Anım vaxtında Muxtar Avşarovdur: Əbdül, Kral, Qacar, Şeyx Nəsrullah...
Bizi izləyin

Art

Anım vaxtında Muxtar Avşarovdur: Əbdül, Kral, Qacar, Şeyx Nəsrullah...

Ağayana, nurani, özünəməxsus həlim səsli, gülər üzlü Muxtar Avşarov. Onun zəngin yaradıcılığı kino və teatr tariximizdə ayrıca bir səhifəsini təşkil edir.

Publika.az xəbər verir ki, bu gün Xalq artisti Muxtar Avşarovun anım günüdür. Sənətkarla bağlı ən maraqlı məqamları və xatirləri sizə təqdim edirik.

Muxtar Avşarovun adı çəkiləndə gözlərimiz qarşısında sevə-sevə seyr etdiyimiz, bir-birindən maraqlı obrazlar canlanır. Müsbət və yaxud mənfi surətlərdən asılı olmayaraq, onları peşəkar yanaşması və hər bir rola özünəməxsus həyat verməyi idi tamaşaçılara onu sevdirən əsas xüsusiyyət.

Teatrdan dəmir barmaqlıqlar arasına

Muxtar Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olub. 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində qohum-qardaşlarını itirən yüzlərlə soydaşlarımızdan biri kimi, onların da sağ qalan ailə üzvləri Türkiyəyə üz tutub və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətiriblər. Burada dəmir yolu məktəbində təhsil alan M.Avşarov Ağasəlim Manaflının dram dərnəyinin aktyoru kimi ara-sıra səhnəyə çıxıb. Bir müddət sonra dərnəyə rəhbərlik edən görkəmli aktyor Ülvi Rəcəb Aleksandr Şirvanzadənin “Namus” pyesində Sumbat rolunu M.Avşarova tapşırıb. Bununla da sənətkarın ulduzu parlamağa başlayıb.

Muxtar müəllim xatirlərində deyib ki, Gəncə onun aktyor kimi yetişməsində bünövrə rolunu oynayıb. Gənc yaşlarında - sənətdə ilk addımlarını atdığı illərdə Cəlil Məmədquluzadə və Hüseyn Cavid kimi dahilərlə görüşdüyü, Ülvi Rəcəb kimi nəhənglə bir səhnəni paylaşdığı üçün özünü şanslı sayırdı. Amma həyat ona qarşıda heç də xoş olmayan sürprizlər hazırlayırdı.

Gənc Muxtar o vaxtlar Gəncə Dövlət Dram Teatrına Lavrenti Beriyanın adının verilməsinə etiraz etmişdi. Onun "Mən Beriyanın düşməni deyiləm, lakin onun Gəncə Teatrı ilə nə əlaqəsi?" sözləri dərhal yuxarılara çatdırılmışdı. Və aktyorun həbsinə qərar verilir. Muxtar Avşarov həyatının 6 ilini sevdiyi səhnədən çox-çox uzaqlarda – dəmir barmaqlıqlar arxasında keçirir. Həbsdən çıxandan sonra onu doğma teatrına buraxmırlar. O isə sadəcə səbrlə susur və zamanı gözləyir. Və bir gün bu səbrinə görə mükafatını alır - Gəncə Teatrının rəhbərliyi aktyorun yenidən teatra qayıtmasına şərait yaradır. Aktyor səhnəyə dönüşündən sonra yeni-yeni tamaşalarda yaddaqalan obrazlar yaradır, Gəncə Teatrında 100-dən artıq tamaşaya öz Avşarov möhürünü vurur.

Gəncədən Bakıya və ya ikinci şans

1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışıb. Sənət ocağında "Xəyyam"da Xərabati, "Unuda bilmirəm"də Kərəm dayı, "Solğun çiçəklər"də Əbdül, "Pəri cadu"da Niyaz, "Darıxma, ana"da Ruben, "Maqbet"də Kral, "Vaqif"də Şeyx Alı, Qacar, "Od gəlini"ndə Yanardağ, "Ölülər"də Hacı Baxşəli, Şeyx Nəsrullah kimi bənzərsiz obrazlar yaradıb.

"AzDrama"dan qəfil gediş

Özü də istəmədən qəfil Akademik Milli Teatrın qapıları onun üzünə bağlanır. Səbəb kimi isə artıq yaşlandığı bildirilir. Sənətin yaşı olmadığı kimi, sənətkarın da yaşı olmur. Sənət üçün, səhnə üçün doğulan akrtyor Bakı Bələdiyyə Teatrına pənah gətirir. Ömrünün son gününə kimi bu sənət ocağında marqlı obrazlara yeni nəfəs verir.

Azərbaycan filmlərində Avşarov imzası

Muxtar Avşarov “Dəli Kür”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babamızın babasının babası”, “Gün keçdi”, “Kişi sözü”, “Qatır Məmməd”, “Yenilməz batalyon”, “Topal Teymur”, “Tütək səsi” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

Sənətkarın oğlu Rauf Avşarov atası ilə xatirlərini bölüşəndə belə deyib:

“Çox heyif ki, atam əksər filmlərdə epizodik rollar ifa edib. Bir çox filmdə çəkilib, onlara qiymət vermək çətindir. Amma buna baxmayaraq, “Dəli Kür”də yaratdığı obraz mənim üçün əvəzedilməzdi. Atam çox çalışırdı, rolları qısa olmasına baxmayaraq, obrazı yaşasın. 1969-cu ildə həmin film çəkiləndə mən də kiçik bir rolda oynamışam. O zaman atamın rola necə girdiyinin şahidi olmuşam. Məncə, Muxtar Avşarovun ən yaddaqalan rolu budur”.

Gözəl gediş

2004-cü ilin soyuq bir qış günü milli teatrımızın ən sevilən akyorlarından olan Muxtar Avşarov əbədiyyətə qovuşur. Sənətdə özünəməxsus dəst-xətini, peşəkarlıq keyfiyyətlərini daima özündə təcəssüm etdirən Muxtar Avşarov hələ sağlığında yaratdığı obrazlar və həyat yolu ilə özünəxas bir teatr məktəbi idi. Qürurlu, mərd, milli ruhlu, vətənpərvər, etibarlı, öz sözü, öz çəkisi olan, düzə-düz, əyriyə-əyri deyən, sədaqətli insan idi. Elə bu gün də belə xatırlanır.

Cəmilə Hətəmxanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm