Art
Teatrdan qorxub, kinonu sevdi, atası ondan, o isə Moskvanın təklifindən imtina etdi - Bizim Eldar Quliyev
Onun sənət yolu “Bir cənub şəhərində”n başladı. Sonra bir cənub ölkəsinin keçmişinə, “Babək”in zamanına yollandı, “Sevinc buxtası”nı çəkdi, “Nizami”ni kinoda əbədiləşdirmək istədi və etdi də... “Ürək, ürək...”, “Var olun, qızlar”, “Gümüşgöl əfsanəsi”, “Təxribat”, “Nə gözəldir bu dünya”, “Girov”, “İstanbul reysi” filmlərinə də öz imzasını böyük ustalıqla həkk elədi.
Çəkdiyi filmlər nəinki Azərbaycanda, ölkəmizdən çox uzaqlarda da onun vizit kartına çevrildi. Milli kino sənətimizə ən gözəl filmləri bəxş edən, hər ekran əsərində adı, imzası görünən nəhəng rejissor, Xalq artisti, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinin sözün əsl mənasında haqqını verən Eldar Quliyev. Bu gün rejissorun 83 yaşı tamam olur.
Publika.az bu yazı ilə Eldar Quliyevi bir daha yad edir.
Onu həmişə Alen Delona bənzətmişəm. Mavi dənizi xatırladan gözlərinin rəngi, geniş alnı, cəzbedici üz quruluşu, özünəməxsus baxışı və gülüşü... Ən az elə dünya şöhrətli aktyor Alen Delon qədər yaraşıqlı idi bizim Eldar Quliyev. Nə yaxşı ki, sağlığında onu görmək, tədbirlərdə müsahibə almaq qismətim olub.

Eldar Quliyev 1941-ci yanvarın 18-də Bakıda, görkəmli bəstəkar Tofiq Quliyevin ailəsində dünyaya göz açıb. Tofiq Quliyevin oğlu olmaq həyatda 1-0 öndə olmaq demək idi. Elə belə də olur. Eldar Quliyev də ən azı atası qədər yazıb-yaratmağı, sevilməyi bacara bilib. 1960-1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil alıb. 1967-ci ildə "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. Eldar Quliyev 1967-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayaraq ömrünün sonunadək burada çalışıb.1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə kino sənətində sözünü deməyə nail olub.
Rejissor 1979-cu ildə “Babək” filmini çəkib və bu film peşəkarlıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmayıb. Həmin illərdə “Babək” filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı, “Ən vacib müsahibə”, “Var olun, qızlar…”, “Ürək… Ürək…”, “Nizami”, “Nə gözəldir bu dünya…”, “Girov”, “İstanbul reysi”, “Dərvişin qeydləri” və s. filmlərə quruluş verib.

Eldar Quliyev “Nizami” filminin çəkilişi zamanı əsas rol ifaçısını seçərkən çətin vəziyyətdə qalır. Baş rola iki namizəd olur və onların ikisi də kifayət qədər məşhur və peşəkar idi: Müslüm Maqomayev və Hamlet Xanızadə. Qərar verməkdə çətinlik çəkən gənc rejissorun köməyinə Xalq artisti Həsən Turabov çatır. Aktyor rejissora mistik və bir qədər də qəribə görünən bir təklif edir:
“Biz tərəflərdə ruh çağıran var, bəlkə ondan kömək istəyək. Nizaminin öz ruhu desin ki, filmdə əsas rolda kim çıxış etsin”.
Rejissorun sözlərinə görə, həmin şəxs falçı, görücü olmayıb, sadəcə olaraq ruhlarla dialoqa girirmiş. Sözün həqiqi mənasında cəmiyyətin tanıdığı məşhur, ziyalı bir şəxs olub. Eldar Quliyev həmin şəxsin yanına gedir. Ruh çağıran Nizami ilə danışıb və ondan filmə kimin çəkilməsini fotolar vasitəsilə soruşub. Nizami Gəncəvinin ruhu Müslüm Maqomayevi seçib. Bundan sonra Eldar Quliyevdə rahatlıqla Müslüm Maqomayevi filmə çəkib.

“Babək” filminin çəkilişləri də maraqlı məqamlarla yadda qalır.. Belə ki, 1979-cu ildə Bədii Şura “Babək” filmi Həsən Seydibəylinin çəkəcəyini təsdiqləyir. Həsən Seyidbəyli aktyorlar arasında bölgülərə başladığı vaxt qəfildən naməlum səbəblərlə bağlı o sənət həyatında ilk dəfə qadağa ilə üzləşir. “Babək” filminin çəkiliş hüququ ondan alınaraq, kinorejissor Eldar Quliyevə tapşırılır. Səbəb kimi çəkiliş ərəfəsində Həsən Seyidbəylinin səhhəti ilə bağlı xəstəxana şəraitində müalicə alması göstərilir. Guya müalicə müddəti uzandıqca sağalacağına gümanı azalan Seyidbəyli gözlənilmədən fikrini dəyişir və filmin quruluşçu rejissoru işindən könüllü olaraq imtina edir. Az sonra 1980-ci ilin yayında isə o dünyasını dəyişir.
Həsən Seyidbəyli ilə “Babək” filmində bəstəkar kimi işləməli olan Tofiq Quliyev isə oğlu ilə işləməkdən imtina edir, bildirir ki, dostu Həsən Seyidbəyliyə xəyanət edə bilməz. Eldar Quliyev bəstəkar Polad Bülbüloğlu ilə işləyir.
Eldar Quliyev bu haqda müsahibələrinin birində belə deyir: “Xəstə olduğu üçün Həsən Seyidbəyli “Babək” filmini çəkməkdən imtina etdi. Rejissor kimi mənə müraciət olundu. Amma mən etiraz etdim, dedim ki, indiyə qədər tarixi film çəkməmişəm, bunu da çəkə bilmərəm. Təklif bir neçə dəfə təkrarlandı, yenə etirazımı bildirdim. “Azərbaycanfilm” kinostudiyasının o vaxtkı direktoru Cəmil Əlibəyov bir gün mənə dedi ki, vəziyyət pisdir, mən Mərkəzi Komitəyə qərarımı bildirməliyəm, film çəkilməlidir, sən də razılıq vermirsən. Bundan sonra mən filmi çəkməyə razılıq vermək məcburiyyətində qaldım. Həsən Seyidbəylinin topladığı aktyor heyəti, ümumilikdə bütün yaradıcı qrup yerində qaldı. Filmin bəstəkarı, atam Tofiq Quliyevdən başqa... Bir gün evdə oturmuşdum, atam zəng elədi və dedi ki, Eldar, incimə, mən filmdən imtina edirəm. Səbəbini də belə izah etdi ki, Həsən Seyidbəyli ilə uzun illərin dostuyuq, onu tapdalaya və bu filmdə iştirak edə bilmərəm. Mən insan kimi onu anladım və bəstəkar Polad Bülbüloğluyla işləməli oldum”.
Bu film Eldar Quliyevə çox böyük şöhrət gətirir. "Babək" filmi 52 ölkə tərəfindən satın alınıb.

Eldar Quliyev ürəyi vətən eşqi ilə döyünən insan idi. Hər zaman deyirdi ki, “Vətənini sevən, vətən mənim üçün nə edib deməz, mən vətən üçün nə etmişəm deyər. Mən Azərbaycanlıyam. Bu vətənə borcluyam”...
Bütün filmlərində sevgi mövzusuna toxunan rejissor müsahibələrinin birində deyib ki, sevgi həyatdır. “Sevgisiz yaşaya bilən insan varsa, mən ona həsəd apararam”.
Eldar Quliyev heç vaxt teatr səhnəsində tamaşa hazırlamayıb. Həsən Turabov onu nə qədər dəvət etsə də, işləmək istəsə də, qorxduğunu etiraf edərək teatra getməyib. O bütün sevgisini, diqqətini kinoya həsr edib. Təpədən dırnağa kino adamı olub, desək, yerinə düşər.
Eldar Quliyevin qızı Nərminə Quliyeva müsahibələrinin birində belə deyib:
“Atam kinonun böyük fanatı idi. O kinonun xalqa çatdırılması lazım olan sənət olduğuna inanırdı və bunun üçün hər şeyi edirdi. O istəyirdi ki, insanlar kinoya baxanda həm ləzzət alsınlar, həm də öyrənsinlər”.

Eldar Quliyev özü haqqında film çəksəydi, hansı janrda çəkərdi və o filmin adı necə olardı sualına belə cavab verib:
- Mən heç vaxt özüm haqqında film çəkməzdim. Amma onu deyim ki, çəkdiyim hər filmdə məndən nə isə var. Yenə böyük şairimiz Nizaminin sözlərini xatırlatmaq istərdim. Nizami deyir, gələcəkdə kim mənimlə maraqlansa, kim mənim haqqımda bilmək istəsə, əsərlərimi oxusun. Hər misrada mən varam...
Rejissor 2021 il aprelin 16-da müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib.
Eldar Quliyev haqqında heç vaxt kitab yazılmayıb. Hətta Moskvadan belə ona təklif gəlməsinə baxmayaraq, o razılaşmayıb. Bu barədə ona sual verəndə deyib ki, məni tanımaq istəyən hər kəs filmlərimə baxsın. Filmlərində yaşayan rejissor, yaxşı ki, doğulmuşsunuz!
Cəmilə Hətəmxanova
-
Sosial03:43Sənəd dəyişdirildi, evlər satıldı - VİDEO
-
Region01:41SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ
-
Magazin100:15Rəqsanənin qızıları arasında nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Artıq nəyi istədiyinizi bilirsiniz
-
Elm və təhsil21 Aprel 23:48Ölkə ikincisi Aylin uğurun SİRRİNİ AÇIQLADI
-
MDB21 Aprel 23:24Sovet İttifaqı Qəhrəmanı vəfat etdi
-
Elm və təhsil21 Aprel 22:24Azərbaycan məktəblərində "Son Zəng" bu tarixdə çalınacaq
-
Magazin121 Aprel 21:12Vüsalənin "BREND" SEÇİMLƏRİ - Bir gecəlik görünüşün qiyməti neçəyədir?




























.jpg)
.jpg)









