Bilgi.az
Öpüşməkdən qorxmayın!
Bəli, bəli! Mühafizəkar cəmiyyətlərin əxlaqsızlıq kimi yozduğu bu sevgi dolu prosedurun insan orqanizmi üçün böyük faydaları var. Bunu mən demirəm. Öpüşün insan orqanizmi üçün faydalı olması qənaətinə İngiltərənin Leeds Universitetinin alimləri birgə araşdırmalardan sonra gəliblər.
İngilis alimləri hesab edirlər ki, insan orqanizmində olan bir çox bakteriyalar məhz öpüşərkən öz təsirini itirir, öpüşmək insanda bakteriyalara qarşı immuntet yaradır. Eyni zamanda öpüş ağrılarıların, stressin və depressiyanın qənimidir.
Öpüşmək boyun və üz əzələləri üçün də faydalıdır. Öpüşərkən 27 boyun əzələsi fəaliyyətə başlayır və bu da dəridə qırışlar yaranmasının qarşısını alır. Bir sözlə, ingilis elm adamları hesab edir ki, öpüşmək insan ömrünü uzadır.
Bəs bizim cəmiyyətdə öpüşməyə və öpüşənlərə münasibət necədir? Məncə, vəziyyət olduqca acınacaqlıdır.
Özümüzü nə qədər sivil toplum hesab eləsək də bizim cəmiyyətin hələ də çox ciddi tabuları var. İctimai yerlərdə iki gəncin öpüşməsi az qala cinayət sayılır. Əgər sevgilinlə Milli Parkda öpüşürsənsə, həmən dəqiqə polis başının üstünü kəsdirəcək, uzun bir nitq irad edib səni və sevgilini əxlaqsızlıqda günahlandıracaq, sonra isə səndən qeyri-rəsmi cərimə tələb edəcək.
Sən isə yanındakı qızın polis şöbəsinə aparılmasından sonrakı prosesləri göz önünə gətirib çar-naçar, bizi qoruyan polisimizin “öpüşpulunu” verib baş götürüb gedəcəksən Milli Parkdan.
Bir andaca içindəki əndişə bütün ülvi hissləri məhv etmiş gənc oğlan və qız öpüşfobiyaya tutulacaq və hər dəfə dodaqlarını bir-birinə yaxınlaşdıranda bulvarda onları “iş başında” yaxalayan polis gələcək gözlərinin önünə. Öpüşməyin bütün dadı-duzu, yaşadığın bütün xoş anlar və hisslər səni qoruyan polisin bircə kəliməsi ilə uçub dağılacaq.
Yəqin gənclərimizin çoxunun başına gəlib bu tip hadisələr. Polis əvvəlcə mehriban cütlükləri gözaltı edir, sonra asta-asta onları müşahidəyə alır, cütlüklər hisslərini bədən dili ilə bir-birinə anlatmağa çalışdıqları anda böyürdən qəfil peyda olur və deyir: “Qaqaş bura sənin üçün Avropa deyil, camaatın anası-bacısı var…”
Nə isə, bu barbar münasibət haqqında düşünəndə əsəblərimi cilovlaya bilmirəm. Axı, öpüşmək cinayət faktı, əxlaqsızlıq deyil. Bütün sivil və normal toplumlarda insanlar bu məsələyə olduqca normal yanaşır. Bizdə polis bir qırağa, öpüşən cütlükləri yad planetdən gəlmişlər kimi müşahidə edən insanlarımızı görəndə adam iyrənir.
Məncə, öpüşənlər yox, onlara mane olanlar, görməmiş kimi baxanlar daha çox əxlaqdışı davranış sərgiləyir.
Öpüşdən söz düşmüşkən, bir məsələyə də münasibət bildirim. Gənc aktivistlər, "İdea" Gənclər Təşkilatının sədri Azər Aydın və onun nişanlısı Aygül Aydının İranın Türkiyədəki səfirliyi önündə küçəyə uzanıb öpüşmələri bir neçə gündür gündəmdədir.
Bu barədə din xadimlərindən tutmuş siyasilərə qədər hər kəs fikir söyləyir, gəncləri xaricdə ölkəmizin imicini zədələməkdə, əxlaqsızlıqda ittiham edirlər. Bu cür sadə bir hadisəni az qala ölkənin namusunun ləkələnməsi kimi qələmə verirlər.
Mən isə tamam başqa düşüncədəyəm. Mühafizəkar, insan hüquq və azadlıqlarından bixəbər bir ölkəyə - İrana qarşı bu etiraz formasını səmimi qəlbdən dəstəkləyirəm və imicimizə heç bir zərbə dəymədiyini düşünürəm. Məncə, Azərbaycanın imici Azərlə Aygül öpüşəndə yox, torpaqlarımızın 20 faizi işğal olunanda zədələnib.
Namus məsələsindən isə heç danışmayaq. Dubayı, Türkiyəni “fəth edən” azərbaycanlı fahişələri yadınıza salın və susun!
Azərlə Aygülün bu etirazı alqışa layiq olsa da, onları hələ də hədələyən və qorxutmağa çalışanlar var. Nə baş verir, iranpərəstlər?
İrana yarınmaq üçün pafoslu fikir söyləyənlər bilsin ki, əxlaqsızlıq küçəyə uzanıb öpüşmək deyil. Əxlaqsızlıq insan hüquqlarını pozmaq, günahsız insanları zindanlara doldurmaqdır. Əxlaqsızlıq 35 milyon insanı öz ana dilində təhsildən məhrum etməkdir. Əxlaqsızlıq islam dinini zor və terror dininə çevirib gözdən salmaqdır.
Son olaraq üzümü gənclərə tuturam. Öpüşün! Harda öpüşmək istəyirsinizsə, rahat-rahat öpüşün. Əsas odur ki, vicdanınız və şərəfiniz təmiz olsun! Və əmin olun ki, etdiyiniz hərəkət əxlaqsızlıq deyil…
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA