Ərdoğan planlarını açıqladı: ilk səfəri Azərbaycana edəcək
Bizi izləyin

Dünya

Ərdoğan planlarını açıqladı: ilk səfəri Azərbaycana edəcək

Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin 13-cü ildönümü münasibətilə keçirilən mərasimdə jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, “Baş nazir kim olacaq?” sualına cavabında Ərdoğan bildirib ki, bu barədə partiya olaraq qərar verəcəklər: “Ayın 28-də olmaya bilər, amma 29-da bunu edərik. İndi nəsib olsa, şənbə günü MYK-da toplanacağıq və orda bu məsələni yenə gündəmə gətirəcəyik. Partiyamızın bütün qurumlarının ortaq qərarı ilə bunu açıqlayacağıq”.

Türkiyə prezidenti ilk dövlət səfərini Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinə edəcəyini bildirib.

O, CHP və MHP ilə münasibətlərə də aydınlıq gətirib. Bildirib ki, yeni Türkiyəyə yeni müxalifət lazımdır: “Amma adət etdiyimiz kimi deyil, yeni qurulan, fərqli müxalifət olmalıdır. Bu baş verərsə, Türkiyə qazanar, eyni zamanda, özləri də qazanar. Bunu açıq və konkret olaraq ortaya qoymağımız lazımdır”.
Ərdoğan MHP sədri Dövlət Baxçalını tənqid edərək “o heç niyyətli deyil” deyə bildirib: “O, 16-17 ildir ki, getməyə heç niyyətli deyil. Onların niyyətli olmadığı yerdə gərək partiya mənsubları hərəkətə keçsin. Hazırkı durumdan belə çıxır ki, partiya mənsubları da bundan razıdır, topladıqları səs və əldə etdikləri "uğur" onları qane edir”.
Daha sonra CHP-ni tənqid atəşinə tutan Ərdoğan 2015-ci il parlament seçkiləri ilə bağlı mesajlar verib: “2015-ə yaxşı hazırlanmağımız lazımdır. AKP Türkiyənin gülən üzü, sığortasıdır”.

Yeni prezident Türkiyənin öz avtomobilini istehsal edəcəyini bildirib.
“2023-cü ilə uğurla, çox fərqli bir Türkiyə ilə girməyimiz lazımdır. İstər milli hasilatla, istər xarici borcun ödənməsi, ixracat və digər sahələrdəki uğurlarla getməliyik. Müdafiə sənayesi uğurla inkişaf edir. Bir şeyi qeyd etmək istəyirəm - öz avtomobilimizi istehsal edəcəyik. Hazırda pilotsuz təyyarəni istehsal edirik, inşallah, öz təyyarələrimizi də özümüz istehsal edəcəyik”, - deyə o vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm