Britaniyada tələbə ovu: “Pul kuryerləri” işəgötürmə sxemi ifşa olundu
Bizi izləyin

Avropa

Britaniyada tələbə ovu: “Pul kuryerləri” işəgötürmə sxemi ifşa olundu

Britaniyada tələbə ovu: “Pul kuryerləri” işəgötürmə sxemi ifşa olundu

Böyük Britaniyada çirkli pulların yuyulmasında şübhəli bilinərək saxlanılanların əksəriyyətini 30 yaşından kiçik şəxslər təşkil edir, tələbələr, o cümlədən əcnəbilər isə xüsusilə həssas qrup hesab olunurlar.

Publika.az xəbər verir ki, bu barədə məlumat Cardiff Universitetinin saytında (ORCA) dərc olunub.

Qeyd edilib ki, bu nəticəyə Cardiff Universiteti və Qərbi İngiltərə Universitetinin tədqiqatçıları gəliblər.

Alimlər ilk dəfə olaraq İngiltərə və Uels ərazisində polis tərəfindən üstü açılan çirkli pulların yuyulması ilə əlaqədar cinayətlərin miqyasını təhlil ediblər. Məlumat azadlığı haqqında qanuna uyğun olaraq təqdim edilmiş sorğular əsasında 30 polis bölməsindən əldə edilən məlumatlar 2020-ci ilin yanvarından 2025-ci ilin yanvarınadək olan dövrü əhatə edir.

Həmin müddət ərzində 2002-ci il tarixli cinayət yolu ilə əldə edilmiş gəlirlər haqqında qanuna əsasən, çirkli pulların yuyulması işləri üzrə 14 493 saxlanılma qeydə alınıb. 30 yaşından kiçik şəxslərin payına 8 956 saxlanılma düşüb. Ümumilikdə polis belə işlər üzrə 7 735 ittiham irəli sürüb.

Mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə regional bölmələrin və London Siti polisinin əməkdaşları ilə aparılan müsahibələr və sorğular göstərib ki, gənclər, xüsusilə də tələbələr cinayətkar qruplaşmalar üçün cəlbedici hədəfə çevrilirlər. Qruplaşmalar onları “pul kuryerləri” qismində işə cəlb edirlər.

“Pul kuryerləri” elə şəxslərə deyilir ki, onlar öz bank hesabları vasitəsilə cinayət yolu ilə əldə edilmiş vəsaitləri köçürür, cinayətkarlara həmin vəsaitlərin mənşəyini gizlətməyə və hüquq-mühafizə orqanlarının işini çətinləşdirməyə kömək edirlər.

Tədqiqatçıların fikrincə, tələbələr maliyyə çətinlikləri, risklər barədə kifayət qədər məlumatsız olmaları və cinayətkarların onları manipulyasiya etmək bacarığı səbəbindən xüsusilə həssas ola bilərlər. Eyni zamanda məlum olub ki, saxlanılanlar arasında tələbələrin dəqiq sayını müəyyən etmək qeyri-mümkündür.

Tədqiqatçılar həmçinin britaniya qanunvericiliyindəki boşluğa diqqət çəkiblər. Universitetlər və digər ali təhsil müəssisələri çirkli pulların yuyulmasına qarşı qaydaların şamil olunduğu təşkilatların siyahısına daxil deyil. Xüsusilə də, bu normalar tənzimlənən təşkilatları çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhələr barədə Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinə məlumat verməyə məcbur edir.

Tədqiqat müəlliflərinin fikrincə, bunun ucbatından hüquq-mühafizə orqanları universitetlərdən məhdud həcmdə məlumat alırlar. Nəticədə diqqət əsasən sxemlərin ayrı-ayrı iştirakçılarının üzərində cəmləşir, mütəşəkkil cinayətkar şəbəkələrin fəaliyyəti isə daha az nəzərə çarpan olaraq qalır.

Tədqiqat, həmçinin əhəmiyyətli regional fərqləri də aşkar edib. 2002-ci il tarixli Cinayət yolu ilə əldə edilmiş gəlirlər haqqında qanunun 327-ci maddəsi ilə qeydə alınmış cinayətlərin ən böyük sayı Böyük Mançesterdə (570 fakt), Mersisaydda (566 fakt) və Lesterşirdə (485 fakt) qeydə alınıb. Onlardan sonra London polisi (404 fakt), həmçinin Devon və Kornuoll (327 fakt) gəlir.

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən hazırlanmış çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin 2025-ci il üzrə milli qiymətləndirilməsi sənədində də məktəblər və universitetlər yaranmaqda olan həssas sahələr kimi göstərilib. Səbəblər sırasında hakimiyyət orqanları təhsil müəssisələrinin beynəlxalq miqyasını, onlar vasitəsilə əhəmiyyətli maliyyə vəsaitlərinin hərəkətini və nisbətən zəif nəzarəti qeyd ediblər.

Eyni zamanda problem təkcə böyüklərə aid deyil. Ədliyyə Nazirliyinin məlumatına görə, həmin dövrdə çirkli pulların yuyulmasına görə 108 yeniyetmə və 18-24 yaş arası 420 gənc məhkum edilib.

Tədqiqat müəllifləri polisin, universitetlərin və maliyyə sektorunun qarşılıqlı fəaliyyətini gücləndirməyə, məlumat mübadiləsini yaxşılaşdırmağa və maliyyə cinayətlərinə qarşı mübarizə resurslarını artırmağa çağırırlar.

Hüquq-mühafizə orqanları isə öz növbəsində xəbərdarlıq edirlər ki, çirkli pulların yuyulması sxemlərində iştirakı “zərərsiz” cinayət hesab etmək olmaz. Belə şəbəkələr vasitəsilə narkotik və silah alveri, insan alveri və uşaqların istismarı ilə əlaqədar vəsaitlər keçə bilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm