Zərrabın həbsi... Yaxud İran öz övladlarını niyə “yeyir”?
Bizi izləyin

Dünya

Zərrabın həbsi... Yaxud İran öz övladlarını niyə “yeyir”?

“İnqilab öz övladlarını yeyir” - Fransada Napoleon dövründə məşhurlaşan bu sözlər İranın Azərbaycan əsilli iş adamı Rza Zərrabın ABŞ-da həbsi ilə yenidən yada düşür.

Rza Zərrab kimdir sualına çoxlu cavablar var. Amma gerçək odur ki, Azərbaycan əsilli biznesmen Qərbin öz kapitalını “uşağa oyuncaq kimi verdiyi” və haqlarında “uğur hekayələri” uydurduğu Xodorkoviski, yaxud Abramoviç kimi milyarderlərdən fərqlənir. O, İranın məşhur valyuta taciri olan Zərrab nəslinin yetirməsidir və yayılan məlumatlardan belə görünür ki, İran inqilabına xidmət edib.

Böyük liderimiz Ayətullah Xamneyinin və Mərkəzi Bankın hörmətli rəhbərlərinin sanksiyalar qarşısında oynadığı rol, sanksiyaları təsirsiz hala gətirib, hətta onları özəl metodların istifadə edilməsi sayəsində əlverişli fürsətə çevirib. Əsas fəaliyyətin sanksiyaların artırılmasına və sərtləşdirilməsinə yönəldiyi sirr deyil və İran İslam İnqilabının müdrik liderinin bu il İqtisadi Cihad ili olacağını elan etməsindən bəri, valyuta məsələsində yarım əsrlik təcrübəyə malik Zərrab ailəsi maliyyə və valyuta sanksiyalarına qarşı siyasətin həyata keçirilməsi üçün hər cür əməkdaşlığa hazır olduğumuzu milli və əxlaqi vəzifəmiz olaraq bildiririk...”

Amerikalı xəfiyyələrin Rza Zərrabın elektron poçtundan ələ keçirdikləri bu məktub da belə deməyə əsas verir.

Hazırda ABŞ-da saxlanılan Zərraba qarşı irəli sürülən ittihamların ümumiləşdirilmiş adını belə ifadə edə bilərik: İrana qarşı sanksiyaların tətbiq edildiyi zamanlarda ölkə iqtisadiyyatını ayaqda saxlamaq üçün müxtəlif yollara əl atmaq.

Bəlkə də Zərrab ailəsi bu işdən milyonlar qazanıb. Amma fərqi yoxdur, söhbət bir vətəndaşın qanunsuz da olsa öz ölkəsinə, yaxud o ölkəyə rəhbərlik edənlərə xidmətindən gedir. Məktubdan da görünür ki, Zərrab İranın “dərin dövləti” hesab olunan inqilab keşikçilərinin - Üləmalar Məclisinin, dolayısı ilə Xamneyinin göstərişlərini yerinə yetirib.

Səddam Hüseynin dönəmində İraq da ABŞ sanksiyaları qarşısında duruş gətirmək üçün eyni yollara əl atmışdı. Amerika İraqın əsas gəlir mənbəyi olan neftini bazara çıxarmağa imkan vermirdi. Çünki rəsmi Bağdad onun dediklərinə əməl etmir, yaxud kobud desək “dikbaşlıq” edirdi. Amma İraq neftini müxtəlif yollarla bazara çıxarır və ölkəyə az da olsa kapital axırdı. Səddam bunun cəzasını boğazına keçirilən kəndirlə ödədi.

İran da zamanında ABŞ qarşısında duruş gətirməyin cəzasını indi ödəyir və daha dəhşətlisi odur ki, o, öz balalarını bir-bir “yeyir”.

Zərrabdan öncə onun ortağı hesab olunan Babək Zəncani ölüm hökmünə məhkum edildi. Onun da günahı təxminən eyni idi: anti-sanksiya mexanizmi qurmaq. Zərrab Zəncanidən fərqli olaraq, İranda deyil, Türkiyədə yaşayırdı. Əgər o da İran sərhədləri daxilində olsaydı, güman ki, Zəncanidən fərqli tale yaşamayacaqdı.

1. ABŞ Zərrabı “qara siyahı”ya salmamışdı, yaxud onu İnterpol vasitəsilə axtarışa verməmişdi.

2. Zərrab rahat şəkildə ABŞ-a səfər etmək üçün viza ala bilmişdi.

Bu iki məqam isə ABŞ-ın Zərrabı həbs etmək üçün əvvəldən xüsusi plan hazırladığını deməyə əsas verir. Bu, xəfiyyəçilik oyununda ABŞ üçün böyük uğurdur.

İran “dərin dövlətinə” xidmət etmiş şəxslərin həbsi, yaxud hansısa formada cəzalandırılması isə Vaşinqtonun Tehran üzərində siyasi uğuru hesab oluna bilər. Amma 1979-cu ildən sonra dünyanı qarşısına alan İranın 37 il sonra necə “ələ alındığı” xüsusi maraq doğurur.

Proseslərin inkişafı İranda indiyə qədər monolit hakimiyyətin olmadığını aydın şəkildə göstərdi.

Mühafizəkarlar: Ayətullah Xamneyinin rəhbərliyi altında olan SEPAH (İran İslam İnqilabi Keşişçilər Korpusu) və “Bəsic” (Xüsusi təyinatlı ordu) kimi güc strukturları.

İslahatçılar: Həsən Ruhani, Haşimi Rəfsəncani, Mehdi Kərrubi, Ətaullah Muhacirani, Rəhim Məşayi, Məhəmməd Xatəmi və digərlərinin rəhbərlik etdiyi qrup.

Görünən odur ki, bu iki cəbhə arasında İrana hakim olmaq uğrunda mübarizə gedib və hər biri ölkəni öz istədiyi istiqamətə yönəltmək istəyib.

Mühafizəkarlar Qərbə qarşı daim cəbhə açıblar və daha çox Rusiya ilə əməkdaşlıq ediblər. Lakin bu əməkdaşlıq İranın Rusiyanın təsirində olması deyil. Sadəcə olaraq, Rusiya İran üçün Qərbə qarşı mübarizədə müttəfiq olub. Və bu qrup üçün Qərbin liberal dəyərləri qorxulu kabus kimidir.

İslahatçılar isə birbaşa liberal dəyərlərə üstünlük verir və ABŞ-Avropa cütlüyü ilə sıx təmasda olublar.

Bu ilin 26 fevral tarixində keçirilən Üləmalar Məclisinə (İranı faktiki olaraq idarə edən qurum – red.) və parlament seçkilərinə qədər islahatçılar kölgədə qalırdı. Dolayısı ilə ABŞ İrana təsir etmək əzmində deyildi. Hətta son üç ildə İrana rəhbərlik edən islahatçı Ruhani də mühafizəkarların çoxluq təşkil etdiyi Üləmalar Məclisi qarşısında sərbəst hərəkət edə bilmirdi. Amma Ruhaninin üç il öncə prezident seçilməsi, liberal mesajlar verməsi, sosial şəbəkələrdən istifadə etməsi, hətta “Yeni il yolkası” ilə foto çəkdirib paylaşması islahatçıların – ABŞ-ın İrana yavaş-yavaş sirayət etdiyini göstərdi.

Ruhaninin prezident seçilməsindən sonra islahatçılarla mühafizəkarlar arasında İranın idarə olunması uğrunda mübarizə daha açıq müstəviyə keçdi. Parlament seçkilərinə təxminən üç ay qalmış isə mübarizə daha qızğın şəkil aldı. İki nümunə bunu aydın şəkildə göstərir.

1. 2015-ci ilin noyabr ayında Cənubi Azərbaycandakı soydaşlarımız İranın Radio-Televiziya Təşkilatı tərəfindən “tualet fırçası” ilə təhqir olundu. Sonradan ortaya çıxan iddialar əslində bunun parlament seçkilərinə hesablanmış gediş olduğunu deməyə əsas verirdi. Belə ki, islahatçılar Ayətullah Xamneyinin səlahiyyətlərinə daxil olan Radio-Televiziya Təşkilatında azərbaycanlıları təhqir edir, daha sonra buna qarşı keçirilən etiraz aksiyalarını mühafizəkar qanada məxsus SEPAH və “Bəsic” yatırır. Bu da seçkilərdə Azərbaycan türklərinin islahatçılara səs verməsini təmin edir.

2. 2016-cı ilin ilk günlərində Səudiyyə Ərəbistanının şiə məzhəbinə məxsus Ən-Nimrinin edamından sonra İranda ərəblərin səfirliyinə hücum edildi. Nəticədə qarşıdurma məzhəb savaşı səviyyəsinə çıxdı. Burada İranda səfirliyə təşkil olunan hücum diqqətdən qaçmadı. Aparılan təhlillər ehtimal etməyə imkan verirdi ki, bu hücum məhz mühafizəkarlar tərəfindən təşkil olunub. Məqsəd Qərblə nüvə məsələsində razılığa gələn islahatçıların Ər-Riyadla, yəni ABŞ-ın müttəfiqi ilə münasibətlərini pozmaq və razılığa mane olmaq idi. Çünki Qərb-İran yaxınlaşması mühafizəkarları təşvişə salır, onlar ABŞ-ın İran üzərində güclü təsirə malik olacağından ciddi şəkildə narahatdırlar.

Mühafizəkarlar bununla həm də seçkilərin nəticələrinə təsir etməyi düşünürdü. Birincisi, İranın xarici ölkələrlə pis münasibətlərə sahib olması, hətta müharibə səviyyəsinə çatdırılması Ruhani iqtidarının ayağına yazılacaq və bu, onun seçkidə səs itirməsi ilə nəticələnəcək. İkincisi, ona dəstək verən Qərb bu siyasəti qəbul etməyərək arxasından çəkiləcək.

Nəhayət seçki günü yetişdi və mühafizəkarlar 37 il sonra “zəfər çələngini” təhvil verməli oldu. Nəticələrə görə, Üləmalar Məclisinin 88 üzv yerindən 52-ni islahatçı qanad əldə etdi. Həmçinin, parlamentdə də islahatçılar çoxluğa nail oldu. Bu nəticə islahatçılara hətta İranın ali dini rəhbərini seçmək imkanı verir. Yəni artıq “zəfər çələngi” liberalların başındadır, dolayısı ilə həm də Qərbin.

Bu qalibiyyətdən sonra Amerika onu aldadanları – anti-sanksiya mexanizmində iştirak edənləri cəzalandıracağı gözlənilən idi. Və burada tarix diqqət çəkir: fevralın 26-da seçkidə qələbə əldə olundu, martın 6-da Zəncaniyə edam cəzası verildi, 22 mart tarixində isə Zərrab ABŞ-da həbs olundu. ABŞ on illərlə nail ola bilmədiyinə 25 günə əldə etməyə çalışdı və müəyyən qədər buna nail də oldu. Bu həm də 37 il sonra İranda ikinci inqilabın – liberal inqilabın baş verməsi idi. Və bu inqilab öz övladlarını yedi.

Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm