İstanbul qəbiristanlığında qətl: Üzeyirin öldürülməsini FETÖ-yə erməni diasporu sifariş verib?
Bizi izləyin

Cinayət dünyası

İstanbul qəbiristanlığında qətl: Üzeyirin öldürülməsini FETÖ-yə erməni diasporu sifariş verib?

22 il əvvəl "Alarko" Holdinqin qurucu həmsədri, doktor Üzeyir Qarihini 11 bıçaq zərbəsi ilə qətlə yetirən Yener Yermezin cinayət işinin üzərindən duman pərdəsi qaldırılmadı. O zaman əsgər olan və Qarihi pulunu vermədiyi üçün öldürdüyünü iddia edən Yermez, təxminən bir il davam edən məhkəmə prosesi nəticəsində 8 noyabr 2002-ci ildə ömürlük həbsə məhkum edilib. Ali Məhkəmənin şikayətini rədd etdiyi Yermez hələ də həbsdədir.

Publika.az xəbər verir ki, Üzeyir Qarih qətl günü "Alarko" Holdinqdə Bolqarıstan baş nazirinin müavini Nikolay Vasilev ilə görüşmüşdü. Onun sürücüsü və mühafizəçisi məzuniyyətdə idi. O, saat 14.00-da Eyüp Sultan qəbiristanlığına gedib və fərari Yener Yermez tərəfindən öldürülüb.

Yermezə verilən ömürlük həbs cəzasını 18 il əvvəl Ali Məhkəmə qüvvədə saxlayıb. Bütün bu vaxt ərzində isə qətlin sirri tam aydınlaşdırılmayıb. Onlarla cavabsız sualın olduğu fayla aydınlıq gətirilməyib. Çünki qətlin üstündən 20 il keçib və iddia müddəti başa çatıb.

Qarihin dostu Doğan Kasadolunun "Adi bir cinayət deyil, arxasında bir təşkilat ola bilər" iddiası ilə bağlı prokurorluğa edilən şikayətə baxılmasında da bu günə qədər heç bir irəliləyiş əldə olunmayıb. İstintaq dosyesi ilə bir çox prokurorlar maraqlanıblar. Qətlin arxasında sirrini açmaq mümkün olmayan bir təşkilatın olub-olmadığını və ya qətl zamanı başqa bir şəxsin olub-olmadığını müəyyən etmək mümkün olmayıb.

Qarihin dostu, yəhudi iş adamı Doğan Kasadolu, "Qətli təhrik edən Amerikadakı erməni diasporu, onun subpodrarı da FETÖ ola bilər",- deyə iddia edib.

"Amerika yəhudiləri bir müddət erməni soyqırımı iddialarını qəbul etmiş kimi görünürdü. Ermənilərin məqsədi yəhudilərdən güc almaq idi. Türk yəhudiləri bundan xəbər tutanda Üzeyir Qarih bəzi dostları ilə birlikdə Amerikaya getdi. Dedilər ki, belə bir soyqırım olmayıb. Amerika yəhudiləri də “Yaxşı, amma biz ermənilərlə müqavilə bağladıq. Bunun müqabilində 1 milyon dollar aldıq. Biz bu pulu qaytarmalıyıq. Amma seyfimizdə pulumuz yoxdur”,- deyə bildirdilər. Bunun üzərinə Üzeyir Qarih şəxsi hesabından bir milyon dollar ödəyib. Pulu da erməni lobbisinə veriblər. Nəticədə yəhudi lobbisi ermənilərə verdiyi vəddən imtina etdi".

Qətldə erməni lobbisi ilə FETÖ arasında əməkdaşlığa işarə edən Kasadolu bildirib ki, erməni diasporu bu işə görə Üzeyir Qarihə qəzəblənib.

"Yəni təhrik edən Amerikadakı erməni diasporudur, FETÖ isə onun subpodratçısıdır. Edamı FETÖ-yə etdiriblər. Qarih erməni məsələsində ağırlığı olan bir şəxs idi. Bu yolla belə böyük bir adı məhv etdilər. Fayl FETÖ üzvü Zekeriya Özdə olub. Heç bir tədbir görmədilər. Belə desək, bunu ört-basdır edən onlar olub. FETÖ təşkilatı subpodratçı kimi istifadə edilib. Gözləntilərim budur ki, bu fayl dövlətimiz tərəfindən həll olunacaq".

Cinayətdə cavablanmayan suallar var.

"Qətlin törədildiyi bıçaq hadisənin baş verdiyi yerdən 10 metr aralıdakı qəbirdə basdırılıb. Metal detektorlarla aparılan geniş axtarışlara baxmayaraq, bu bıçaq niyə 11 gün sonra tapıldı? Yermez bir jurnalistə yazdığı məktubunda "Qətllə bağlı məsuliyyəti öz üzərimə götürmək müqabilində mənə 1,5 milyon dollar təklif etdilər. Qəbul etməsəm, ölümlə hədələndim" deyib.

Bu iddia niyə araşdırılmadı? Hadisə yerində qadın qanı aşkar edilib. Yermez, Meral adlı qadından danışıb. Onun kim olduğunu tapmaq mümkün olmayıb. “Mən qətli oğurluq üçün törətmişəm”, - deyə Yermez bildirib. Lakin o, Qarihin qolundakı 50 min dollarlıq saatı və pul kisəsini götürməyib. Niyə?

Yermezin iddiasına görə, onun üzərində yalnız kiçik qan ləkəsi tapılıb. Lakin Qarihə 11 bıçaq zərbəsi vurulub. Yermez həmin gün geyindiyi bütün paltarları dəyişibsə, şkafındakı şalvarın üzərinə qan ləkəsi necə düşüb? Qətl törədərkən əlcəkdən istifadə etmədiyi məlum olan Yermezin cinayət yerində niyə barmaq izi tapılmadı?

Hadisə baş verən gün Qarihin telefonu ilə kimə və ya kimlərə zəng etməsi heç araşdırılmayıb? Zəng edilən və yığılan nömrələr sirr kimi saxlanılırdı. Qarihin niyə Eyüp qəbiristanlığına tək getdiyi məlum deyil. Hadisə zamanı Qarihin qolundakı qiymətli əşyalara və pulqabına toxunulmaması qətlin tamah məqsədilə törədildiyi tezisini təkzib edir".

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm