“Quli”nin qardaşının uğursuz ekspansiyası - Azərbaycanlı avtoritetlər arasında SAVAŞ BAŞLAYIB
Bizi izləyin

Cinayət dünyası

“Quli”nin qardaşının uğursuz ekspansiyası - Azərbaycanlı avtoritetlər arasında SAVAŞ BAŞLAYIB

Qədəm qoyduğumuz 2018-ci ildə “qanuni oğrular” dünyasında maraqlı hadisələrin baş verməsi gözlənilir.

Publika.az xəbər verir ki, “Rosbalt” agentliyinə görə, gözləntilərin bir neçə səbəbi var.

Birincisi, həbsxanadan üç “qanuni oğru” çıxacaq və onlar kriminal aləmdə güclərin bölgüsünə ciddi təsir etməyə qadirdirlər. İkincisi, azərbaycanlı avtoritet Nadir Səlifov (“Lotu Quli”) təsir sahələrini genişləndirmək üçün fəal mübarizə aparacaq və bu, çoxsaylı qurbanlara gətirib çıxara bilər. Üçüncüsü, “bir nömrəli qanuni oğru” və ya kriminal dünyanın “kralı” adı uğrunda mübarizə kəskinləşəcək.

“Lotu Quli”

2017-ci il “oğru” dünyasında ən gözəçarpan hadisələrdən biri Nadir Səlifovun azad edilməsi oldu. Azərbaycanda həbsxanadan çıxdıqdan dərhal sonra Türkiyəyə gedən avtoritet burada şəxsi klanını formalaşdırmağa başladı və “qanuni oğru № 1” adına öz iddialarını elan etdi. Bunun üçün isə onun Rusiyada olması lazımdır. Buna görə də Rusiyaya gəlməsi üçün hazırlıqlar başlayıb. O, Moskvaya öz nümayəndəsini - qardaşı, həmçinin “qanuni oğru” Namiq Səlifovu göndərib. Namiq Azərbaycan diasporasının nümayəndələrinə əsas kriminal bossun kim olduğunu çox aydın şəkildə izah etməyə başlayıb. Əksəriyyət Səlifovların iddiaları ilə “döyüşsüz” razılaşırdılar. Bazarlar və böyük şirkətlərdən böyük pullar “Lotu Quli”yə çatırdı. Və yalnız bir obyekt onlar üçün əlçatmaz qalırdı - Kaluqa şossesindəki böyük bazar.

Kaluqa şossesində yerləşən ən böyük meyvə-tərəvəz bazası olan “Fud Siti”yə nəzarət etmək mümkün olmayıb. Bu bazara nəzarət edən “Rövşən Lənkəranski”nin qohumu Zaur və əslən Şəmkirdən olan Məhərrəm adlı şəxs Qulinin təklifini geri çeviriblər. Zaur Rövşənin ölümündən sonra da qohumunun bir sıra aktivlərini, həmçinin Kaluqa şossesindəki obyektlərini qorumağı bacarıb.

Belə vəziyyət “Quli”ni əsla qane etmir. Onun mövqeyi dəqiqdir: azərbaycanlılarda yalnız bir kriminal lider var və bu özüdür. Ancaq Namiq problemi həll etməyə tam müvəffəq olmayıb. Nadirin özü isə obyektiv səbəblərdən Moskvaya gələ bilməyib. Gözlənilmədən insan oğurluğu və pul qoparmalarda ittiham olunan “Quli” axtarışa verilib. Bundan sonra Namiq tələsik Türkiyəyə qayıdıb.

Qardaşlar Rusiyadakı bədbəxtliklərinə görə Zaur və Məhərrəmi gunahkar hesab etdiklərini gizlətmirlər. Və bu, cütlüyə yaxşı heç nə vəd etmir. Zaur və Məhərrəm güclü mühafizə olunur. Onlar ictimai yerlərdə meydana çıxmamağa çalışırlar. Tədqiqatçılar gözləyirlər ki, Zaur və Məhərrəmlə qardaşlar arasında “müharibə” 2018-ci ildə aktiv mərhələyə keçəcək və kifayət qədər çox sayda qurbanlarla nəticələnəcək.

Bildirilir ki, “Quli” yalnız Rusiyadakı azərbaycanlılar arasında deyil, həm də Türkiyədə keçmiş SSRİ-dən gəlmələr arasında “nömrə 1” olmaq istəyir. “Rosbalt”ın hüquq-mühafizə orqanlarındakı mənbələri David Alxanaşvilinin (“Dato Pankiski”) 2017-ci ilin dekabrında İstanbuldakı qətlini məhz bununla bağlayırlar. Nəzərə alsaq ki, Türkiyədəki bir çox “qanuni oğru”lar, həmçinin Merab Canqveladzenin klanı Səlifovu sevmirlər, deməli 2018-ci il bu ölkədə də çox “isti” olacaq.

Bundan başqa, Səlifovun Abxaziyada da həll olunmamış problemi qalıb. Bir sıra yerli “oğru”lar Raul Barsbanın (“Pıza”) başçılığı altında “Quli”nin iki adamını döyüblər. Bundan sonra Nadir Səlifov ən yaxın tərəfdarı və “ağır artilleriya”sını – “qanuni oğru” Rəşad İsmayılovu (“Rəşad Gəncinski”) Abxaziyaya göndərib. “Pıza”nın tərəfdarları tapançadan atəş açaraq Rəşadı yaralayıblar. Bunun “Quli” tərəfindən bağışlanmayacağı dəqiqdir.

“Taxt” üçün müharibə

Nadir Səlifov “bir nömrəli qanuni oğru” adının əsas hədəf olduğunu gizlətmir. 2017-ci ilin sonunda aydın oldu ki, “kral” Zaxariya Kalaşovu (“Şakro Molodoy”) ömürlük həbs gözləyir. Onun “kriminal general” postunda Vasiliy Xristoforovu (“Vasya Voskres”) görmək istədiyi bildirilir. O, mafiya dairələrində böyük çəkiyə malikdir və nüfuzlu slavyan “qanuni oğru”ların əksəriyyəti tərəfindən qəbul edilir. Amma o, “Quli”nin güclü təzyiqi qarşısında dayana biləcəkmi, böyük sualdır.

Taxta öz iddialarını həmçinin başqa avtoritetlər də, xüsusi halda, Eduard Asatryan (“Edik Osetrin”) və Dmitri Çanturiya (“Miron”) elan ediblər. Onlar hətta güclü klanlarını formalaşdırmağa başlayıblar. Məlumata görə, avtoritetlərin bir çoxu “Quli”nin tərəfindən dayanmağı seçiblər. Nəticədə, milliyyətcə erməni olan Asatryan başqa layihəyə diqqət ayırmağı üstün tutub: indi o, Donbasda kriminal fəaliyyətlərə başçılıq etməyə çalışır.

Taxta Laşa Şuşanaşvili (“Laşa Rustavski”) da iddia edə bilərdi. Amma məlumdur ki, o, artıq bir neçə dəfə “Quli” ilə ünsiyyət (xüsusilə Merab Canqveladzeyə ümumi nifrət mövzusunda) saxlayıb. Bu baxımdan, onların bir-birinə qarşı durması gözlənilimir.

“Taxt”ın digər iddiaçısı - Vladimir Tyurin isə iki hadisədən sonra yarışdan çıxmağa məcbur olub. Birincisi, onun əsas dayağı olan Yuri Piçuqini həbs etdilər. İkincisi, Ukrayna Rusiya Dövlət Dumasının sabiq deputatı Denis Voronenkovun qətlində Tyurini ittiham etdi.

Həbsxanadan kimlər çıxacaq?

2018-ci ildə üç nüfuzlu “qanuni oğru” azadlıq çıxacaq. Onlar çətin ki, “taxt”a iddia edəcəklər, amma kriminal aləmdə qüvvələrin yerləşməsinə ciddi təsir edə bilərlə.

Bunlardan biri Badri Koquaşvilidir (“Badri Kutaiski”). Onun ən nüfuzlu “slavyanlar”la və Kutaisi klanı ilə yaxşı münasibətləri var.

Azadlığa həmçinin Ramaz Dzneladze (“Ramaz Kutaiski”) çıxmalıdır. O, Kutaisi klanının lideri Tariyel Onianinin (“Taro”) tərəfdarıdır.

2018-ci ildə azaqlığa çıxacaq digər “qanuni oğru” Əhməd Dombayevdir (“Əhməd Şalinski”). O, son dərəcə perspektivli “qanuni oğru” hesab edilir.

“Əhməd azadlıqda “Quli”dən heç də daha az aktiv olmayacaq. Onu “qanuni oğru”ların bütöv qrupu dəstəkləyir. Dombayeva fəallığının hansı istiqamətə yönələcəyini isə vaxt göstərəcək”, - “Rosbalt”ın həmsöhbəti qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm