Aidiyyəti şəxslərə tapşırıb ki, evləri ehtiyacı olanlara verin. Onlar da bunu etməyiblər. Qohum-əqrabalarına veriblər. İndi tutulublar, həbs olunublar. Elə cavan istedadlı uşaqlar var ki, evsizdirlər. Lap cavan da deyillər. Məsələn, Murad Köhnəqalaya bu yaxınlarda ev verdilər. Onun da başına min hadisə gəldi, amma dövlət tərəfindən ev verildi. Adil Mirseyidin ölümündən sonra ailəsinə ev verildi, bunu edirlər də... Dövlət tərəfindən Kənan Hacıya da ev hədiyyə olundu. O qədər Kənah Hacılar var ki, onlara da ev verilsə, yaxşı olar. Dövlət tərəfindən bu olunur də... Hər şey gözümüzün qabağındadır. Sovet dövründə az da olsa var idi bu kimi hallar. İndi dövlətimiz müstəqildir, yazıçılarımız, uşaqlar daha çox umur. Özü də haqlı umurlar. Mən nə edə bilərəm, gənclərimizin ev almasına ancaq sevinmək olar. Yaxşı olar ki, 40 yaşdan bir az tez alsınlar. Çoxu ailə də qurmayıb, ev alsınlar ki, ailə də qursunlar.

- Evlilik sözünün kökü də elə evdir ...

- Bəli, evdir...

- 70-ci illərdə bir şeirinizdə “Alo, qızım, mən səni görürəm” – deyirsiniz. O vaxt görüntülü telefonlar da yox idi. Bu, uzaqgörənlik idi, yoxsa?..

- Tale yazısıdır... Mənim bütün şeirlərim avtobioqrafikdir. Gənc istedadlı qız var, Aydan Ay... Mən ona deməmişdim ki, mənə məktub yaz. Onun məktubunu oxuyanda bədənim əsdi... Hər şeirin öz taleyi var. Şeirin taleyi ayrı şeydir. Ukraynada 3 il əvvəl kitab çıxmışdı, bayaq dedim, orada 45-50 şairin şeiri yer almışdı. Məmməd Arazdan, Əli Kərimdən üzü bəri, Aqşin Yeniseyə qədər. Kitabın adına mənim şeirimin adı verilmişdi, tərtibatını da mənim şeirimin adı ilə qurulmuşdu. Orada mənim 6 şeirim çap olunmuşdu; “Alo, mən səni görürəm”, “Ölüm də sevgi kimi gəlir”, “Küləklə göndərilən məktub”... Baxdım ki, bu şeirlərin üçünü Ukrayna həbsxanasında, digərlərini də Xarkov məhbəsində yazmışam. Sonradan əlyazmaları gətirib uşaqlara, Afaq xanıma göstərdim. Mən bütün əlyazmaları saxlayan adamam, o vaxt uzun sarı kağızlar var idi, türmədə olanda onlara yazırdım şeirləri. İndi həmin şeirlər Ukraynada çap olunan kitabda yer almışdılar.

- Bir dəfə demişdiniz ki, alnımdakı hər qırışın bir taleyi var... Doğrudanmı belədir?

- Hə... İnsanın içindəkilər üzə vurur. Ağrısı, acısı, sevinci, kədəri – içində nə varsa, üzündə ifadə olunur. Bu oxuyan da, oxumayan da var. Mən adamlara baxanda üzündən bilirəm ki, onun içində nə var... O haqda heç bir kitab da oxumamışam. Adam var əl cizgilərindən bilir, mən isə üz cizgilərindən...

- Oğullar ataların ümid, güman yeridir. Oğlunuz Qorquddan razısınızmı?

- Çox... Çox razıyam. İstedadına da çox güvənirəm. O vaxt hələ doğulmamışdı, ona bir şeir yazmışdım. Kitablarımda da gedib. “Sən belə doğulmalıydın, Azadlıq meydanında, anasının qarnında yumruq qaldıran oğlum. Belə doğulmalıyıdın – beşiyinin başında Azərbaycan himnini layla kimi eşidib ayağa qalxan oğlum...”. Bu şeir kitablarımda da gedib, oğlum Qorquda yazmışdım. Mən istəmirdim ağrılarına, stresslərinə görə aktyor olsun. Üç-dörd şeirimi səsləndirib. Heç özümün də xəbərim olmayıb. Mənə hədiyyə edib.

- Əjdər Olla da möhkəm dost olmusunuz? Həbs olunandan sonra yanına getmisinizmi?

- Əjdəri çox istəyirəm. Allah qapısını açsın. Mənim bu sözüm sərçənin oda su atmağı kimi bir şeydir. Yenə deyirəm, Allah qapısını açsın. Çox sevdiyim şairdir. Əjdərin işi hər halda, yaxşı olar. Ona bir şeir yazdım. Hələ çap olunmayıb, “İstəməzdim yıxılana balta çalanı görsün”. Əjdər Olun “Lo” romanı mənim son illərdə oxuduğum ən gözəl canlı romandır. Qalın epopeyadır. Onu üç dəfə, özü də diqqətlə oxumuşam. Orada özüm haqqında da yerlər var. Çox möhtəşəm romandır.

- Heydər Əliyevlə bağlı xatirələriniz varmı? Görüşmüsünüzmü?

- Moskvadan qayıdandan sonra Azərbaycan Yazıçılar Birliyinin doqquzuncu qurultayına gəlmişdi. Əlisəmid Kür, Aydın Uluxanlı və Tofiq Qaraqayanın düz yanında oturdu. Heydər Əliyev bütün yazıçıları cavanından qocasına qədər hamını çox yaxşı tanıyırdı. Mənim də “Rəngli kölgələr” kitabım onda var. Özü də imzalı... Naxçıvana getmişdik. Onda mən “Yol” qəzetinin baş redaktoru idim. Rüstəm Behrudinin də yaxşı yadındadır, o vaxt kitabımı imzaladım. 1996-cı ildə Heydər Əliyevin yazıçılarla görüşündə də mənim ev məsələmi Rüstəm Behrudi qaldırmışdı. O vaxt Heydər Əliyev demişdi ki, mən Əlisəmid Kürlə Tofiq Qaraqayanın ev məsələsini həll edəcəyəm, siz buna əmin ola bilərsiniz. Hamımızı bircə-bircə tanıyırdı. Böyüklüyü də onda idi.

- 44 günlük savaşdakı qələbəmizlə bağlı təssüratlarınızı almaq istərdik...

- Prezident İlham Əliyev Şuşa alınanda Fəxri Xiyabana, sonra Şəhidlər Xiyabanına getdi. Orada dedi ki, mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Bilirsən nə idi... Şuşaya gedəndə də Paşinyan kimi “Yallı” getmədi, ailəsi ilə getmişdi, əxlaqla, ağır duruşu ilə dedi ki, mən buradayam, gəlmişəm! Səhər-səhər də Cıdır düzündə paxlava ilə çayını içdi. Hər şeyin yerini bilən adamdır. “Yallı”nı isə əsgərlərimiz oynamışdı. Çox qürurlandım.

- Yəqin ki, Şuşadakı Vaqif poeziya günlərinə...

- Mütləq... Kərim Kərimlinin bir yazısı var, 10-15 il bundan qabaq yazmışdı ki, Əlisəmidin Şuşada 2 evi var. Çünki o vaxt Şuşadan olan məcburi köçkünlər mənim evimdə yerləşmişdilər. Mən həmin evi onlara verib çıxmışdım. O da yazmışdı ki, Əlisəmidin Şuşada iki evi var. Şuşada mənə əziz olan adamlar çoxdur.

- Əlisəmid müəllim, taleyinizdən razısınızmı?

- Bəli.

- Amma taleyiniz keçməkeşli olub, həbsxanalardan keçib...

- Hə, keçməkeşli olmağı da özümün macəra axtaran olmağımla bağlıdır. Olub də, cavanlıqdı... Bu ömrü təzədən yaşamaq istərdim. Ağrısı da, acısı da mənimdir.

- Harasa gedəndə kiminsə adından istifadə etmisinizmi? Atanız Cəfər müəllim böyük pedaqoq olub... Oğlunuz Qorqud sizin adınızdan istifadə edibmi hansısa məsələnin həllində?

- Vallah, hara getmişəmsə, atamın adı başımın üstündə olub. Bu gün oğlum hara gedirsə, bir dəfə də demir ki, mən Əlisəmidin oğluyam. Doğrudan da demir. Bir dəfə, 2010-cu ildə yeni il ərəfəsi imiş, Şəkidə yeni il çəkilişləri gedirmiş. Qorqud deyir ki, yeni il axşamı idi, şampan, hər şey almışdıq, oturmuşduq. Yeni ili qeyd edirdik. Birdən bir nəfər gəldi, bildi ki, Əlisəmid Kürün oğluyam. Adını da demədi. Restoranı bağlatdırdı. Bizimlə bir qədəh şampan içəndən sonra getdi. Deyib ki, ataya salam de. Sonradan bildim ki, o kimdir. Aqil Musayeviç var, dostumuzdur. O imiş... Mənim üçün də bu cür hallar çox olub, deyiblər ki, Cəfər müəllimin oğludur. Allah adamın qarşısına çıxarır... Amma ata adından istifadə etməmişəm, sonradan biliblər. Onun şirinliyi daha yaxşıdır. Oğlum da mənim kimidir.

- Ömrünüzün, yaradıcılığınızın bir dövrü sovetlər dönəminə rast gəlib. Həmin dövrdə ermənilərlə dostluq etmisinizmi?

- Olub, niyə olmayıb ki... O da insandır. Dünən bir erməni qadın İrəvandakı mitinqdə deyirdi ki, siz Ağdamı, Şuşanı zəbt etmisiniz. Bunu erməni qadın, ermənilərə deyirdi. Erməni də deyir ki, Şuşa Azərbaycan torpağıdır. O da faktdır ki, ermənilərin də içərisində elə adamlar var ki, bu münaqişədən bezib, doyub. Gürcü korrospondentinin çıxışına baxıram, işğal altındakı ərazilərə gedib, deyir ki, bu nədir, ermənilər buranı Xirasimaya döndəriblər. Fakt ayrı şeirdir. Ermənilərin də içində dostlarımız, yoldaşlarımız olub. Biz qonşuyuq. Mən dünyanı gəzmiş adamam. Onların da içində elələri var ki, hər şeyi başa düşürlər.

- Sizcə, yenə ermənilərlə mehriban yaşayacağıq?

- Onlar bizimlə mehriban yaşamağa məhkumdur. İstəsələr də, istəməsələr də... Dünya artıq dəyişib, camaat Marsa yaşamağa gedir e... Başını aşağı sal yaşa də... Elə ermənilərə də Marsdan torpaq versinlər, onlar da orada yaşasınlar... Orada yaşayanda da ermənilər qazıb nəsə çıxaracaqlar, deyəcəklər ki, biz burada da olmuşuq (gülür). Başqa xalqlar da deyəcək ki, bunlar necə millətdirlər, burada da dinc dayanmırlar... Bilirsən, bizim günahlarımızdan biri də Qarabağdakı alban kilsələrinin vaxtında reklamını eləməmişik. Bizim səhvimiz bunda idi. Onların işi-gücü bizim abidələrimizə özlərinin xaçlarını çəkmək olub. Onlar özlərinin buraya gəlişi ilə bağlı abidə də qoymuşdular. Mən onu görmüşdüm. Sonradan həmin abidəni götürdülər. Ermənilərin Zori Balayanı da var, Qrant Martirosyanı da... Qrant Martirosyanda bir az da türk qanı var.

- “Yol” qəzetnin baş redaktoru olanda istedadları çap edirdiniz yoxsa, kim gəldi..?

- İndi üzdə olan yazıçı və şairləri o vaxt “Yol”da çap edirdim. Özü də yazılarını ürəklə verirdim. Səməd Qaraçöp, Salam Sarvan, Qulu Ağsəs... Üzdə olan uşaqların hamısını ürək dolusu ilə çap etmişəm. Eyvaz Əlləzoğlu, Rafiq Tağı, Əlabbas...

- Eyvaz Əlləzoğlunun dəfnində tabutun arxasınca bir daş atma əhvalatı da olub. Daşı sizə veriblər, boyun qaçırmısınız...

- Eyvazın dəfnində olmayıb. Bu, bizim bir rəssam dostumuz var idi, Mamed... onun dəfnində olub. Birdən çıxıb dedilər ki, daşı at. Dedim mən niyə atıram. Həmzəli İlyas və bir sıra dostlarla getmişdik... Daş atırlar ki, evdən axırıncı tabut çıxsın... Mən də dedim ki, mən niyə atıram?! Eyvaz Əlləzoğlu bizim gözəl yazıçımızdır, öləndə bir şeir yazmışdım... Çap olunub.

- Dost itkilərini necə qarşılayırsınız?

- (Bir anlıq susur). Bu yaxınlarda, 44 günlük müharibə vaxtı bir badə qaldırdım. İstərdim ki, qələbəmizi həmin uşaqlar – Həmzəli İlyas, Abbas Abdulla, dünyasını dəyişmiş müəyyən adamlar var... İstərdim ki, bir gün də olsa, həmin qələbəmizi görəydilər. Bu hissləri keçirdim. Ruhlarının sağlığına badə qaldırdım. Özü də hər kəndimiz alınanda mən badə qaldırmışam, hər kəndimiz... Gərək yazıçılarımız – Rafiq Tağı və başqaları da bu günü görəydilər. Biz böyük qələbə çaldıq. Hələ də ayıla bilmirik ki, biz nə etmişik. Millət kimi bir olduq! Həmişə inanırdım ki, torpaqlarımız qayıdacaq. Sizin nəsildən tutmuş digər nəsillər də torpaqlarımızın qayıdacağına inanmırdı.

- Yox, bizim nəsil inanırdı. Elə torpaqlar uğrunda canını qoyan da bizim nəsillər, yaşıdlarımız oldu...

- O öz yerində... Bilirsən, o qundaqda gedən uşaqlar silahla qayıtdılar. Məşhur bir türk şairinin şeirində olduğu kimi – siz at belində getdiniz, uçaqla qayıtdınız – bax elə... Bizim dövrün meydan hərəkatının da öncülləri babaları 1937-ci ildə tutulanlar idi. Həmin “kastiyak”lar meydan hərəkatında boy göstərdilər. İçində mən olmaqla onların 90 faizi 37-də tutulanların nəvələri idi. Bu savaşda da qundaqda o torpaqdan çıxanlar silahla, tank belində geri döndülər. Ermənilər də etiraf edirlər bizim döyüşçülərin qəhrəmanlığını... Şuşanın alınması tarixə düşdü...

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm