Putinin “qazlı” hədəsi Qərbin“ qazı”nı alacaqmı? - Təhlil
Bizi izləyin

Dünya

Putinin “qazlı” hədəsi Qərbin“ qazı”nı alacaqmı? - Təhlil

Rusiya prezidenti Vladimir Putinin Serbiya səfəri zamanı etdiyi “Avropa qazsız qala bilər” xəbərdarlığına Avropanın cavabı gecikməyib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropa Komissiyası Rusiya qazının bütün istiqamətlər üzrə çatdırılmasının dayandırılması ilə bağlı tövsiyələrini hazırlayıb.

Bildirilir ki, tövsiyələrin hədəfi Rusiyadan qaz idxalının dayandırılmasından sonra mənfi effektin minimallaşdırılmasıdır.

“Bütün istiqamətlər üzrə Rusiya qazının çatdırılmasının tam olaraq dayandırmasından söhbət gedir. Həm Ukrayna marşrutu, həm də altı ay ərzində “Şimal axını” üzrə”, - deyə Avropa Komissiyasının nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.

Avropa Komissiyası tövsiyə edir ki, Avropa Birliyi ölkələri Rusiya qazının idxalının mümkün dayandırılmasına hazır olmaq üçün üç istiqamətdə addımlar atmalıdır. Birinci qaz bazarının işinin stimullaşdırılması, xüsusi olaraq birləşdirici qaz kəmərlərinin imkanlarının maksimum artırılması, transsərhəd ticarətə qoyulan məhdudiyyətlərin ləğvi və üçüncü tərəflərin infrastruktura girişi haqqında qaydaların sürətli həyata keçirilməsi.

Bundan başqa, Avropa Komissiyası yeraltı qaz anbarlarından istifadəni optimallaşdırmağı vacib hesab edir. Xüsusi olaraq təklif edilir ki, yeraltı anbarlara qaz vuran operatorlar üçün stimullaşdıran tariflər müəyyənləşdirilsin. Avropa Komissiyası həmçinin artıq planlaşdırılan infrastruktur layihələrinin müəyyən olunmuş vaxtda həyata keçirilməsinin vacibliyini bildirib. Xüsusi halda, Litva və Polşada qazın mayeləşdirilməsi üzrə terminalların, həmçinin Slovakiya və Macarıstan arasında qaz kəmərinin tikintisindən söhbət gedir.

Bütovlükdə Avropa Komissiyasında hesab edirlər ki, təklif edilən bütün ölçülərin reallaşdırılması Rusiya qazının idxalının mümkün dayandırılmasından yaranacaq mənfi effekti minimallaşdırmağa imkan verəcək.

Ötən ay Avropa parlamentinin polşalı deputatı Yatsek Sariuş-Volski bildirib ki, Avropa Birliyi Rusiya qazı olmadan 9 ay keçinə bilər.

O qeyd edib ki, Avropa Birliyi Rusiya Federasiyasına təsir etmək üçün böyük arsenalına malikdir. Rusiyanın Avropaya ixrac etdiyi təbii qazın kəsilmə ehtimalına gəlincə, avropalı deputat bildirib ki, şəxsi resurslar və alternativ təchizatçılar hesabına Avropa İttifaqı doqquz ay ərzində Rusiya qazı olmadan keçinə bilər. O, alternativ mənbələrin Əlcəzair və Norveç təbii qazı, o cümlədən ABŞ-ın şist qazı olduğunu qeyd edib.

Təsadüfi deyil ki, Moskva Avropa Birliyi ilə münasibətlərin kəskinləşməsinin arxasında məhz ABŞ-ın enerji maraqlarının dayandığı qənaətindədir. Moskva hesab edir ki, Vaşinqton Avropanın Rusiya qazından imtina etməsinə nail olandan sonra özünün şist qazını satmaq niyyətindədir. Deyilənlərin əsası da var. Böyük şist ehtiyatlarına malik olan ABŞ Rusiya qazını Avropa bazarından sıxışdırıb çıxarmaq niyyətindədri.

İllərdir ki, məlum olan, amma son illərə kimi çıxarıla bilməyən şist qazı ABŞ-ın hazırladığı müasir texnologiyalar ilə dünyanın enerji bazarlarındakı tarazlığı sarsıda bilər. Dünyanın bir çox ölkələrində axtarılan şist qazı enerji bazarlarındakı əsas oyunçularının da plan və mövqelərini dəyişdirməyə başlayıb.


Dünyanın artan enerji tələbatını və sahib olduğu böyük şist qazı ehtiyatlarını qiymətləndirən ABŞ artıq onun ixracına da başlayıb. Şist qazının çıxarılması işində ABŞ artıq önəmli bir yol qət edib və havaya külli miqdarda karbon qazı buraxan Çin də ABŞ ilə əməkdaşlıq qərarına gəlib.

ABŞ, Avstraliya, Kanada və Çin 20 il içində enerji istehsalında şist qazının payını 50 faizə çıxarmaq niyyətindədir. Meksika, Argentina və Braziliya kimi Latın Amerikası ölkələrinin də böyük şist qazı ehtiyatlarına sahib olduğu təxmin edilir. Bu günə qədər açılan şist qazı yataqlarının 99 faizi isə ABŞ-dadır. ABŞ şist qazının ixracı məsələsində isə son dərəcə təmkinli davranır. İndiyə kimi yalnız bir şirkətə ixrac üçün icazə verilib.


Son vaxtlara qədər şist qazının hasilatı çətin həyata keçirilən iş idi. Ancaq iki innovasiya texnologiyası – təbii ehtiyatların çıxarılması üçün üfuqi qazma və frekinq vəziyyəti dəyişib. Bunun nəticəsini təsəvvür etmək çətin deyil. Təkcə iqtisadi səmərə baxımından deyil, həm də geosiyasi mənada. Son zamanlara qədər Qərb qeyri-stabil Yaxın Şərqin və etibarsız Rusiyanın neft və qazından asılı idi. İndi hər şey dəyişib, çünki qazlı şist bütün dünyada, o cümlədən də Böyük Britaniyada var. Ən vacib xəbər odur ki, 2017-ci ildə ABŞ neft istehsalına görə Səüdiyyə Ərəbistanını geridə qoyacaq. ABŞ artıq dünyada böyük təbii qaz istehsalçısıdır və ehtimal olunur ki, 2035-ci ilə Yaxın Şərq neftinin və qazının 90 faizini Asiyaya ixrac ediləcək. Həmin vaxtı ABŞ demək olar heç nə idxal etməyəcək. Onilliklərlə bütövlükdə Qərb və Birləşmiş Ştatlar xarici siyasətini Yaxın Şərq nefti və qazından asılılığı nöqteyi-nəzərindən formalaşdırırdı. Lakin həmin dövrün arxada qaldığını da söyləmək olar.


Təxmini hesablamalara görə, şist inqilabı nəticəsində Yer kürəsi əhalisi 250 il qazla təmin ediləcək. Hazırda Avropa Rusiya enerjisindən çox asılıdır. Böyük enerji mənbəyi olan Şərqi Afrika isə öz enerjisini hazırda ABŞ-a satır. ABŞ özünü təmin edəndə isə Şərqi Afrika bu enerjini Avropaya sata biləcək.


Ancaq şist nefti ilə ABŞ-ın ixracatçıya çevrilməsinə inanmayanlar da var. Londondakı “Petroleum Argus” jurnalının redaktoru Richard Child deyir ki, Səudiyyə Ərəbistanında bir quyu ABŞ-ın şist neftinin əsas yeri olan Şimali Dakotadakı bir quyudan 26 dəfə çox neft verir və buna görə də ABŞ maya dəyərinə görə ixracatçılarla rəqabət apara bilməyəcək. ABŞ-da şist neftinin ehtiyatı təxminən 2 trilyon barreldir. ABŞ-da şist qazının ehtiyatı isə 24 trilyon kubmetrdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm